Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Elmi biliklərin praktikliyini necə artırmaq olar?


Tarix: 15.11.2016 | Saat: 18:15:00 


http://hafta.az

 

 

Mütəxəssislərin fikrincə, elmdə prioritet istiqamətlərin yenidən araşdırılması zəruridir

Bu gün Azərbaycanın dövlət siyasətində təhsil və elm əsas prioritet istiqamətlərdən sayılır. Son illər bu sahədə aparılan islahatlar da göstərir ki, ölkəmiz elm və biliyə əsaslanan inkişaf yolunda sürətlə irəliləməkdədir. Belə ki, artıq təhsillə elmin vəhdəti nəticəsində cəmiyyət elmi biliklərin faydasını daha qabarıq şəkildə müşahidə etməyə başlayıb. Lakin bu istiqamətdə boşluqlar da az deyil. Məsələn, bugünkü şəraitdə ixtiraçılıq sahəsinin inkişafına və bu sahədə əqli mülkiyyət hüquqlarının qorunmasına diqqətin artırılması vacib sayılır. 
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov da “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktur müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı bu məsələyə diqqət çəkib. Nazir bildirib ki, ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: “Ali məktəblər həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə, iqtisadi artım mərkəzlərinə çevrilirlər. Elmi bilik tətbiq edilməyəndə, cəmiyyət həmin bilikdən bəhrə əldə etməyəndə, o biliyin dəyəri məhdud xarakter daşıyır. Bununla da cəmiyyətin sosial sifarişi tam həcmdə yerinə yetirilmir”.
M. Cabbarov qeyd edib ki, texnologiyanın gündəlik həyata tətbiqi təmin edilməsə, onun dəyəri sözügedən sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olsa da, ölkənin inkişafında rolu məhdud qalır: “İstənilən elmi fəaliyyətin həyata keçirilməsi üçün cəmiyyət, dövlət, biznes strukturları tərəfindən alətlər təqdim edilməlidir. Burada həm maddi, həm də qeyri-maddi alətlər nəzərdə tutulur. İstənilən texnologiyanın gündəlik həyatda tətbiqi təmin edilmədən onun dəyəri yalnız bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər üçün önəmli olaraq qalır, lakin ölkənin inkişafında rolu geniş nəzərə çarpmır".
Azərbaycan Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov isə deyib ki, əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır. Onun sözlərinə görə, Təhsil Nazirliyində və Elmlər Akademiyasında elmi-tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır və danılmaz faktdır ki, əqli mülkiyyət siyasətinin bu işlərdə dəstək olması ön plana çevrilir: "Təhsil Nazirliyinin rəhbərliyinin təşəbbüsü və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi nəticəsində bu mövzu ilə bağlı daha geniş miqyasda yeni konfransın keçirilməsi ərsəyə gəldi. Məsələnin kökü dövlət başçısının yürütdüyü yeni iqtisadi siyasətindədir, elm və təhsil ocaqlarının bu siyasətin icrasına qoşulmasında və innovativ inkişafdakı yerini möhkəmləndirməsindədir. Məlum məsələdir ki, dünya böhranı fonunda dayanıqlı inkişafı təmin edən Azərbaycan hazırda dövlət başçısının ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Cənab prezident İlham Əliyevin neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb".
K.İmanov qeyd edib ki, Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi müəllif-hüquq sahəsində də dövlət başçısının düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi durur: "Əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədi ilə MHA nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzinin smart-tipli təlim xidməti vasitəsilə istər əyani (Mərkəzdə), istər distant təlimləri, rəy və sorğular əsasında ilkin hazırlıqdan asılı olaraq, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron prezentasiyaları, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılıb. Bununla yanaşı, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilərək, 6 bənddə əqli mülkiyyətin inkişafı ilə vacib məsələlər nəzərdə tutulur. Müəlliflik və oxşar hüquqlar üzrə Milli Strategiya 2013-cü ildən təsdiq edilib, sənaye mülkiyyəti üzrə Strategiya da artıq hazırdır və əqli mülkiyyət üzrə hər iki qurumun rəhbərlərinin birgə əmri əsasında bu iki qolun vahid sənəddə uyğunlaşdırılması işi gedir. 20-25 il öncə kölgədə olan əqli mülkiyyət fenomeni hazırda nəzərəçarpan dərəcədə inkişaf etmiş və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Yeni kontekst həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yerini dəyişdirərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Həqiqətən, beynəlxalq sənədlərdə "biliklərə əsaslanan" cəmiyyəti və əqli mülkiyyətin təsirini ölçərək, bir neçə meyarlar əsas götürülür. İlk növbədə innovasiya sistemlərinin keyfiyyətli fəaliyyəti, biliklərin yaranması, əldə edilməsi və tələbata uyğun elmi və yaradıcılıq strukturlarının əqli fəaliyyət nəticələri. Bu isə əqli mülkiyyətin yaradılması şəraitidir. Digər tərəfdən, təhsil və təlim səviyyəsi və şəraiti, peşəkar hazırlığı olan və təhsilli əhalinin mövcudluğu nəzərə alınır. Bu isə əqli mülkiyyətin keyfiyyətli istifadəsi deməkdir. Bundan savayı bilik və informasiyaların yayılmasını, kommunikasiyasını və emalını təmin edən dinamik İKT strukturunun olması vacib şərtdir. Bu isə əqli mülkiyyətin yayılması şəraitidir".
MHA sədri həmçinin bildirib ki, universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik kommersiyalaşmış texnologiyaları çatdıranlar olmalıdır: “Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir. Odur ki, əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir. Bunlarla bağlı, dünya təcrübəsi və qanunvericilik, normativ-hüquqi və təlimat bazasının təkmilləşdirilməsi təklifləri irəli sürüləcək".
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov da deyib ki, XXI əsr elmə, biliyə söykənən əsrdir: “Cəmiyyət özü müəyyən etməlidir ki, ona hansı elmi məhsul lazımdır. Elmdə prioritet istiqamətlər yenidən araşdırılmalıdır. Yəni nəyi öyrənmək, nəyi öyrənməmək məsələsi yenidən müəyyənləşməlidir. Sovetlər dövründə fizika aparıcı olduğu üçün fizikanı daha dərindən öyrənirdik. Çünki sovet imperiyasına silah tələb olunurdu, hərbi sənaye kompleksinin inkişafı vacib məsələ idi. Silah istehsalı qaynaqlarının əksəriyyətinin elmi-nəzəri müddəalarını fiziklər, riyaziyyatçılar, kimyaçılar hazırlayırdı. Amma indi Azərbaycan müstəqil, bəşəri dəyərlərə söykənən bir dövlətdir və bu saat bizim üçün iqtisadiyyat, hüquq, tibb və digər sahələrin inkişafı daha çox vacibdir. Fikrimcə, hansısa göy cismində gedən prosesləri öyrənmək deyil, fizikanın, kimyanın, riyaziyyatın, biologiyanın tədrisinin metodikası Azərbaycan xalqı üçün daha önəmlidir. Çünki göy cisimlərində tapılan hansısa əlamət ola bilsin ki, dünya elminə bir damcı töhfə olar, lakin bunun Azərbaycan xalqına elə də böyük dəxli yoxdur. Dəqiq elmlərin tədrisinin metodikasını öyrənsək, Azərbaycan əhalisinin təqribən yarısı bundan faydalana bilər. Deməli, nəyi daha çox öyrənmək məsələsinə yenidən baxılmalıdır, tədqiqat mövzularının sırası yenidən hazırlanmalıdır”.

 

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?