Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində “Audiovizual ifaların qorunması” mövzusunda diplomatik konfrans keçirilmiş və “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsi qəbul edilmişdir


2012-ci il 20-26 iyun tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) çərçivəsində “Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik Konfrans keçirilmişdir. 
“Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik Konfransın mandatı və onun gündəliyində müzakirə edilən məsələ ilə əlaqədar qeyd etmək lazımdır ki, ÜƏMT-nın Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 2011-ci il 15-24 iyun tarixlərində keçirilmiş 22-ci sessiyasında ÜƏMT-nin Baş Assambleyasına 2000-ci ilin 7-20 dekabr tarixlərində keçirilmiş və nəticəsiz bitmiş “Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik konfransın işinin bərpa olunmasının tövsiyə edilməsi barədə qərar qəbul edilmişdir. 
ÜƏMT-nin Baş Assambleyasının 2011-ci ilin 26 sentyabr-5 oktyabr tarixlərində keçirilmiş iclasında həmin tövsiyə müzakirə edilərək, sözügedən mövzuda Diplomatik Konfransın 2012-ci ilin iyun və ya iyul aylarının birində keçirilməsi barədə qərar qəbul edilmişdir. 
“Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik Konfransın keçirilməsinə hazırlıqla əlaqədar ÜƏMT-nın 2011-ci ilin noyabr ayında keçirilmiş Hazırlıq Komitəsində Diplomatik Konfransın prosedur qaydalarının layihəsi, müqavilənin inzibati və maliyyə müddəalarına münasibətdə əsas təkliflər, Diplomatik Konfransa dəvət ediləcək dövlətlərin siyahısı, dəvət məktublarının mətninin layihəsi, həmçinin konfransın təşkili ilə bağlı digər məsələlər barədə qərarlar qəbul edilmişdir. Həmin Komitədə Diplomatik konfransın Çin Xalq Respublikasının Pekin şəhərində keçirilməsi qərara alınmışdı.
Diplomatik Konfrans öz mandatına uyğun olaraq, hələ 2000-ci il 7-20 dekabr tarixlərində keçirilmiş “Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik Konfransda qəbul edilmiş 19 maddə, ÜƏMT-nın Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsində konsensusla razılaşdırılmış 12-ci maddə, inzibati və maliyyə məsələləri ilə bağlı maddələr və razılaşdırılmış bəyanatlar əsasında ifaçıların öz audiovizual ifalarına olan hüquqlarının qorunmasını təmin edəcək audiovizual ifaların qorunması haqqında yeni beynəlxalq müqviləsinin qəbul edilməsi ilə bağlı danışıqları yekunlaşdırmalı və müvafiq qərar qəbul etməli idi. 
ÜƏMT-nin “Audiovizual ifaların qorunması” mövzusunda Diplomatik Konfransı 2012-ci il 20-26 iyun tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmişdir. Konfransda ÜƏMT-nin 156 üzv-dövləti, 5 Hökumətlərarası təşkilat, 45 qeyri-hökumət təşkilatı təmsil olunurdu. Diplomatik Konfransın Prosedur Qaydalarının 6-cı bəndinə uyğun olaraq, üzv-dövlətlərin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndəsi konfansda iştirak etmək üçün müvafiq formada səlahiyyət məktubu təqdim etmişlər. Ölkəmizdən Diplomatik Konfransda Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev iştirak etmişdir. 
Diplomatik Konfransı 2012-ci il 20 iyun tarixində ÜƏMT-nin Baş Direktoru Dr. Frensis Qarri, Çin Xalq Respublikasının Dövlət müşaviri Lyu Yandon, Pekin şəhərinin merinin müavini Lu Vey açdılar. Konfransın ilk iş günündə Gündəlikdə duran bir sıra məsələlər, o cümlədən Diplomatik Konfransın Prosedur Qaydaları, Konfransın Sədrinin seçilməsi, həmçinin Diplomatik Konfransın Mandat Komissiyasının və Redaksiya Komissiyasının üzvləri və rəhbərləri barədə qərarlar qəbul edildi. Çinin Müəllif Hüququ üzrə Milli Administrasiyasının Naziri və Çinin Mətbuat və Nəşrlər üzrə Baş Administrasiyasının Sədri cənab Lyu Binje Diplomatik Konfransın Sədri seçildi.
Avropa və Asiyanın müəyyən ölkələri üzrə Regional Qrupda (ölkəmiz həmin qrupa daxildir) əvvəlcədən razılaşdırılmış təklifə əsasən Azərbaycanın namizədliyi Mandat Komissiyasının üzvlüyünə irəli sürüldü. Diplomatik Konfransın Plenar iclasında ölkəmizin namizədliyi yekdilliklə dəstəkləndi və Azərbaycan Mandat Komissiyasının üzvü seçildi. Mandat Komissiyasına Azərbaycandan əlavə Çin Xalq Respublikasının, Koreya Respublikasının, Yaponiyanın, Paraqvayın, Sloveniyanın və Zimbabvenin nümayəndələri (7) seçildilər. 
Mandat komissiyası ilk iclasını 21 iyun 2012-ci il tarixdə keçirdi və Diplomatik Konfransın qəbul etdiyi Prosedur Qaydalarının 9(1)-ci qaydasına uyğun olaraq, ÜƏMT üzv-dövlətlərinin nümayəndələrinin mandat, səlahiyyət və təyin olunma barədə digər sənədlərini nəzərdən keçirərək nəticələri barədə Mandat Komissiyasının ilk Hesabatını hazırladı. Diplomatik Konfransın keçirildiyi müddətdə Komissiya daha bir neçə dəfə öz iclaslarını keçirərək, nəticələri barədə hesabatlarını Diplomatik Konfransın Plenar iclasına təqdim etdi. Azərbaycan nümayəndəsi Mandat Komissiyasının bütün müzakirələrində və hesabat sənədlərinin hazırlanmasında iştirak etmişdir.
Diplomatik Konfransın qərarı ilə yuxarıda qeyd olunan komissiyalardan əlavə daha iki Baş komitə yaradılmışdı. ÜƏMT-nin üzv dövlətlərinin hamısı bu komitələrdə təmsil olunurdular. Azərbaycan nümayəndəsi regional qrup və Baş komitələr çərçivəsində müzakirə edilən məsələlərin müzakirələrində iştirak etmişdir. 
Müzakirələrin nəticəsi olaraq 24 iyun 2012-ci il tarixdə keçirilən Plenar iclasda müqavilənin bütün mətni (30 maddə) üzrə konsensus əldə edildi və Diplomatik Konfrans “Audiovizual ifalar haqqında” Müqavilə qəbul etdi. Müqavilə Diplomatik Konfransın keçirildiyi Pekin şəhərinin şərəfinə “Audiovizual ifaların qorunması haqqında” Pekin Müqaviləsi adlandırıldı. 
26 iyun 2012-ci il tarixdə Audiovizual ifaların qorunması üzrə Diplomatik Konfransın keçirilməsi və Diplomatik Konfransın “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsini qəbul etməsi barədə Yekun Aktın, həmçinin “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsinin imzalanma mərasimi keçirildi. 122 dövlət, o cümlədən Azərbaycan audiovizual ifaların qorunması üzrə Diplomatik konfransın keçirilməsi və Diplomatik Konfransın “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsini qəbul etməsi barədə Yekun Aktı, 48 dövlət isə “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsini imzaladı.
Diplomatik Konfransın bağlanış mərasimində çıxış edən ÜƏMT-nin Baş direktoru Dr. Frensis Qarri yeni beynəlxalq müqavilənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsinin bağlanması audiovizual əsərlərin ifaçılarının hüquqlarının qorunması üzrə beynəlxalq sistemdəki çatışmazlığın aradan qaldırılmasında vacib mərhələdir və çoxtərəfli proses çərçivəsində əməkdaşlıq ruhunu əks etdirir. Cənab F. Qarri daha sonra əmin olduğunu bildirdi ki, gözəl “Pekin ruhunu” bundan sonra da əsas tutaraq, üzv-ölkələr digər əsas sahələrdə də Təşkilatın fəaliyyətini irəli aparacaqlar.
ÜƏMT-nin Diplomatik Konfransı “Audiovizual ifalar haqqında” Pekin Müqaviləsini qəbul etməklə öz işini başa çatdırdı.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?