Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

2012-ci il 1-9 oktyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv-dövlətlərinin Assambleyasının 50-ci toplantısı olmuşdur


2012-ci il 1-9 oktyabr tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv-dövlətlərinin Assambleyasının 50-ci toplantısı olmuşdur. 
Toplantının ilk günü ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarri hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın əsas fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir. Cənab F. Qarri təşkilatın beynəlxalq qanunvericilik normalarının yaradılması üzrə Proqramının icrasında son illər müsbət nəticələr qazanıldığını, o cümlədən ÜƏMT-nin Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsi çərçivəsində cari ildə Pekində keçirilmiş audiovizual ifaların qorunması üzrə Diplomatik Konfransda “Aidiovizual ifalara dair Pekin Müqaviləsi”nin qəbul olunduğunu qeyd edərək, iştirakçı dövlətləri görmə qabiliyyətini itirmiş şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəsinə münasibətdə istisnalar və məhdudiyyətlər, həmçinin folklor nümunələri, ənənəvi biliklər və genetik resursların qorunması üzrə müzakirə olunan müqavilə layihələrinin qəbul edilməsi istiqamətində səylərini artırmağa çağırdı. Baş direktorun çıxışında daha sonra qeyd edildi ki, innovasiya və yaradıcılıq sahələrinin sürətlə dəyişən texnoloji və işgüzar mühitləri qarşıya yeni mürəkkəb vəzifələr qoyur və bu, Təşkilatdan innovasiya potensialının yaradılması və möhkəmlənməsinə səmərəli yardım edilməsində yeni vasitələr tapmağı tələb edir. Çıxışda eyni zamanda əqli mülkiyyətin innovasiya ekosistemlərinin ayrılmaz tərkib hissəsi olması və innovasiya ekosistemlərinin təkmilləşdirilməsi üçün bir çox ölkələr tərəfindən strategiyaların qəbul edilməsi qeyd olunmuş, Patent Əməkdaşlığı Sazişi (PCT) çərçivəsində uğurlu işlərin görülməsi, həmçinin ÜƏMT-nin fəaliyyətinin digər istiqamətlərində aparılan işlər barədə ətraflı məlumat verilmişdir.
Sonra ÜƏMT Komitələrinin regionlar üzrə əlaqələndiricilərinin hesabatları dinlənildi, ardınca üzv-dövlətlərin nümayəndələrinin əqli mülkiyyət sahəsində ölkələrində görülmüş işlər barədə çıxışları oldu. 
Toplantıda Azərbaycan nümayəndə heyəti adından çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R. Həsənov ölkəmizdə əqli mülkiyyət sahəsində aparılan genişmiqyaslı işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə əqli mülkiyyət sisteminin inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə prioritet istiqamət kimi baxılır. Bununla əlaqədar sosial, iqtisadi və mədəni inkişafda əqli mülkiyyətdən istifadə sahəsində nəzərəçarpacaq irəliləyişlər olmuş, eyni zamanda Əqli mülkiyyət sahəsinin inkişafının uzunmüddətli Milli strategiyası hazırlanmış, müəllif-hüquq sahəsində idarəçilik və qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi davam etdirilmiş, bir sıra yeni qanunvericilik aktları, o cümlədən “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, milli patent sisteminin avtomatlaşdırılması və müasirləşdirilməsi layihəsi üzrə tədbirlər həyata keçirilmiş, Microsoft şirkəti ilə imzalanmış saziş çərçivəsində dövlət orqanlarının kompüter avadanlıqları lisenziyalı proqram təminatı ilə təmin olunmuşdur. Görülən tədbirlər nəticəsində ölkəmizdə hüquqların təminatı və piratçılıqla mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, piratçılığın səviyyəsi əqli mülkiyyətin müxtəlif seqmentləri üzrə orta hesabla 10-20% azalmışdır və yeni Qanunun tətbiqi ilə daha da aşağı düşəcəyi gözlənilir.
Baş Assambleyanın tədbirlərində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R. Həsənov, Müəllif Hüquqları Agentliyinin sədri K. İmanov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir M. Nəcəfbəyli, Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri N. İsayev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye mülkiyyəti obyektlərinin ekspertizası Mərkəzinin (Azpatent) Direktoru vəzifəsini icra edən M. Seyidov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin 3-cü katibi E. Teymurov daxil olmuşlar.
Oktyabrın 2-də Azərbaycan nümayəndə heyəti ilə ÜƏMT-nin Baş direktoru cənab F. Qarrinin görüşü olmuşdur. 
Görüş zamanı ÜƏMT-nin ölkəmizlə sıx əməkdaşlığına və birgə həyata keçirilmiş tədbirlərə görə cənab F. Qarriyə minnətdarlıq ifadə edilmiş, onun Azərbaycana nəzərdə tutulan rəsmi səfərinin konkret tarixləri müzakirə olunmuş, səfər çərçivəsində ÜƏMT ilə Azərbaycan Hökuməti arasındakı Əməkdaşlıq Proqramının yenilənərək imzalanmasının məqsədəuyğunluğu qeyd olunmuşdur. Bununla yanaşı, 2013-cü ildə həm müəllif-hüquq, həm də patent sistemlərinin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirlərin keçiriləcəyi bildirilmiş və bu xüsusda ÜƏMT ilə birgə əməkdaşlıqda əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizəyə aid, həmçinin görmə qabiliyyətini itirmiş şəxslərlə bağlı beynəlxalq və regional konfransların keçirilməsi istəyi ifadə olunmuşdur. Daha sonra əqli mülkiyyət hüquqlarının təminatı və sahənin inkişafı, o cümlədən rəqəmsal hüquqların idarə edilməsi və piratçılıqla mübarizə sahələrində ölkəmizdə görülən işlərə dair məlumat verilmiş və Azərbaycan rəhbərliyinin bu sahədə aparılan işləri tam dəstəklədiyi vurğulanmışdır. 
Bununla yanaşı, ölkəmizdə əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında yeni Qanun qəbul edilməsi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin yaradılması və onun ÜƏMT-nin Əqli mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə üzv qəbul edilməsi barədə məlumat verilmiş, görmə qabiliyyətini itirmiş şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəyə münasibətdə istisnalar və məhdudiyyətlərə dair və əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizəyə həsr olunmuş konfransların keçirilməsinə ÜƏMT-nin dəstəyi xahiş edilmişdir. 
Cənab F.Qarri ölkəmizdə əqli mülkiyyət sahəsində görülmüş işləri və əldə olunmuş nəticələri yüksək dəyərləndirmiş, Əməkdaşlıq Proqramının yeniləndirilməsi təklifinə müsbət yanaşmış, qarşılıqlı əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminlik hissini ifadə etmiş və 2013-cü ilin aprel ayında məmnuniyyətlə Azərbaycana səfər etməyə hazır olduğunu bildirmişdir.
2012-cu il oktyabrın 4-də rəsmi səfər çərçivəsində ÜƏMT-nin Şərq Avropa, Asiya və Cənubi Qafqaz ölkələri üzrə Departamentinin direktoru cənab Michaly Svantnerlə görüş keçirilmişdir. 
Görüşdə cənab M. Svantner ÜƏMT-nin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə həyata keçirilən strateji tədbirlər barədə məlumat verərək, Azərbaycanla əlaqələrin bundan sonra da genişlənməsinə böyük önəm verdiklərini qeyd etmişdir. 
Azərbaycan tərəfi ÜƏMT rəsmisinə Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat vermişdir. 
Bununla yanaşı, ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarrinin Azərbaycana gözlənilən rəsmi səfər günlərində ÜƏMT-nin dəstəyi ilə piratçılığa qarşı mübarizə mövzusunda beynəlxalq konfransın keçrilməsi, həmçinin görmə qabiliyyətini itirmiş şəxslərin elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadəyə münasibətdə istisnalar və məhdudiyyətlərə dair və ənənəvi biliklərin qorunması məsələlərinə həsr olunan regional konfransların təşkil edilməsi məsələləri də müzakirə olunmuşdur. 
Assambleyanın toplantısının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində üzv-ölkələrin nümayəndələri ilə görüşlər keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Regional qrupun iclasında Belarus bir illik müddətə yeni əlaqələndirici seçilmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?