Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ölkələri Assambleyasının 54-cü sessiyasında iştirak edib


1 Oktyabr 2014

 

Trend

Cari ilin 22-30 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 54-cü sessiyası keçirilib. Həmin toplantıda sədr Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti iştirak edib.
Agentlikdən Trend-ə verilən məlumata görə, toplantının ilk günü ÜƏMT-nin baş direktoru Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumat verib. O, əqli mülkiyyət sahəsində beynəlxalq qanunvericilik normalarının yaradılması üzrə proqramın icrasında müsbət nəticələr qazanıldığını, o cümlədən ÜƏMT-nin Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsi çərçivəsində son iki ildə keçirilmiş diplomatik konfranslarda Pekində “Audiovizual ifalara dair Pekin Müqaviəsi”nin və Mərakeşdə “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan digər şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında Mərakeş Müqaviləsi”nin qəbul olunduğunu qeyd edərək, iştirakçı dövlətləri həmin müqavilələrə qoşulmaq prosesini sürətləndirməyə, həmçinin yayım təşkilatlarının hüquqlarının qorunması, habelə folklor nümunələri, ənənəvi biliklər və genetik resursların qorunması üzrə müzakirə olunan müqavilə layihələrinin qəbul edilməsi istiqamətində səylərini artırmağa çağırıb.
Sonra regional qrupların koordinatorlarının və ÜƏMT-nin komitələrinin, o cümlədən Proqram və Büdcə Komitəsinin və Müəllif Hüququ və Əlaqəli Hüquqlar üzrə Daimi Komitənin hesabatları dinlənilib, ÜƏMT-nin rəhbər şəxslərinin təyinatı, təşkilatın fəaliyyət sahələri ilə bağlı digər məsələlərə baxıldı və müvafiq qərarlar qəbul edilib.
Assambleya çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov, Komitənin və Agentliyin əməkdaşları və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyinin əməkdaşının daxil olduğu Azərbaycan nümayəndə heyəti ilə ÜƏMT-nin baş direktoru F.Qarrinin görüşü keçirilib. Görüş zamanı ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işlər barədə məlumat verilib, ölkəmizlə sıx əməkdaşlığına görə ona minnətdarlıq ifadə edilib. F.Qarri ölkəmizdə əqli mülkiyyət sahəsində görülmüş işləri və əldə olunmuş nəticələri yüksək dəyərləndirərək, qarşılıqlı əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminlik hissini ifadə edib.
ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentində F.Qarrinin bu ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair hazırlanmış Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr keçirilib, Müəllif Hüquqları Agentliyi və ÜƏMT tərəfindən bu ilin dekabr ayında birgə əməkdaşlıqda “Görmə qabiliyyətini itirmiş şəxslərin əqli mülkiyyət obyektlərindən istifadəsinin aktual problemləri” mövzusunda beynəlxalq konfransın təşkili barədə razılıq əldə olunub, həmçinin Fəaliyyət Planı çərçivəsində 2015-ci ildə keçirilməsi planlaşdırılan tədbirlərin tarixləri dəqiqləşdirilib.
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində üzv ölkələrin nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?