Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Hüquqların qorunması sahəsində qanunvericilik və normativ-hüquq bazası


1996-cı ildə «Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında» qanun qəbul etməklə Azərbaycan postsovet məkanında bu sahədə qanunvericilik bazası yaradan ilk ölkələrdən biri olmuşdur. Beynəlxalq ekspertlərin də etiraf etdiklərinə görə bu qanun demokratik, sivilizasiyalı cəmiyyətlərin meyarlarına uyğundur. «Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında» qanun müəlliflər (hüquq sahibləri), əsərlər və istifadəçilər arasında münasibətləri tənzimləyir, müəlliflik hüququnun milli qanunvericilik bazasını təmin edir.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1996-cı il tarixli sərəncamına əsasən bu qanunun tətbiqi və müəlliflik hüququ sferasının idarə olunması qaydaları müəyyən edilmiş, müəlliflik hüququ qanunvericiliyinin icrasına dair ən mühüm tədbirlərin həyata keçirilməsi təmin olunmuş və milli dövlət orqanının – Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin səlahiyyətləri müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 38 saylı 2 may 1997-ci il tarixli Qərarına uyğun olaraq və sonrakı hökumət qərarları əsasında müxtəlif əsər növləri üzrə minimal tarif hədləri təmin edilmiş, müəlliflik hüququ müqavilələrinin nümunəvi formaları təsdiq olunmuş, əsərlərin könüllü qeydiyyatdan keçirilməsi və onların qeydiyyatına dair şəhadətnamələrin verilməsi qaydaları və müəlliflik hüququ qanunvericiliyinin tətbiqində mühüm rol oynayan digər məsələlər nizama salınmışdır. Bununla bərabər, Müəllif Hüququ Agentliyi tərəfindən, Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla, qanunun icrasının təmin olunmasına köməklik göstərən bir sıra normativ-hüquqi aktlar və xidməti təlimatlar təsdiq edilmişdir.
Müəlliflik hüququna dair ayrı-ayrı müddəalar «Sahibkarlıq fəaliyyəti haqqında», «Mədəniyyət haqqında», «Kinematoqrafiya haqqında», «Memarlıq fəaliyyəti haqqında», «Şəhərsalma haqqında» , «Reklam haqqında», «Nəşriyyat işi haqqında» və s. kimi bir sıra mühüm qanunlarda öz əksini tapmışdır. Bütövlükdə, intellektual mülkiyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi kompleks xarakter daşıyır və dövlət, inzibati, maliyyə, əmək, prossesual və hətta cinayət hüququnun müddəalarını əhatə edir. Bu deyilənlər müəllif hüququnun kompleks, tamamilə müstəqil hüquqi institut olması haqda, onun, tənzim edilən münasibətlərə yalnız müxtəlif hüquq sahələrini təşkil edən normalarla vəhdətdə səmərəli hüquqi təsir göstərməsi haqda fikir yürütməyə imkan verir. Bu halda əsərlərə və əlaqəli hüquq obyektlərinə aid edilən hüquqların özü ənənəvi olaraq mülki hüquq strukturuna daxil edilir.
Azərbaycan intellektual mülkiyyət sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan Respublikası 1996-cı ildən ÜƏMT-in üzvüdür, 1997-ci ildən Müəlliflik Hüququna dair Ümumdünya Konvensiyasında öz iştirakını davam etdirir. Azərbaycan 1998-ci ildən Ədəbiyyat və İncəsənət Əsərlərinin Qorunmasına dair Bern Konvensiyasının üzvü, 2001-ci ildən Fonoqramlara dair Cenevrə Konvensiyasının iştirakçısıdır. Bunlarla yanaşı, Azərbaycanın əlaqəli hüquqlar üzrə Roma Konvensiyasında, ÜƏMT-in müəlliflik hüququ və fonoqramlar və ifalar üzrə İnternet-müqavilələrində iştirakı barədə təkliflər səlahiyyətli orqanların müzakirəsinə verilmişdir. Respublika MDB çərçivəsində müəlliflik hüququ ilə bağlı sazişlərdə fəal iştirak edir, habelə bəzi dövlətlərlə ikitərəfli hökumət müqavilələri bağlamışdır.

K.İmanov, 2005









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?