Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə Hökumətlərarası Komitəsinin 22-ci sessiyası keçirilmişdir


2012-ci il 9-13 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə Hökumətlərarası Komitəsinin 22-ci sessiyası keçirilmişdir. 
Tədbirin açılış mərasimində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Dr.Frensis Qarri iştirak edirdi.
Komitənin işinə bu ilin əvvəlində seçilmiş Yamaykadan olan Səfir Vayne McCook sədrlik etmişdir. Bu dəfəki sessiyada Komitənin 20-ci sessiyasının yenidən baxılmış hesabatı, bəzi təşkilatların akkreditasiyası və s. məsələlərlə yanaşı, əsas sənəd – “Ənənəvi mədəni ifadələrin qorunmasına dair müqavilə” (WIPO/GRTKF/IC/22/4) layihəsi müzakirə edildi. Plenar iclaslar zamanı müqavilə layihəsinin ilkin təqdim olunmuş mətninə bir sıra düzəlişlər və əlavələr edilməsi təklif olundu. 

Tədbirdə iştirak edən Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev istər regional qrup çərçivəsində, istərsə də plenar iclaslar zamanı müzakirə edilən məsələlər, o cümlədən müqavilə layihəsi üzrə milli qanunvericilimizin tələbləri baxımından təklif və qeydlərini bildirmişdir.
Folklor ifadələrinin qorunması üzrə gələcək müqavilənin layihəsinə dair bütün işçi və informativ sənədləri, o cümlədən WIPO/GRTKF/IC/22/4, WIPO/GRTKF/IC/22/5, WIPO/GRTKF/IC/22/INF/4 və WIPO/GRTKF/IC/22/INF/8 müzakirə edərək, Komitə bu sənədlər və plenar iclaslar zamanı səslənmiş şərhlər və təkliflər əsasında Baş Assambleyanın WO/GA/40/7 sənədində əksini tapmış mandatına uyğun olaraq, “Ənənəvi mədəni ifadələrin qorunması: maddələrin layihəsi” mətnini hazırladı. Komitənin yekun iclasında həmin mətnin bu ilin payızında keçirilməsi planlaşdırılan ÜƏMT Baş Assambleyasına təqdim olunması barədə qərar qəbul edildi. 
Komitə həmçinin gündəlikdə olan digər məsələləri də müzakirə edərək müvafiq qərarlar qəbul etdi və bununla da öz işini başa çatdırdı.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?