Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 57-ci toplantısı keçirilir


9 Oktyabr 2017 

 

https://az.trend.az/azerbaijan/society/2805561.html

 

 

2-11 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 57-ci toplantısı keçirilir.

Azərbaycan Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti iştirak edib.

Toplantıda ÜƏMT-nin Baş direktoru Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə ötən il həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər, o cümlədən qlobal İP sistemlərinin səmərəli idarə edilməsi sayəsində Təşkilatın qazandığı uğurlar barədə məluat verdi. Son illər bir sıra sahələrdə, o cümlədən əsasında əqli mülkiyyətin durduğu innovasiya fəaliyyətinin bir çox ölkələrin iqtisadi və sənaye inkişafı strategiyasının başlıca elementinə çevrildiyini, qlobal məlumat bazalarının, informasiya-texnoloji platformaların istifadə sahələrində böyük tərəqqiyə nail olunduğunu qeyd edərək, “ÜƏMT-nin biliklər şəbəkəsi”nin yaradılması zamanının yetişdiyini vurğuladı.

Tədbirdə çıxış edən Regional qrup koordinatorlarının, həmçinin üzv-dövlətlərin nümayəndələrinin çıxışlarında da əqli mülkiyyətin dünyanın müasir inkişafındakı roluna xüsusi diqqət yetirildi və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Səfər çərçivəsində oktyabrın 3-də ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüş keçirildi. Görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi - səfir Vaqif Sadıxov iştirak ediblər.

Görüşdə Azərbaycan ilə ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri müzakirə olundu. F.Qarri əqli mülkiyyətin təminatı sahəsində Azərbaycanda həyata keçirirlən tədbirləri yüksək qiymətləndirərək, bu sahədə aparılan işlərə bundan sonra da ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğuladı. Görüşdə həmçinin, Azərbaycanda ÜƏMT-nin xarici ofisinin yaradılması məsələsinə toxunuldu. Yekun olaraq Azərbaycanın təhsil naziri M.Cabbarov və ÜƏMT-nin Baş direktoru Fransis Qarry Birgə bəyanat imzaladılar.

Görüş zamanı K.İmanov ÜƏMT-nin son illər həyata keçirdiyi tədbirləri və irəli sürdüyü təşəbbüsləri məmnunluqla qeyd edərək, Azərbaycanda “Əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya”ya və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yaradılan rəqəmli hüquqların idarə edilməsi və “one stop shop” rejimində onlayn lisenziyalaşma sistemi barədə məlumat verdi, son vaxtlar ÜƏMT ilə birgə əməkdaşlıq çərçivəsində ölkəmizdə innovativ sistemlərin və elmi nəticələrin tətbiqi üzrə həyata keçirilən tədbirlərin yaradıcılıq və yenilikçilik üçün daha əlverişli şəraitin təmin edilməsinə böyük töhfə verdiyini xüsusi qeyd etdi.

F.Qarri əqli mülkiyyətin təminatı sahəsində Azərbaycanda həyata keçirirlən tədbirləri yüksək qiymətləndirərək, bu sahədə aparılan işlərə bundan sonra da ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi vurğuladı.

Sonda K.İmanov Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının müasir çağırışları ilə bağlı Agentliyin son nəşrlərini F.Qarriyə təqdim etdi. F.Qarri bu nəşrləri yüksək qimətləndirdi və onların aktuallığını vurğulayaraq, Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafına mühüm töhfə verəcəyinə inam ifadə etdi.

Toplantının ikinci günü ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin vitse-prezidenti seçildi.

Sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin vəzifəli şəxsləri ilə keçirilən işçi görüşlərdə də müəllif-hüquq sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərinə toxunuldu və ölkəmiz üçün prioritet olan məsələlər önə çəkildi. Bununla yanaşı, ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentinin, həmçinin Kreativ industriyalar Departamentinin əməkdaşları ilə “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində 2018-2021-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirə olundi, həmçinin növbəti ildə əqli mülkiyyət sahəsində birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan tədbirlər barədə ilkin razılaşmalar əldə olundu.

Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda, Azərbaycanın daxil olduğu Regional qrup çərçivəsində ÜƏMT üzv-dövlətlərinin nümayəndələri ilə keçirilən işçi görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi və Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verildi.

Agentliyin nümayəndə heyəti həmçinin, oktyabrın 3-də Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibəti ilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” heykəltəraşlıq abidəsinin açılışında iştirak etmişdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?