Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti”


2017-05-28 13:33:29

 

http://www.sherg.az/

 

 

İnternetin meydana gəlməsi ilə intellektual mülkiyyət hüquqlarının, o cümlədən müəllif hüquqlarının qorunması məsələləri daha da aktuallaşıb. Qlobal şəbəkənin inkişafı ənənəvi müəlliflik hüququ konsepsiyasını zərbə qarşısında qoyur. İnternet vasitəsilə cüzi xərclər hesabına müxtəlif materialları köçürmək və bütün dünyaya yaymaq imkanı yaranıb. Bu imkanlar intellektual mülkiyyət obyekti müəlliflərinin maraqları və cəmiyyətin yaradıcılıq fəaliyyətinə, ictimai biliklərə marağı arasındakı kövrək tarazlığı təhlükə altında qoyur. Materialların məhdudiyyətsiz köçürülməsinin qarşısının alınması və eyni zamanda, həmin materiallardan istifadə imkanının saxlanılması internetin tənzimlənməsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biridir. İnternetdə intellektual mülkiyyət hüquqlarının qorunmadığı şəraitdə alim və tədqiqatçılar, jurnalistlər öz fəaliyyətlərinə maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum ola bilərlər. Bunun nəticəsində isə elmi və publisistik yaradıcılıq fəallığı aşağı düşə bilər.

 

Bəs hazırda informasiya cəmiyyətində intellektual mülkiyyət hüquqlarının qorunması üçün

qarşımızda hansı vəzifələr durur?

 

AMEA-nın "İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudovun sözlərinə görə, müasir dünya praktikasında intellektual mülkiyyətin qorunmasının 3 əsas metodu mövcuddur: müəllif hüququ, patent və kommersiya sirri: "İntellektual mülkiyyət hüququnun digər qorunma üsulları da tətbiq edilir. Məsələn, mənəvi-etik normalar, inzibati, fiziki və texniki mühafizə sistemləri və s. buna aid edilə bilər.

 

ÜDM-nin tərkibində informasiya hesabına formalaşan iqtisadiyyatın payı xüsusi yer tutur

 

Ümumiyyətlə, son illərdə bütün dünyada qlobal informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Buna görə də informasiya cəmiyyətində əqli mülkiyyətin qorunması daha da aktuallaşır. Çünki informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir. Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolu sürətlə artır. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun tərkibində informasiya və biliklər hesabına formalaşan iqtisadiyyatın payı xüsusi yer tutur. Belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələsi də xüsusi əhəmiyyət kəsb edir.

 

Müəlliflər əqli mülkiyyət hüquqlarının qorunmasında maraqlı olmalıdır

 

İnformasiya cəmiyyətində əqli mülkiyyətləri yaradan müəlliflər müxtəlif üsullarla müəlliflik hüququnun qorunmasına elə özləri çalışmalıdır. Son dövrdə internet vasitəsilə informasiyanın yayılması müəlliflər üçün müəyyən problemlər yarada bilir. İnformasiyanın yayılması, nüsxəsinin çıxarılması daha da asanlaşıb. Əvvəl kitabları, məqalələri, müxtəlif araşdırmaları kopyalamaq çətin idi. Bu da müəllif hüquqlarının qorunmasını asanlaşdırırdı. Amma indi sürətçıxarma imkanları artdıqdan sonra bunlar oğurlanmağa başladı. Plagiatlıq problemləri artdı. Çünki dünyanın istənilən nöqtəsindən informasiyaları, məqalələri, kitabları əldə edib, müəllifinə istinad etmədən nüsxələyib, istifadə etmək mümkün olur. Hətta ola bilər, həmin məlumatlar qorunsun, qapalı olsun, yenə də müxtəlif üsullarla əldə etmək mümkünləşir. İndi elə elektron proqramlar hazırlanıb ki, müəlliflərin, kitabxanaların, informasiya agentliklərinin xüsusi bazalarını sındırıb, məlumatları əldə etmək mümkün olur. Bəzən texniki və hüquqi qorunma rejiminin özü yetərli olmur. Mühafizəni də aşan, materialları çap edən proqramlar tapılıb, mənfi məqsədlər üçün istifadə edilir”.

 

Beynəlxalq müqavilələr müəllif hüquqlarının qorunmasında yetərli deyil

 

İndiyə kimi qəbul olunan bir sıra universal beynəlxalq müqavilələri xatırladan R.Mahmudov deyib ki, internetdə müəlliflik hüquqlarının və intellektual mülkiyyətin qorunmasına dair normalar öz əksini tapsa da, onlar ən ümumi məsələləri tənzimləyir, bu sahədə meydana çıxan bir sıra münaqişələri həll etmir: "Ona görə də internetdə intellektual mülkiyyət hüquqlarının qorunmasına dair xüsusi beynəlxalq konvensiyanın qəbul edilməsinə böyük ehtiyac duyulur. Qurulmaqda olan qlobal informasiya cəmiyyətinin əsas müddəaları budur ki, informasiyanın yetərliliyi, texniki imkanlar təmin olunduqda müəllif hüquqlarının pozulmasına gətirib çıxarır. Çünki müəllif adətən yazdığı əsərlərdən, məqalələrdən gəlir əldə etmək istəyir.

Əqli mülkiyyət növü olan kitab, elektron versiyada yerləşdirirsə, müəllifin gəlir qazanmasına maneə yaranır. Ona görə də dünyada müxtəlif fikirlər var. Müəlliflər elə təmin olunmalıdır, onlar elə böyük qonorar və gəlir əldə etməlidirlər ki, onlar növbəti dəfə əsərin təzədən istifadəsinə maraqlı olmasınlar.

Amma bir qrup insanlar isə düşünür ki, informasiya cəmiyyəti hər bir insan üçün açıq olmalıdır. Hər kəs istədiyi məlumatı, kitabları, məqalələri, araşdırmaları asan və pulsuz şəkildə əldə etməlidir. Bu iddianı səsləndirənlər informasiya cəmiyyətinin fəlsəfəsinin məhz bundan ibarət olduğunu düşünür”.

 

Piratçılıqla mübarizə problemləri

 

Mütəxəssis onu da əlavə edib ki, informasiya cəmiyyətində əqli mülkiyyət və müəlliflik hüququnun əsas problemlərindən biri piratçılıqdır: "Hüquqi anlamda, piratçılıq - pirat məhsulun hazırlanması və yayılmasıdır. Pirat məhsul dedikdə isə, hüquq sahibinin razılığı olmadan hazırlanan və yayılan audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələri nəzərdə tutulur. Pirat məhsulların bir çoxu da məhz elmi-texniki fəaliyyətin nəticələri ilə əlaqədardır. Piratçılıq da müəllif hüquqlarının pozulması deməkdir. Əgər bu gün bizim hüquqi sistem onu bir qanun pozuntusu kimi qəbul edirsə, dünyanın bəzi ölkələrində piratçılığı dəstəkləyən qüvvələr də var. Onlar hər bir vətəndaşın məlumatlara pulsuz çatmasına şərait yaradılmasının zəruri olduğunu düşünür.

Piratçılıqla mübarizənin ən effektli vasitələrindən biri müəllif əsərlərinin elektron qeydiyyatıdır. Həm də ənənəvi üsullardan fərqli olaraq, elektron qeydiyyat müəlliflərin vaxtlarına, maliyyə vəsaitlərinə qənaət etməsi baxımından, eləcə də şəffaflıq baxımından çox səmərəlidir, çünki elektron xidmət vasitəsilə əsər dərhal qeydiyyatdan keçir. Lakin rəsmi məlumatlara əsasən, ölkəmizdə müəlliflər əsərlərinin elektron qeydiyyata alınmasına o qədər maraq göstərmirlər. Bu da piratçılıqla mübarizə işini çətinləşdirir. Buna görə də müəlliflərin bu işə cəlb edilmələri üçün müvafiq təbliğat-təşviqat tədbirləri həyata keçirilməlidir”.

 

Hazırda beynəlxalq praktikada virtual mühitdə müəllif hüquqlarının qorunmasının üç üsulu tətbiq edilir. Birincisi, şəbəkədən "müəllif hüquqları” anlayışının götürülməsini və müəllifə istinadən əsərlərdən azad istifadəni nəzərdə tutur. İkincisi, internet resurslarında müəllif hüquqları obyektlərinin azad istifadəsi halında müəllifə müəyyən mükafatın ödənilməsini ehtiva edir. Son variant qanunvericiliyin sərtləşdirilməsini və istifadəçilərin hüquqlarının bir qədər məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycanın müvafiq qanunvericilik siyasətində ikinci varianta üstünlük verilir.

 

Müəllif hüquqlarının və əqli mülkiyyətin hüquqi qorunması

 

İnformasiya cəmiyyətində əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunmasının hüquqi tərəflərini izah edən media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin sözlərinə görə, insanlar özləri əqli məhsullarının nəticəsini bəlli bir əmtəəyə çevirərək, öz yaşamlarını təmin edə bilməlidirlər: "Müəllif bir yazını, əsəri ortaya çıxarıbsa, artıq əmtəə yaradıb. Düzdür, bu, intellektual məhsulun nəticəsi olan əmtəədir. Ona görə müəllif hüquqlarının qorunması, xüsusilə, İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafında önəmli rol oynayır. Çünki həmin mülkiyyət qorunmaqla, yeni intellektual mülkiyyətlərin yaranma şansı artır. Müəllif hüquqları qorunmadıqda isə bir müəllif bunu yaradır, başqaları sui-istifadəyə yol verib, onu öz məhsulu kimi təqdim edib, pul qazanırsa, gerçək əqli mülkiyyət sahibi kənarda qalacaq. Bu zaman onun motivasiyası olmayacaq. Yeni, orijinal əsərlərin ortaya çıxması baxımından vacibdir ki, müəllif hüquqları qorunsun”.

Müəllif hüquqlarının qorunması ilə bağlı birmənalı olaraq, "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda müddəa olduğunu diqqətə çatdıran Ə.Məmmədli deyib ki, başqalarının əsərlərini və məqalələrini nə qədər istifadə edə biləcəyiniz göstərilir: "Amma yenə də şəxsin adını və ya təxəllüsünü göstərmək şərtdir. Bütövlükdə məqaləni və ya hər hansı bir əsəri götürdükdə isə şəxsin adından istifadə etmədən məlumatı şəxsiləşdirmək olmaz.

 

Tutalım ki, kino çəkirsiniz, bundan 5 dəqiqəlik fraqmenti götürüb, "Bu, filankəsin kinosudur” - deyə təqdim etmək olar. Amma bütün kinonu şəxsin adını da üzərində dərc etməklə belə yayımlamaq düzgün deyil.

 

Başqa bir misal: məqalə yazmısınız, araşdırma etmisiniz. Sizin məqalənizə müəyyən istinadlar verib, adınızı qeyd etməklə, məqalədən bir hissə yayımlaya bilərlər. Amma bütünlüklə məqaləni götürüb, icazəniz olmadan adınızı saxlamaqla çap edilməsi yenə də hüquqların pozulmasıdır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində və Mülki Hüquq baxımından əqli mülkiyyət hüquqları pozulan şəxs maddi və mənəvi kompensasiya tələb edə bilər”.

 

İntellektual mülkiyyətə dair vərəsəlik problemi

 

Ənənəvi müəlliflik hüququ ilə bağlı vərəsəlik məsələlərinin həlli bir sıra milli qanunvericilikdə, o cümlədən Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Belə ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası Qanununa görə, əgər müəllif hüquqi şəxsdirsə, müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Lakin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan qanunvericiliyində patentlə bağlı vərəsəlik hüququ nəzərdə tutulmayıb. İnternetin meydana gəlməsi ilə intellektual mülkiyyətlə bağlı vərəsəlik məsələsində yeni suallar ortaya çıxdı. Birinci sual ondan ibarətdir ki, internet şirkətlərini mülkiyyətin hansı növünə aid etmək lazımdır: fiziki mülkiyyətə, yoxsa əqli mülkiyyətə? Məsələ ondadır ki, fiziki mülkiyyətin vərəsəliyi ilə bağlı hüquqi ənənə olsa da, virtual mülkiyyətə münasibətdə belə təcrübə yoxdur. İkincisi, veb-saytların, e-poçt ünvanının, sosial şəbəkələrdə, forumlardakı şəxsi səhifələrin vərəsəlik məsələsi necə həll olunmalıdır? Müvafiq beynəlxalq konvensiyalar da bu məsələlərə toxunmur. Bu cür məsələlərlə bağlı yalnız ayrı-ayrı məhkəmə qərarları presedent rolunu oynayır. Məsələn, İraq müharibəsi zamanı həlak olan bir ABŞ əsgərinin valideynləri qanuni vərəsələr kimi onun Facebook-dakı şəxsi profilinin parollarını əldə etmək üçün məhkəməyə müraciət etmişdilər və məhkəmə onların xeyrinə qərar çıxartmışdı.

 

 

Aysel Aslan

 

Məqalə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?