Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində Mərakeş Müqaviləsi qəbul edilmişdir


Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında“ Mərakeş Müqaviləsi qəbul edilmişdir

 

2013-cü ilin 17-28 iyun tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) çərçivəsində “Görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq üzrə” Diplomatik Konfrans keçirilmişdir.
Diplomatik Konfransın mandatı və onun gündəliyində duran məsələ ilə əlaqədar qeyd etmək lazımdır ki, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq üzrə beynəlxalq müqavilənin qəbul edilməsi məqsədilə 2013-cü ilin 17-28 iyun tarixlərində Diplomatik Konfransın çağırılması barədə qərar ÜƏMT-nın Baş Assambleyasının 2012-ci ilin 17-18 dekabr tarixlərində keçirilmiş növbədənkənar iclasında qəbul edilmişdir. 
Diplomatik Konfransa Hazırlıq Komitəsinin 2012-ci ilin 17-18 dekabr tarixlərində keçirilmiş iclasında Diplomatik Konfransın prosedur qaydalarının layihəsi, müqavilənin müddəalarına münasibətdə əsas təkliflər, Diplomatik Konfransa dəvət ediləcək dövlətlərin siyahısı, dəvət məktublarının mətninin layihəsi, həmçinin konfransın təşkili ilə bağlı digər təşkilati məsələlər barədə qərarlar qəbul edilmişdir. Həmin Komitədə Diplomatik Konfransın Mərakeş Krallığının Mərakeş şəhərində keçirilməsi qərara alınmışdır.

ÜƏMT-nin Baş Assambleyasının verdiyi mandata uyğun olaraq, Diplomatik Konfrans ÜƏMT-nin Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 2012-ci il 19-23 noyabr tarixlərində İsveçrədə keçirilən 25-ci sessiyasında qəbul edilmiş “Görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında müqavilə” layihəsi əsasında yeni beynəlxalq müqavilənin qəbul edilməsi ilə bağlı danışıqlar prosesini yekunlaşdırmalı və müqaviləni qəbul etməli idi. 

Diplomatik Konfrans 2013-cü ilin 17-28 iyun tarixlərində Mərakeş Krallığının Mərakeş şəhərində keçirildi. Konfransı 17 iyun tarixində ÜƏMT-nin Baş Direktoru Dr. Frensis Qarri və Mərakeş Krallığının Rabitə naziri Mustafa Xalfi açdılar. Tədbirdə ÜƏMT-nin üzvü olan 186 dövlətdən 600-ə qədər nümayəndə, o cümlədən Azərbaycan təmsilçisi iştirak edirdi. Konfransın Prosedur Qaydalarına uyğun olaraq, üzv-dövlətlərin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndəsi konfransda iştirak etmək üçün müvafiq formada imzalanmış səlahiyyət məktubu təqdim etdilər. Ölkəmizdən Diplomatik Konfransda Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev iştirak etmişdir. 

Konfransın ilk iş günündə Gündəlikdə duran bir sıra məsələlər, o cümlədən Diplomatik Konfransın Prosedur Qaydaları, Konfransın rəhbər orqanları və rəhbərləri, həmçinin Diplomatik Konfransın Mandat Komissiyası və Redaksiya Komitəsinin üzvləri barədə qərarlar qəbul edildi. Mərakeş Krallığının Rabitə naziri Mustafa Xalfi Diplomatik Konfransın Sədri seçildi.
Ölkəmizin təmsil olunduğu Regional qrupda razılaşdırılmış təklif əsasında Azərbaycanın namizədliyi Diplomatik Konfransın Redaksiya Komitəsinin üzvlüyünə irəli sürüldü. Ölkəmizin namizədliyi yekdilliklə dəstəkləndi və Azərbaycan nümayəndəsi yeni beynəlxalq müqavilənin yekun mətnini hazırlayacaq Redaksiya Komitəsinin üzvü seçildi. Redaksiya Komitəsinə Azərbaycan nümayəndəsindən əlavə Argentina, Avstraliya, Çili, Çin, Misir, ABŞ, Finlandiya, Fransa, Mərakeş və s. ölkələrdən 17 nəfər nümayəndə seçildi. Konfransın keçirildiyi müddətdə Redaksiya Komitəsinin iclasları mütəmadi olaraq keçirildi və görülən işlərin nəticəsi olaraq, müqavilə layihəsinin mətni BMT-nin 6 işçi dilində hazırlandı. 

Diplomatik Konfransın qərarı ilə yaradılmış və ÜƏMT-nin üzv dövlətlərinin hamısının təmsil olunduğu iki Baş komitə müqavilənin yekun mətninin və müqavilənin müddəalarına münasibətdə razılaşdırılmış bəyanatların mətninin razılaşdırılması ilə məşğul olurdu. Bu komitələrdə gərgin müzakirələrdən sonra müqavilənin 22 maddədən ibarət yekun mətni və bu mətnə dair 13 bəyanat konsensusla razılaşdırılaraq, iyun ayının 27-də Diplomatik Konfransın Plenar iclasına təqdim olundu. Diplomatik Konfrans 2013-cü ilin 27 iyun tarixində keçirilən iclasında “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında” Müqaviləni qəbul etdi. 

2013-cü ilin 28 iyun tarixində yeni “Görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq üzrə” Diplomatik Konfransın keçirilməsi və bu Konfransda “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında Mərakeş müqaviləsi”nin qəbul edilməsi barədə Yekun Aktın, həmçinin Müqavilənin imzalanma mərasimi keçirildi. 129 dövlət, o cümlədən Azərbaycan Yekun Aktı, 51 dövlət isə Yekun Aktı və sözügedən Müqaviləni imzaladı.
Beləliklə, Mərakeş müqaviləsinin qəbul edilməsi ilə korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaqla bağlı uzun illər müzakirə obyekti olmuş məsələ öz müsbət həllini tapdı və bu sahədə yeni beynəlxalq qorunma aləti yaradıldı. 

Diplomatik Konfransın bağlanış mərasimində çıxış edən ÜƏMT-nin Baş direktoru Dr. Frensis Qarri yeni beynəlxalq müqavilənin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, bu Müqavilənin qəbul edilməsi ilə 300 milyondan artıq görmə qüsurlu insanın “kitab aclığı”na son qoyuldu. 
ÜƏMT-nin Diplomatik Konfransı “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında“ Mərakeş Müqaviləsini qəbul etməklə öz işini başa çatdırdı.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?