Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan əqli mülkiyyət sahəsində bir sıra mühüm layihələrin uğurlu icraçısı olub


21.06.2016 [15:35]

 

http://azertag.az/xeber/963388

 

 

İyunun 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə Bakıda “Universitetlər və tədqiqat institutlarında Əqli Mülkiyyət siyasətləri” mövzusunda 2 günlük subregional seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Niyazi Rəhimov cari iqtisadi proseslərin Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırdığını bildirib. Onun sözlərinə görə, bu müstəvidə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.

Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yenilikləri əsas amillər kimi qiymətləndirən N.Rəhimov Azərbaycan elminin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyinin artdığını xüsusi vurğulayıb.

Niyazi Rəhimov təşkil olunan bugünkü seminarın da əsas məqsədinin məhz təhsil və elmi araşdırma mərkəzlərində əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərindən məlumatlılığın artırılmasına xidmət etdiyini bildirib.

ÜƏMT-nin iqtisadiyyatı keçid dövründə olan ölkələr və inkişaf etmiş ölkələr şöbəsinin direktoru Mixal Svantner ölkəmizdə patent sisteminin inkişafı istiqamətində aparılan institusional və qanunvericilik islahatların fəaliyyətin təkmilləşdirilməsi mexanizmlərinin tətbiqinin beynəlxalq standartlar əsasında qurulduğunu və bu islahatların ÜƏMT tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələr həyata keçirildiyini və Azərbaycanın bu layihələrin hər zaman uğurlu icraçısı olduğunu söyləyib. Qonaq qurulmuş əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Türk Patent İnstitutunun prezidenti Habip Asan da patent sahəsində iki qardaş ölkə arasında qurulmuş əməkdaşlıq əlaqələrindən söz açıb. O, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işləri və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini vurğulayıb.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, dövlətimizin əqli mülkiyyət siyasəti zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Müəlliflik və oxşar hüquqlar üzrə Müəllif Hüquqları Agentliyi (MHA), sənaye mülkiyyəti üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasında bu siyasətə diqqət yetirilir. Əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədilə MHA-nın nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzinin smart-tipli təlim xidməti vasitəsilə istər əyani, istərsə də distant təlimlər, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron təqdimatlar, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılıb.

Bununla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib, altı bənddə əqli mülkiyyətin inkişafı üzrə vacib məsələlər nəzərdə tutulub.

MHA-nın sədri vurğulayıb ki, bu şəraitdə məhz universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət üzrə lokal siyasətin olması vacibdir. Bununla bağlı iki vacib amilə, o cümlədən əqli mülkiyyətin bilik cəmiyyətində dəyişən roluna, onun bu sahədəki dövlət siyasətinə təsirinə və Azərbaycan dövlətinin başçısının göstərişlərinə və həyata keçirilən davamlı “Azərbaycan modeli”nin xüsusiyyətlərinə nəzər salaq. Müasir dünyanın və onun iqtisadiyyatının “dəmir və betona” deyil, “bilik və intellektə” əsaslanması heç də yeni fikir deyil. Həmçinin “biliklərə əsaslanan cəmiyyət”, “kreativ və ya innovasiyalı iqtisadiyyat”, “insan və ya intellektual kapitalı” yeni terminlər deyil. Vacibi odur ki, bilik və intellektə dair bu növ tərif və terminlərdə qüvvətverici stimul və ilhamverici motiv bilik və intellektin mülkiyyət ilə bağlantısının yaradılmasındadır, yəni əqli mülkiyyətin formalaşmasındadır. Çünki obyektivləşmiş bilik artıq yalnız yaradan şəxsə məxsus deyil, o digər şəxslərə onu istifadə etmək imkanı verir və iqtisadi məna alaraq, dövriyyəyə cəlb olunur, xüsusi növ əmtəəyə çevrilir.

Əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması mərhələləri ilə zəncirvarı bağlıdır, çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri kommersiyalaşmalıdır, yəni texnologiyalar universitetdən (tədqiqat institutundan) sənayeyə çatdırılmalıdır. Bu iş əsl sahiblərinin, yaradan strukturların əlində olmalıdır.

Bir sözlə, universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik kommersiyalaşmış texnologiyaları çatdıranlar olmalıdır. Bu səbəbdən universitetlərin rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir.

Digər aspekt isə Prezident İlham Əliyevin yaratdığı və uğurla həyata keçirilən, davamlı inkişafın “Azərbaycan modeli”dir. Bu model sabitlik və iqtisadi islahatçılıqla yanaşı, sosialyönümlülüyə, multikulturallığa, mədəni müxtəlifliyə, ənənəyə sadiqliyi və innovativliyi, modernləşməni, bilik əsasında tərəqqini nəzərə alan əqli mülkiyyəti və İKT-ni prioritet kimi seçən modeldir.

Dövlətimizin başçısının sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.

K.İmanov bildirib ki, Prezident İlham Əliyevin Alimlərin I Qurultayına ünvanladığı müraciətindəki “…İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” fikrini əsas götürərək, bu konfransda insan kapitalına əsaslanan əqli fəaliyyət nəticələrindən, onların əqli mülkiyyətə çevrilməsi ilə bağlı elm və təhsil sahəsindəki müvafiq vəzifələrdən söz açacağıq.

Azərbaycanda əqli mülkiyyətin idarə olunması üzrə müvafiq təcrübəni və Milli Məclis tərəfindən bir neçə gün öncə qəbul edilən və təsdiqini gözləyən “Elm haqqında” Qanunun imkanlarını nəzərə almaqla deyə bilərik ki, ali məktəb və elmi müəssisələrimiz yeni vəzifələri yerinə yetirməyə qadirdir.

Daha sonra K.İmanov “Azərbaycan universitetlərində və elmi-tədqiqat müəssisələrində əqli-mülkiyyət sahəsində siyasətə dair” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatın əsas müddəaları kitabça şəklində iştirakçılara təqdim edilib.

Seminar çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) və Türk Patent İnstitutu ilə Anlaşma Memorandumu imzalanıb.

Memorandumda əqli mülkiyyət hüququ əldə etmək istəyən iddiaçılara sənaye mülkiyyəti xidmətlərinin göstərilməsində, əqli mülkiyyətlə bağlı maarifləndirmə fəaliyyəti sahəsində bilik və təcrübə mübadiləsi, həmçinin əqli mülkiyyət sahəsində təhsilin təmin edilməsində ən yaxşı təcrübə, dərc olunmuş sənaye mülkiyyəti məlumatlarının, xüsusilə patent məlumatlarının elektron mübadiləsi sahələri üzrə əməkdaşlıq öz əksini tapır.

Seminarda “Azərbaycan universitetlərində və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasətə dair”, “İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə ÜƏMT-nin potensialın gücləndirilməsi fəaliyyətləri”, “Azərbaycan Respublikasında Əqli Mülkiyyət sahəsində təlimlərin cari vəziyyəti” mövzularında məruzələr dinlənilib.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?