Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Əqli mülkiyyətin iqtisadiyyatdakı rolu günbəgün artır


24.05.2017 | Saat: 19:15:00 

 

http://hafta.az/index2.php?m=yazi&id=200127

 

 

Son illərdə Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun yüksək templi inkişafı göz önündədir. Vurğulamaq yerinə düşər ki, dövlət rəhbərliyi səviyyəsində, şəxsən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər əqli mülkiyyət sahəsinin inkişafının sürətləndirilməsinə təkan verib və bu, ölkə iqtisadiyyatının inkişafında əqli mülkiyyətin rolunu daha da artırmaqdadır. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov KİV-ə verdiyi açıqlamasında bildirib ki, son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolu günbəgün artır. Onun sözlərinə görə, artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir: «Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarəolunması üçün müasir hüquqi-normativ baza yaradılıb və nəticədə ölkə sənayesi ilə ixtiraçılar, yəni yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait formalaşıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi və siyasi kurs isə iqtisadi effektivliyə malik, müasir texnologiyalara, təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına və bu iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət edir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir.Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi, rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır.Çünki biliklərə əsaslanan iqtisadiyyatın əsas məzmunu biznes mühitində elmi yeniliklərin istifadəsidir, həmçinin yüksək texnologiyaların kommersiyalaşması, ixtiraçıların biznes mühitində yaxından iştirakı müasir dövrün çağırışlarından sayılır».

Komitə sədri vurğulayıb ki, iqtisadi səmərəliliyə malik müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətlə bərqərar olması və iqtisadi tərəqqi naminə sənayenin səmərəliliyinin artması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Yeni texnologiyalar və ixtiralar öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə, bir sözlə, insan kapitalına aid dəyərlərdir: «Rəqabət qabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi Azərbaycanda yeni texnologiyaların gətirilməsi ilə bərabər, yerli elmi-texniki araşdırma mərkəzlərinin də inkişaf etdirilməsinə təkanverici amilə çevrilməlidir. Müasir sənayenin rəqabətliliyini artırmaq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməlidir.Sənayenin səmərəliliyinə təsir edən bir çox iqtisadi-sosial faktorlar sırasında texniki ixtiralar, faydalı modellər, sənaye nömrələri əsas amillər kimi qiymətləndirilməlidir.Qeyd olunan intellektual komponentlər qeyri-maddi aktivlər kimi çıxış edərək, istehsal proseslərinin səmərəliliyini artırmaqla bərabər, sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir.Dünya bazarlarına daha da uğurlu nəticələr yol açır.Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna halların qorunması mexanizminin, patent sisteminin rolunu günbəgün artırır.Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur». 
Ramiz Həsənov əlavə edib ki, innovasiyalar iqtisadiyyatın inkişafına xidmət edən vacib amil olduğu üçün iqtisadi inkişafın səviyyəsi və sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə qiymətləndirilir. Cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır: «Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabət imkanlarının artırılmasına yönəlib. İnnovasiyalar qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha uğurlu nəticələrə yol açır.Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmini, yeni həllərin axtarışının təşviqi, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artıb».

Sosial-iqtisadi tərəqqi intellektual potensialın səfərbərliyindən asılıdır

Xatırladaq ki, dövlət başçısının təsdiq etdiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilib. Bundan əlavə, Prezident İlham Əliyevin hələ 2014-cü ildə müəyyənləşdirdiyi Azərbaycan elminin yeni prioritetlərindən biri də məhz fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə əlaqədardır. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışlarından birində qeyd edib ki, Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinin əsasında ölkənin təbii resursları ilə intellektual potensialını səfərbər edən rasional dövlət siyasəti dayanır. Ona görə də qeyri-neft sektorunun inkişafı baxımından ölkənin demoqrafik vəziyyəti elmi baxımdan araşdırılmalı, daxili insan resurslarımızla bağlı gerçək mənzərəni əks etdirən konsepsiyalar hazırlanmalıdır: «Digər tərəfdən, mövcud təbii şərait və potensial nəzərə alınaraq ölkənin ərzaq təhlükəsizliyinin qorunması və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi Azərbaycan elmi qarşısında əsas vəzifə kimi qarşıya qoyulub. Bu gün ölkəmizdə uğurla həyata keçirilən islahatlar aqrar sahəni də əhatə edir.Bunun nəticəsində kənd təsərrüfatı ildən-ilə inkişaf edir.Bu prosesi daha da sürətləndirmək məqsədilə dövlət tərəfindən daim dövlət proqramları və mütərəqqi qanunlar qəbul olunur, aqrar sahəyə əhəmiyyətli dəstək verilir.Bu gün ölkəmizdə əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı malları ilə təmin etmək üçün güclü potensial mövcuddur.Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yarandığı bir dövrdə Azərbaycanda əhali kənd təsərrüfatı məhsulları ilə etibarlı təmin olunur.Bütün bunlara baxmayaraq, ölkəmizdə aqrar elmlərin inkişafı üçün həyata keçirilməsi zəruri olan kompleks tədbirlər də var. Çünki müasir elmi yanaşmalar olmadan bu sahədə uğur qazanmaq mümkün deyil».

Akif Əlizadə çıxışında həmçinin beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından da danışıb. Bildirib ki, elmi-tədqiqat fəaliyyəti göstərən təşkilatların və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnoz etmək tələb olunur: «Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi mümkünləşsin və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın».

 

Əqli mülkiyyət inkişafa xidmət etməlidir

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov KİV-ə verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elm tutumlu sahənin genişlənməsi deməkdir: «Belə ki, dövlət başçısının təşəbbüsü əsasında «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydaları üzərində işlər aparılır. Bu sıraya digər sistemli tədbirlər də daxil olmalıdır. Bu baxımdan investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, biznesə aid inzibati prosedurların sadələşdirilməsi, səmərəli fəaliyyət göstərən dövlət dəstəyi, vergi və gömrük güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi və sair çox mühüm islahatlardır. Üstəlik, sənaye parklarının və məhəllələrinin, aqroparkların və biznes-inkubatorların yaradılması inkişafın yeni üfüqlərini açır».

Sədr bildirib ki, əqli mülkiyyət inkişafa xidmət etməlidir və bu səbəbdən Prezident İlham Əliyev tərəfindən qoyulan qarşıdakı hədəflər nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, 2014-2020-ci illərdə qeyri-neft sektorunun inkişafına dair bir sıra hədəflər çərçivəsində qarşıda duran əsas vəzifələr qeyri-neft ÜDM-in həcminin iki dəfədən çox artırılması və adambaşına düşən ixrac həcminin 1000 dollara çatdırılması və bunları təmin etmək məqsədilə qeyri-neft sənayesi üzrə ÜDM-in orta illik real artımının 7 faizdən çox yüksəldilməsidir: «Bu hədəflərə nail olmaq üçün investisiya və innovasiya ssenarisi istifadə olunacaq. İnvestisiya ssenarisinin seçimi və həyata keçirilməsi ilə bağlı əqli mülkiyyətin və onun nəticələri olan intellektual dəyərlərin inkişafında kəşflərə, nou-xau, elmi tədqiqatlara, patentlərə qoyulaninvestisiyalar mühüm roloynayacaq. İnnovasiya ssenarisinin seçimi və həyata keçirilməsi elm tutumlu, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı, yeni texnologiyalardan istifadəni və yeni növ texnologiya və avadanlığının mənimsənilməsini, innovasiya infrastruktur şəbəkəsinin qurulmasını, həmçinin elm, təhsil və istehsal müəssisələrinin innovasiya sahəsində birgə əlaqələrinin yaradılmasını, hər bir müəssisədə elm və innovasiya fəaliyyətinin genişlənməsini və bununla da onların özlərinin əqli mülkiyyət strategiyalarının formalaşdırılmasını tələb edəcək».

 

 

Təbriz VƏFALI

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?