Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Macarıstan Respublikasının Macar-Turan Fondu tərəfindən IV Hun-Türk Qurultayı keçirilmişdir


Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Dr. K. İmanov Macarıstan Respublikasının Macar-Turan Fondu tərəfindən keçirilmiş IV Hun-Türk Qurultayında və Qurultayla bağlı digər mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Səfər Macar-Turan Fondunun rəhbəri Andraş Bironun dəvəti əsasında 2012-ci il 8-16 avqust tarixlərində həyata keçirilmişdir. 
Tədbirin qeyri-formal açılışı və 22 türkdilli xalqın təmsilçilərinin salamlama mərasimi avqustun 8-də Budapeşt şəhərində təşkil edilmişdir. Açılış mərasimində Azərbaycan nümayəndəliyi adından Səfir Vilayət Quliyev və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxış etmişlər. 
Qurultayın rəsmi açılışı avqustun 10-da Buqats şəhərinin ətrafındakı Milli parkda açıq səmada keçirilmişdir. Qurultayı Macarıstan parlamentinin vitse-spikeri Şandor Lezsak və Andraş Biro açmışlar. 3 gün davam edən təntənəli mədəni kütləvi tədbirləri yüz minlərlə insan izləmişdir. Macar tərəfindən qeyd edildiyi kimi, Qurultayın əsas məqsədi Macar xalqının soy- köklərindən qaynaqlanan hun-türk birliyinin, qədim dövrlərdən gələn genetik-mədəni əlaqələri əks etdirən ənənələrin və 1100 il əvvəl Volqa boyundan Karpat ovalığına köçmüş hun-türk əsilli macar xalqının öz qədim tarixinə və ənənələrinə sadiqliyinin nümayişi olmuşdur. Şandor Lezsakın çıxışında qeyd edildi ki, Macarıstan dövləti Budapeştdə Qədim Hun dövlətinin başçısı Atillanın heykəlinin qoyulmasında israrlıdır və türkdilli dövlətlərin buna maliyyə dəstəyi verməsi məqsədəmüvafiq olardı. 
Rəsmi açılışda Azərbaycanın Macarıstandakı Səfiri V.Quliyev və Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da iştirak etmişlər.
Qurultayın keçirildiyi günlərdə türk dünyasının sənət adamları 30-dan çox konsert vermişlər. Azərbaycanın Xalq artisti professor Məcnun Kərimovun bədii rəhbəri olduğu Azərbaycan qədim xalq çalğı alətləri ansamblının ifa etdiyi Azərbaycan və macar milli musiqiləri tamaşaçıların böyük marağına səbəb olmuşdur. 
Qurultay çərçivəsində təşkil edilmiş geniş elmi forumda K.İmanov türk dünyasının qədim tarixi ilə bağlı “Qız Qalasının sirlərindən qədim türklərin tarixinə” adlı məruzə ilə çıxış etmişdir.
Məruzədə Qız qalasının meydana gəlməsi, ilkin təyinatı və yerli tayfalar tərəfindən tikilmə dövrü, “Bakanlar” tayfası, “Baku”- (“Bak-ı”) və Azərbaycan-“Az-ər-bəg-an” adlarının etimologiyası, turan mənşəli Xatti, Mitanni, Alarodi, Sak tayfaları və onların dövlət quruluşları arasındakı varislik əlaqəsi, Parfiya əsilli Ərsakların, Hunların Ön Asiya və Cənubi Qafqazdan Şərqi Türküstana və b.e. əvvəllərində müasir ərazilərinə miqrasiyasına aid məsələlər işıqlandırılmışdır.
Səfər çərçivəsində K.İmanovun Ş.Lezsakla və N.Biro ilə görüşləri keçirilmiş, Macar və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin dərinləşdirilməsi üzrə məsələlərə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, görkəmli türkoloq Manas-Qırğız Türk Universitetinin professoru Kadır Ali Konkobayevlə türklərin qədim tarixinin öyrənilməsi perspektivləri müzakirə edilmiş, həmçinin Macarıstanın Müəllif Hüquqları Şurasının prezidenti cənab M.Fiçorla qeyri maddi mədəni irsin-ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması məsələləri üzrə fikir mübadiləsi aparılmışdır. 
Qurultayın keçirildiyi günlərdə Azərbaycanın Macarıstandakı Səfirliyi Qurultaya böyük diqqət göstərmiş, Səfir V.Quliyev Qurultayın bütün tədbirlərində iştirak etmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?