Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: Universitetlər islahatların fəal aktorlarına çevrilməlidirlər


29 İyun 2017 10:49 (UTC+04:00)

 

https://az.trend.az/azerbaijan/politics/2771524.html

 

Bakı. İlhamə İsabalayeva – Trend:

 

 

Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında isə piratçılıq halları 96%-dən 84%-ə düşüb.

Trend-in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Ölkəmizin piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biri olduğunu deyən K.İmanov bildirib ki, Agentlikdə 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib.

K.İmanov qeyd edib ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli fərmanının icrası ilə bağlı Agentlikdə publik hüquqi şəxslər barədə dünya təcrübəsi öyrənilərək təhlil edilib. Araşdırmaların nəticəsi olaraq “Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)” adlı kitabça buraxılıb. Həmin fərmanın icrası ilə bağlı “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi“nin layihəsi, həmçinin publik hüquqi şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 10 sənəd layihəsi hazırlanaraq müvafiq qaydada Nazirlər Kabinetinə təqdim edilib.

O bildirib ki, biliklərə əsaslanan iqtisadiyyatda dünyanın aparıcı universitetləri korporativ subyektlərə çevrilərək, "Universitet 3.0" adını əldə ediblər, yəni təhsil, elmi tədqiqatlar və biliklərin kommersiyalaşması ocaqlarına çevriliblər: "Azərbaycan üçün 3.0 universitetlərin təşəkkülü ciddi sosial və iqtisadi problemdir. Çünki bu növ universitetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar. Universitetlər dövlət başçısının təşəbbüsü ilə keçirilən iqtisadi islahatların fəal aktorlarına çevrilməlidirlər".









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?