Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişaf və Əqli Mülkiyyət Komitəsinin 12-ci sessiyası və Əqli Mülkiyyət və İnkişaf üzrə Cənub-Cənub Əməkdaşlığına dair 2-ci İllik Konfransı keçirilmişdir


2013-cü il 18-22 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) İnkişaf və Əqli Mülkiyyət Komitəsinin 12-ci sessiyası və ÜƏMT-nin Əqli Mülkiyyət və İnkişaf üzrə Cənub-Cənub Əməkdaşlığına dair 2-ci İllik Konfransı keçirilmişdir.
ÜƏMT-nin üzv dövlətlərinin müəllif hüquqları sahəsində dövlət siyasətini həyata keçirən orqanlarının nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin qatıldığı bu tədbirdə ölkəmizdən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev iştirak etmişdir. 
Tədbirdə ÜƏMT-nin İnkişaf və Əqli Mülkiyyət Komitəsinin ötən ilki fəaliyyəti müzakirə olunmuş və bununla bağlı hazırlanmış hesabat qəbul edilmişdir. Bununla yanaşı, ÜƏMT-nin İnkişaf sahəsində Gündəliyin bütün tövsiyələrinin monitorinqi, qiymətləndirilməsi və müzakirəsi keçirilmiş, o cümlədən, “ÜƏMT-nin inkişaf sahəsində fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üçün konkret nəticələrə yönləndirilmiş idarəetmə sisteminin təkmilləşdirilməsi” barədə hesabat, İnkişaf sahəsində Gündəliyin tövsiyələrinin yerinə yetirilməsinin müstəqil icmalı və s. sənədlər, həmçinin Əqli Mülkiyyət və İnkişaf üzrə Cənub-Cənub əməkdaşlığına dair 2-ci İllik Konfransda inkişaf edən və az inkişaf etmiş ölkələr arasında əqli mülkiyyət sahəsində Cənub-Cənub əməkdaşlığının genişləndirilməsi üzrə layihənin yerinə yetirilməsi vəziyyəti müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.
Müzakirələrin gedişində Agentliyin nümayəndəsi tərəfindən edilmiş cıxışlarda müzakirə edilən məsələlərə dair münasibət bildirilmiş, həmçinin ümumi müzakirələrdə ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlər barədə konkret məlumatlar verilmişdir. Bununla yanaşı, Komitənin İnkişaf və Əqli mülkiyyət üzrə Gündəliyi çərçivəsində müxtəlif ölkələrdə aparılmış tədqiqatların praktiki istifadəsini asanlaşdırmaq məqsədi ilə həmin tədqiqatların nəticələrinin BMT-nin rəsmi dillərinə tərcümə olunması və üzv-dövlətlərin bu nəticələrdən istifadə etməsinə imkan yaradılması təklif edilmişdir. 
Tədbirin keçirildiyi günlərdə ÜƏMT-nin rəsmi şəxsləri ilə ÜƏMT və Agentliyin birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan tədbirləri barədə fikir mübadiləsi aparılmışdır. 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?