Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikasının müəlliflik hüququ qanunvericiliyi haqqında


Azərbaycan Respublikasının sivilizasiyalı cəmiyyətlərin ən yüksək ölçülərinə cavab verən «Müəlliflik hüququ və əlaqəli hüquqlar» haqqında yeni qanunu 1996-cı il oktyabrın 8-də qüvvəyə minmiş və Azərbaycan tarixində müəlliflik hüququ sahəsində ilk qanun kimi, respublika rəhbərliyi tərəfindən elan edilən hüququ dövlət quruculuğu prinsiplərini təsdiq etmişdir. Bu qanunun ən diqqətəlayiq cəhəti ondadır ki, o, əsər yaradıcıları ilə onun istifadəçiləri arasında qeyri-bərabər münasibətlər prinsipi əsasında yaradılan və daha haqlı olaraq «əsərlərdən istifadə hüququ» adlandırıla biləcək «Sovet müəlliflik hüququ»nun postulatlarını tamamilə ləğv etmişdir.
L.Fon Xayekin qeyd etdiyi kimi: «Məqsədə malik olmaq hüququ ədalətsizliyi və pis davranışı əngəlləməkdir». Yeni müəlliflik hüququ qanunvericiliyində, əvvələn, «müəllifin əmlak hüquqlarının ötürülməzliyi» və «dərc olunmuş əsərlərdən qonarar ödənilməklə və ödənilməməklə sərbəst istifadə olunması ehkamlarına söykənən köhnə «müəllif öz əsərinin sahibi deyil, yalnız onun müəllifidir» hökmü darmadağın edilmişdir. Bu ehkamlardan birincisi müəlliflərin əmlak hüquqlarını «qayçılayırdısa», ikincisi «qayçılanmış» hüquqların özünə müdaxiləni sanksiyalaşdırırdı və belələiklə də, hətta müəllifin mənafeyini məhdudlaşdıran əmlak hüquqları belə mülki dövriyyəyə buraxıla bilməzdi.
İkincisi, yeni qanunda müəlliflik hüququnun başqa bir – «tərəflərin (müəllif – istifadəçi) iradələri sərbəst deyil, məhduddur» tezisindən imtina edilmişdir. Həmin müddəaya əsasən dövlət səviyyəsində təsdiq edilən qonarar tarifləri ilə tamamlanan müəllif müqavilələrinin məzmununun son dərəcə ciddi tənzimlənməsi əsər yaradıcılarının müəlliflik hüquqlarını daha da məhdudlaşdırırdı.
Aydındır ki, müəlliflik hüququnun bu cür ayrıseçkiliyə məruz qaldığı və əlaqəli hüquqların tanınmadığı bir şəraitdə intellektual mülkiyyət bazarı tamamilə dövlətin inhisarında idi, yalnız dövlət strukturları istifadəçi qismində çıxış edə bilirdilər və «rəqabət», eləcə də «piratlıq» kimi anlayışlar mövcud deyildi.
Azərbaycanın müstəqillik qazanması və son illərdə baş verən köklü sosial-iqtisadi yeniliklər vəziyyəti dəyişdi.
Azərbaycanın bu günkü müəlliflik hüququ yaradıcılıq azadlığına, müəllif hüquqlarının daha tam olmasına, onun təbiəti və ərazi xarakterinin ikililiyinə əsaslanır. Həmçinin yarandığı andan müəlliflik hüququnun meydana gəlməsi, müəlliflə cəmiyyətin hüquqlarının müvəqqəti məhdudluğu və onların maraqları arasında balans yaradılması respublikanın müəlliflik hüququ qanunvericiliyinin özülünü təşkil edir. «Qabusnamə»dəki müdrik bir şərq kəlamında deyilir: «Ədaləti kənarda axtarmamaq üçün, özün ədalətli ol». Yeni müəlliflik hüququ qanununun qüvvəyə mindiyi andan sonra ötən zaman kəsiyi bu həqiqəti təsdiq edir.
Qanunda qəbul edilən prinsiplər Avropa ölkələrindəki prinsiplərə uyğundur.
Əvvələn, yeni qanun kommersiya yönümlü anqlo-sakson «kopirayt» hüququ ilə müqayisədə «şəxsi» hüquq kimi müəllif hüququ haqqında «kontinental» təsəvvürə əsaslanır. Bu çox vacibdir və Azərbaycanın bu yaxınlarda Avropa Şurasına üzv olmasını nəzərə almaqla, yeni qanunun Avropa yanaşma üsulu ilə vəhdətdə olduğuna dəlalət edir. Digər vacib olan cəhət yaradıcı şəxslərin mənəvi hüquqlarının qorunmasıdır ki, bu da kontinental mövqeyin əsas məsələsi hesab olunur.
İkincisi, «müəllif» anlayışının özü, müəllif hüquqlarının ən yüksək dərəcədə qorunduğu ölkələrdə mövcud olan təfsirə uyğun şəkildə çox geniş mənada nəzərdən keçirilir. Tərcümələr, toplu əsərlər, tərtib olunmuş əsərlər və s.-nin müəlliflik hüququ qanunla qorunur. Kompüter proqramları və informasiya məlumat bazalarının da müəlliflik hüququ vardır. Audiovizual yaradıcılıqda isə qeyd etmək vacibdir ki, müəlliflik hüquq təkcə rejissorlara, senaristlərə və bəstəkarlara deyil, həm də operatorlara və rəssamlara şamil edilir.
Qanun həmçinin müəllif hüququ ilə əlaqəli hüquqları – ifaçı artistlərin, fonoqram istehsalçılarının və veriliş təşkilatlarının (radio və TV) hüquqlarını təsdiq edir. Bu, «yaradıcılıq üzrə tərəfdaşlar»ın hamılıqla müəllif hüququ qanunvericiliyi sisteminə daxil edilməsini təmin edən müsbət hadisədir.
Qanunda, indi müəllifin ölümündən sonra 50 il davam edən vərəsəlik hüququ da təsdiq edilmişdir. Birdəfəlik deyil, müəlliflər və digər hüquq sahibləri üçün daha faydalı olan proporsional ödəniş metodu nəzərdə tutulmuşdur. Hökumət qərarlarına istinad edilməklə yalnız ödənişin minimal həddi qanunla tənzimlənir və qeyd edilir ki, ödəniş üsulları hüquq sahibləri ilə onların əsərlərinin istifadəçiləri arasında danışıqlar yolu ilə müəyyən edilir. Minimal ödəniş həddinin tənzimlənməsi təkcə hüquq sahiblərinin iqtisadi cəhətdən daha zəif mövqelərinin nəzərə alınması ilə deyil, həmçinin müəlliflik hüququ qanunvericiliyindəki köklü dəyişikliklərlə və iqtisadi cəhətdən güclü müəllif birliklərinin yoxluğu ilə bağlıdır.
Qanunvericiliyin ən vacib cəhəti onda, özəl surətçıxarmaya görə kompensasiya, yəni lentə alınmamış audio və audiovizual kassetlərin və CD-lərin satışından ayırmalar, habelə müvafiq avadanlıqların satışına görə kompensasiya ödənilməsinin nəzərdə tutulmasıdır. Sonuncu müddəa Avropa ölkələrində qəbul olunmuş mexanizmlərə uyğun olmaqla bərabər mədəniyyət sahəsində dövlət təşəbbüslərilə yanaşı gəlir götürmək məqsədi güdməyən digər təşəbbüsləri də əks etdirir. Qanun bu hüquq məkanı çərçivəsində müəlliflik hüququ və əlaqəli hüquqların istifadəçilərinə geniş imkanlar açır. Bir sözlə, Volterin dediyi kimi: – «istifadə edin, amma sui-istifadə etməyin – müdrikliyin qaydası belədir». Məlumdur ki, istinasız qayda yoxdur, amma istisnalar qaydaları pozmur. Bu mənada, müəllif hüququna qanunda qoyulan məhdudiyyətlər onun müəllif yönümlü olduğunu təsdiq edir.

K.İmanov, 2005









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?