Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti


2017-05-25 15:00:51

 

http://www.sherg.az/

 

 

"Bütün incəsənət əsərləri və ixtiralar insan dühasından yaranır. Bunlar insanın layiqli həyatı üçün təminat mənbəyidir. İncəsənət və ixtiraların bütün növlərinin etibarlı qorunması dövlətin borcudur”. Doktor Arpad Boqşa məxsus olan bu əhəmiyyətli sözlər ÜƏMT-nin Cenevrədə yerləşən mənzil-qərargahının günbəzində yazılıb. Bu kəlmələr mahiyyətcə və fəlsəfi baxımdan parlaq və anlaşıqlı şəkildə əqli mülkiyyətin müasir dünyada rol və əhəmiyyətini təsvir edir.

 

Azərbaycan Respublikası hüquqi demokratik dövlətdir. Onun bir çox vacib atributları sırasına əqli mülkiyyət sahəsində dövlət siyasəti, yaradıcı, əqli əməyə ictimai münasibət də daxildir. Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısı Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Müəllif Hüquqları Agentliyi bu sahədə ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda yaradılaraq, 1996-cı ildə müstəqil Azərbaycanın əqli mülkiyyət sahəsində "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” ilk Qanunu və 2002-ci ildə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Qanun qəbul edildi. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə müəllif-hüquq sisteminin dinamik inkişafı davam etdirilərək, yeni "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və "Məlumat toplularının hüquqi qorunması haqqında” Qanunlar qəbul edildi və qanunvericilik bazası müasir beynəlxalq standartlara uyğunlaşdırıldı. 

 

Dövlət başçısının göstərdiyi qayğı və dəstək sayəsində son illər analoqu olmayan "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilmiş, Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılmış, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılmış, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafına aid Uzunmüddətli Milli Strategiya hazırlanmış, Aİ ilə Tvinninq layihəsi həyata keçirilmiş, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilmişdir. Dünya ictimaiyyəti əqli mülkiyyətə böyük maraq göstərir. BMT-nin xüsusi təşkilatı olan ÜƏMT onu təsis edən konvensiya vasitəsi ilə 184 dövləti özündə birləşdirir. Onun inzibati idarəçiliyində 25 konvensiya fəaliyyət göstərir. Bunların sırasında 100 ildən artıq fəaliyyətdə olan 4 beynəlxalq müqavilə, sənaye mülkiyyəti üzrə 15 və müəlliflik hüququ ilə bağlı 9 müqavilə mövcuddur. Əqli mülkiyyətin istifadə miqyası da diqqəti cəlb edir.

 

Əqli Mülkiyyət hüququnun, milli müəllif hüquq sisteminin yaradıcısı - Heydər Əliyev...

 

Azərbaycanın əqli mülkiyyət hüququnun və ona əsaslanan milli müəllif-hüquq sisteminin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevdir. Geniş mənada mədəniyyəti və mədəni irsi, hüquq və hüquq ənənəsini yaratmaq mümkün deyildi, ona yalnız Heydər Əliyev kimi bir dühanın qayğısı və himayədarlığı sayəsində varis çıxmaq, onu qoruyub saxlamaq və zənginləşdirmək mümkün idi. Məhz "milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağ”ı söyləyən və bu prinsipi azərbaycançılıq məfkurəsinə daxil edən ümummilli liderimizin səyləri nəticəsində milli əqli mülkiyyət hüququnun əsas məqsədləri kimi mədəni irsin qorunub saxlanması, yayılması və zənginləşdirilməsi formalaşdırılaraq, Azərbaycanın əqli mülkiyyət institutunun bünövrəsi qoyuldu. O cümlədən folklor nümunələrinin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması, folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması, Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması istiqamətində layihələr həyata keçirildi.

 

Azərbaycanda əqli mülkiyyət haqqında qanunvericiliyin inkişafı belə nəticəyə gəlməyə əsas verir ki, əqli mülkiyyət hüququna müstəqil hüquqi institut kimi baxılır və bu institut əqli mülkiyyəti əqli fəaliyyətin obyektiv əks etdirilmiş nəticəsinə olan hüquqların məcmusu kimi izah edir. Azərbaycan folkloru nümunələrinin ermənilər tərəfindən qeyri-qanuni istifadəsinin və folklor nümunələrinə zərər vuran digər hərəkətlərin qarşısının alınması, habelə folklor nümunələrinin qorunmasını təmin edən dövlət orqanları və təşkilatların işini koordinasiya etmək məqsədilə, həmçinin folklor nümunələrinin təhrif olunması, mənimsənilməsi halları ilə bağlı ekspert rəylərinin verilməsi üçün səlahiyyətli orqan nəzdində ictimai əsaslarla müvafiq nazirliklərin, təşkilatların səlahiyyətli nümayəndələrindən və görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərindən ibarət Folklorun qorunması üzrə Milli Şuranın yaradılması istiqamətində işlər görülür.

 

 Piratçılığın artmasının qarşısını məhz dövlət özünün müvafiq hüquq-mühafizə orqanları vasitəsilə və kütləvi-hüquq üsullarının tətbiq edilməsilə dayandıra bilər.

 

Son illərdə dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür. Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanovun təbirincə desək, Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi, müəllif-hüquq sahəsində də dövlət başçısının son illər düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi dayanır.

 

Son illər Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, iqtisadi və sosial uğurlarının durmadan artdığını qeyd edən K.İmanov vurğulamışdır ki, bütün bunların ən mühüm zəmini Prezident İlham Əliyevin siyasi təfəkkürünün və düşüncə tərzinin kreativliyi və gələcəyə yönəlməsidir.

 

Əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun, informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi istiqamətində görülən işlər barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizami Cəfərov danışdı: 

 

"Azərbaycanda Müəllif hüquqları Agentliyi fəaliyyət göstərir və bu məsuliyyətli işin başında Kamran müəllim vicdanla çalışır. Kifayət qədər də geniş fəaliyyət göstərən bir qurumdu. Bu sahədə xeyli işlər görülüb. Müəllif hüquqlarının bərpa olunması istiqamətində də həm ölkə daxilində, həm də ölkədən kənarda xeyli işlər görülüb. Müəllif hüquqları ilə bağlı da dünya təcrübəsindən yetərincə öyrənilib. Burda bəzi məqamlar var ki, bu məsələlərə xüsusilə diqqət yetirilməlidi. Fərdi mülkiyyət huquları onsuz da qorunur, müəlliflər bəllidir. Bir də var millətin mədəni irsinin, folklor nümunələrinin, tarixi abidələrin və s. Bu kimi mədəni irs nümunələrimizin qorunmasına, bu məqamda bir az daha ciddi və prinsipial olmaq lazımdı. Məlumdur ki, bu gün Azərbaycan müharibə şraitində yaşayan dövlətdi, bizim işğal altında olan torpaqlarımız var və burada yüzlərlə milli-mədəni sərvətlərimiz, mənəvi irs nümunələrimiz, tarixi abidələrimiz var ki, onların da gələcək taleyini düşünmək vacibdi. Bu da məlumdur ki, ermənilər zaman-zaman Azərbaycan milli-mədəni irs, folklor nümunələrimizə qarşı piratçılıq mövqeyini sərgiləyiblər. Necə deyərlər, birtərəfli şəkildə milli-mədəni irsimiz mənimsənilib. Təbii ki, bunun qarşısını almaq üçün də Azərbaycan dövləti, Müəllif Hüquqları Agentliyi xeyli işlər görüb. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda olan bütün tarixi abidələri, tikililərdən başlamış, musiqi nümunələrimizə qədər onları kodlaşdırıb, nömrələyib və onlar haqqında tam elmi təsəvvür yaradılıb. Onların tarixi barədə rəsmi məlumatlar hazırlanıb. 

 

Hətta onu da xüsusi şəkildə qeyd edək ki, Azərbaycanda təkcə milli abidələrimiz deyil, digər millətlərə aid abidələr, milli folklor nümunələri də qorunaraq eyni səviyyədə qayğı ilə əhatə olunur. Yəni Azərbaycanda rus, yəhudi kilsələri varsa, onlar da milli mədəni irs nümunələri kimi qorunur. Bir həqiqət də danılmazdır ki, Azərbaycan ərazisində yerləşən bütün milli-mədəni sərvətlər Azərbaycan dövlətinə məxsusdu. Yəni bizdə mədəni irs nümunələrinə, folklor sənətinə birmənalı şəkildə obyektiv münasibət mövcuddu. Əvvəllər erməni piratçılığı daha çox görünürdü, bu gün artıq istər dövlət səviyyəsində, istərsə də Müəllif Hüquqları Agentliyinin gördüyü işlər nəticəsində demək olar ki, bu problemlər minimuma endirilib. Biz öz müəllif olduğumuz əsərlərə hüquqi baxımdan da sahiblik edirik”.

 

Millət vəkili işğal altında olan abidələrimizin, milli-mədəni irs nümunələrmizin qorunması istiqamətində də Azərbaycanın mövqeyini açıqladı: 

 

"Ermənilərin işğal etdiyi abidələr haqqında tədqiqatlar aparılır, onlar haqqında məlumatlar aparılır və onların qeydiyyatı, pasportu aparılır. Azərbaycan dövləti Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüquqlarının qorunması istiqamətində ciddi işlər aparır, mədəni irs nümunələrimiz haqqında da beynəlxalq aləmə lazımi informasiya ötürür. Yəni heç kəs indiki mürəkkəb şəraitdə, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus abidələri mənimsəməsin. Bu da bir həqiqətdir ki, işğal altında olan abidələrin bir hissəsi dağıdılıb, məhv edilib. 

 

Bununla bağlı da işlər aparılır. Dağıdılmış abidələrin də tarixi mənbəyi barədə sənədlər yığılır, buna qarşı mübarizə aparılır, dağıdılmış abidələr də kodlaşdırılır. Tutaq ki, 16-17 əsrlərə aid olan abidələr dağıdılıbsa, onların tarixi sənədləri hazırlanır. Ermənilər adətən mütəxəssis olmayan yerdə piratçılıqdan istifadəyə üstünlük verirlər. Bu gün Azərbaycan maksimum dərəcədə erməni piratçılığı ilə mübarizə aparır. Dünyanın hər yerində bu gün bu sahənin tanınmış, böyük nüfuza sahib mütəxəssisləri var ki, onlar tarixi çox gözəl araşdırırlar. Azərbaycan Müəllif Hüquqları Agentliyi də milli-mədəni irsimizin, folklor nümunələrimizin qorunması istiqamətində böyük nailiyyətlərə imza atır. Hətta məhv olmuş, dağıdılmış abidələrimiz haqqında da tarixi təsəvvürlər bərpa olunur. Müəllif Hüquqları Agentliyi Beynəlxalq səviyyədə işlərini davam etdirir. Bu cəhətdən bu gün Azərbaycan kifayət qədər öz milli irsinə, abidələrinə, əqli mülkiyyətinə sahib çıxmağa qadirdi”.

 

Millət vəkili Aydın Mirzəzadə də əqli mülkiyyətin, milli-mədəni irsimizin qorunması və onların hüquqi təminatı ilə bağlı maraqlı fikirlər açıqladı: "Əqli mülkiyyətin, milli irsin qorunması həssas məsələdi. Müəllif hüququnun vaxtında qeydə alınması gələcəkdə onun oğurlanmasının qarşısını almaq üçün ən vacib addımlardan biridir. İkincisi, əqli mülkiyyətin oğurlanması halı da baş versə, məhkəmə qaydasında bunun qarşısını almaq, təzminat tələb etmək imkanı daha real olur. Dünyada bu sistem işləyir və Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu istiqamətdə böyük işlər görüb. Sovet dönəmlərində biz müstəqil subyekt olmadığımıza görə o dövrdə xalqımıza məxsus mədəni sərvətlərimiz, o cümlədən əqli mülkiyyət obyektlərimiz digərləri tərəfindən oğurlana bilirdi. Xüsusilə də ermənilər tərəfindən bu kimi piratçılıq hallarına tez-tez rast gəlinirdi. Artıq müstəqillik əldə olunduqdan sonra Müəllif Hüquqları Agentliyi bu məsələlərə ciddi nəzarət edir, bu sahədə bəlli strategiya hazırlanıb. Eyni zamanda Azərbaycan təkcə milli müəllif hüquqlarının qorunması istiqamətində işləmir. Bizim bir çox həm maddi, həm də qeyri-maddi sərvətimiz YUNESKO-da xüsusi qeydiyyatdan keçib. 

 

Bu baxımdan oğurluq, plagiatlıq halları meydana çıxarsa, biz artıq YUNESKO-nun mühafizəsində ordumuz üçün əminəm ki, məsələ hüquqi müstəvidə həllini tapa bilər. Azərbaycan xalqı çox yaradıcı bir xalqdı, onun tarixən həm mədəni, həm əqli mülkiyyət sərvətləri kifayət qədər çoxdu. Müasir dövrün özündə də bir çox buna misallar göstərmək mümkündü. Mədəni sərvətə malik olmaq, dünya birliyində nüfuzlu yer tutmaq gələcək nəsillərə zəngin bir irs qoyub getmək deməkdi. Bu məsələdə cəmiyyətin hər bir üzvü həssas olmalıdı. Xüsusilə gənclər bu məsələnin fəlsəfi və mənəvi dəyərini də dərk etməlidirlər”.

 

Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində nə qədər oturuşmuş sistem yaradılsa da, ermənilər tərəfindən milli-maddi və qeyri-maddi sərvətlərimiz oğurlana bilir, piratçılığa məruz qalır. Bunların qarşısını almaq üçün Azərbaycan daha hansı addımlar ata bilər və bu sahədə hansı işlər görülməlidi. Aydın Mirzəzadə bizlər üçün həssas olan bu problemə də münasibət bildirdi: "Prinsipcə, Müəllif Hüquqları Agentliyini daha da zəruriləşdirməliyik. Xarici dövlətlərin təcrübələrini öyrənməli, onların tətbiqinə çalışmalıyıq. Xarici ölkələrin bu tip agentlikləri ilə sıx əməkdaşlıq olmalıdır. Eyni zamanda qəsbkar qonşularımın piratçılığa meyilli olmasını nəzərə alaraq bu sahəni daha çox diqqətdə saxlamaq lazımdır. 

 

Vacib məsələlərdən biri də bu sahədə hazırlıqlı hüquqşünasların olmasıdır. Paralel olaraq bu sahədə incəlikləri araşdırmaq və bu məsələdə qətiyyən laqeydləşmək olmaz. Plagiatlıq halları baş verdikdə susmaq, problemi öz axarına buraxmaq qətiyyən qəbulounmazdı. Çünki bu, gələcəkdə əqli mülkiyyət sərvətlərimizin yiyələnməsinə gətirib çıxara bilər. İnformasiya cəmiyyətində, virtual dünyada əqli mülkiyyətə nəzarət bir qədər də çətinləşir. Bunun üçün xüsusi proqramlar hazırlanmalı, dünya təcrübəsindən maksimum yararlanmaq lazımdı. Düşünürəm ki, Müəllif Hüquqları Agentliyi bu istiqamətdə dövlətin və millətin maraqlarını təmin edən ciddi işlər görür. Bu sahədə mətbuat da dəstəyini nümayiş etdirməlidir. Bu da vacib amillər sırasındadı”.

 

 

Tahirə Məmmədqızı

 

Məqalə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?