Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 31-ci sessiyası keçirilmişdir


2015-ci il 7-11 dekabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin 31-ci sessiyası keçirilmişdir.

Sessiyada “Kitabxanalar və arxivlər üçün məhdudiyyətlər və istisnalar haqqında” və “Təhsil, tədris və elmi-tədqiqat müəssisələri üçün məhdudiyyətlər və istisnalar haqqında” beynəlxalq müqavilə layihələri, həmçinin “Yayım təşkilatlarının qorunması haqqında” Konvensiya layihəsi müzakirə olunmuşdur.

İlk iki sənəd layihələrinin müzakirəsi zamanı çıxış edənlər həmin sənədlərin məqsəd və prinsipləri üzərində aparılan işlərin davam etdirilməsi zəruriliyini qeyd edərək, məsələyə növbəti sessiyada baxılmasını məqsədəuyğun hesab etdilər.

“Yayım təşkilatlarının qorunması haqqında” Konvensiya layihəsi müzakirə edilərkən yayım təşkilatlarının hüquqları ilə geniş ictimaiyyətin maraqları arasında balans yaradılması baxımından yeni beynəlxalq qaydaların tətbiq edilməsinin vacibliyi, müzakirəyə çıxarılan layihənin bu istiqamətdə irəli getmək üçün balanslaşdırılmış sənəd olduğu qeyd olundu. Bununla belə, müzakirələrdə şəbəkə yayımı, yayım təşkilatlarının hüquqları, proqram materialı və siqnal kimi anlayışlarla bağlı məsələlərdə fikir ayrılıqlarının ortaya çıxması ilə əlaqədar, qeyd olunan məsələlər üzrə konsensus əldə edilməsi mümkün olmadı və müqavilə layihəsinin mətninin müzakirəsinin Daimi Komitə çərçivəsində növbəti sessiyalarda davam etdirilməsi məqsədəuyğun hesab edildi.

Daimi Komitənin sessiyasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Natiq İsayev iştirak etmişdir.

 

14.12.2015

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?