Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: “Bədii ədəbiyyat insanın vicdanını oyaq saxlayır” - MÜSAHİBƏ – FOTOSESSİYA


28 Oktyabr 2014 12:42


“TQDK-da işləyərkən müəllimlərimi test tapşırıqlarını hazırlamağa dəvət etmişdim”

Bakı. Cavid Zeynallı - APA. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun APA-ya müsahibəsi
- Kamran müəllim, zəng etməzdən əvvəl qəsdən bir neçə jurnalistdən Sizin haqqınızda soruşdum. Məlum oldu ki, jurnalist dostlarınızın sayı az deyil. Yazı-pozu adamının dövlət rəsmisi ilə dostluğu nədən keçir?
- Dostluğun bir universal düsturu var: dost qazanmağın yeganə yolu özünün dost olmağındadır. Biz çoxlu tədbirlər, dəyirmi masalar, konfranslar keçiririk. Jurnalistləri dəvət edirik və bir ənənə olaraq mən bu yığıncaqlarda çıxış edirəm, müzakirələrdə iştirak edirəm. Jurnalistlər müəlliflərdir, bir qayda olaraq yaradıcı təxəyyüllü insanlardır. Üstəlik, müəlliflik hüququna aid suallarla bağlı mobil telefonla tez-tez şəxsən mənim özümlə təmasda olurlar. Münasibətlərimiz, davranış qaydalarımız belə qurulub. Aqillər deyiblər ki, insanın davranış tərzi onun simasını göstərən güzgüsüdürsə, dünya hər kəsə onun öz əksini qaytaran güzgüdür. Haqqımda xoş söz deyənlərə təşəkkürümü bildirirəm.
- Telefonda danışanda dediniz ki, təcili müsahibə üçün əlverişli müsahib deyiləmsə, başqa bir rəsmi şəxslə görüşün, növbəti həmsöhbət mütləq mən olaram. Məmurun belə əlçatan olması əlavə problemlər yaratmır?
- Məmurun əlçatımlığı, zənnimcə, problemli deyil, əksinə, daha əlverişli, təbii olmalıdır. Dövlət başçısı çox vaxt qeyd edir ki, məmur insanlara, xalqa xidmət edir. Fəaliyyəti haqqında məlumatı çatdıran isə qələm dostlarınız, məmurun fəaliyyətinin şəffaf və açıq olmasını təmin edənlərdir.
- Dövlət məmuruna iş qayğılarından, rəsmi mərasimlərdən vaxt tapıb öz hücrəsinə çəkilmək çətin başa gəlir? Yoxsa kənar məşğuliyyət tapıb həyata rəng qatmaq insanın təbiətindən asılıdır?
- Hər bir şəxs, o cümlədən məmur daim bir seçim qarşısındadır: ya sevimli işi seç, ya da mövcud işi sev. Seçimim var və əqli mülkiyyət sahəsi ilə böyük məmnunluqla məşğul oluram. Fəaliyyət dairəmə maraq və həvəs işin stimuluna çevrilir. Necə deyərlər, “külək şamın alovunu alar, tonqalı isə alovlandırar”. Marağımın səbəbi də çox sadədir. Əqli mülkiyyət mövcud biliklərdən yaranır və yeni biliklərlə nəticələnir. Müasir cəmiyyətin inkişafında biliklərin əhəmiyyətini nəzərə alsaq, onların qorunmasının vacibliyini də aydın görərik. Özü də mən əqli mülkiyyətin yalnız gündəlik praktiki yox, nəzəri problemləri ilə məşğul olan şəxsəm. Özüm də bu bilik dövranının iştirakçısı və daşıyıcısıyam. Biliyin isə ölçü-həcmi yoxdur. Nə qədər çox bilsən, o qədər də az bildiyini anlayırsan. Üstəlik, maraq dairəmə ilkin ixtisasımla bağlı hesablama riyaziyyatı, sistemli analiz də daxildir və Azərbaycan türklərinin tarixinin qədim dövrünə böyük maraq göstərirəm. Belə ki, öz hücrəmə daxil olmaq mənim üçün araşdırma istiqamətlərini dəyişdirmək deməkdir. Belə alqoritm məndə illər boyu təcrübədən keçmiş bir qaydadır. Soruşsanız ki, bu fərqli elmi istiqamətlər nə dərəcədə bir-biri ilə uyğunluq yaradır, cavabım belə olacaq: əkslər bir-birinə zidd deyillər, onlar bir-birini tamamlayırlar.
- Sədr kürsüsündən yorğun ayrılıb maşına əyləşəndə, tutalım, ağac budamağa, güllərə su verməyə tələsdiyiniz olubmu?
- Açığı, Bakıda böyümüşəm, şəhər adamıyam və təbiətə həsrətlə baxanlardanam. Xüsusən meşəli dağlara. İmkan olan kimi təbiətdə olmağa çalışıram, onun təbiiliyinə qarışıram. Əslində insan təbiətdən asılı olduğu kimi, təbiət də insandan asılıdır. O, bizi yaradıb, biz isə onu dəyişdiririk. Deyəsən, bu sözlər Anatol Fransa məxsusdur. Ancaq təbiətin xüsusiyyəti odur ki, burada artıq, lazımsız şey yoxdur, yanlış və yalan istisna edilir.
- Sualım qəribə səslənməsin: baba statusunda özünüzü daha rahat hiss edirsiniz, yoxsa sədr postunda?
- Baba olmaq üçün sədr olmaq mütləq deyil, necə ki, sədr olmaqda babalığın da zərurəti yoxdur. Odur ki, müqayisə etmək o qədər korrekt deyil. Bu iki anlayışı, qohumluq və peşəkar statusunu birləşdirən, zənnimcə, bir amil var: insanların bir qismi özünü ciddi qəbul edir, digərləri isə öz vəzifələrini… Babalıqda da, sədrlikdə də vəzifələri yerinə yetirmək üçün sevgi ilə yanaşı, ciddilik tələb olunur. Tələbkar olmayanlar özləri nə isə verməyə qadir deyillər. Ancaq nəvələrimi sevdiyimə görə zaman-zaman ciddiliyi ürəyimə yatan səviyyədə həyata keçirə bilmirəm.
- Ədəbiyyat və incəsənətlə maraqlanan, yazı-pozu adamlarını özünə bir köynək yaxın bilən dövlət rəsmilərini soruşsam, yadınıza düşənlər kimlər olar?
- Belə adamların sayı çoxdur. Onların adlarını sadalamağa gəldikdə, narahatam ki, kimisə unuda bilərəm. Ancaq onu qeyd edəcəyəm ki, ulu öndər Heydər Əliyevin qoyduğu ənənəyə uyğun olaraq, ədəbiyyat və incəsənətlə maraqlanan və bəhrələnən dövlət rəsmiləri həm mənəvi həyatında, həm də peşəkar fəaliyyətində üstünlük qazanırlar
- Kitabla tanışlığınız nə vaxtdan başlayıb? Uşaqlığınız, ailəniz haqqında danışmağınızı istərdim…
- Mən ziyalı, kitabxanası olan ailədə böyümüşəm. Atam hüquqşünas, anam həkim olub. Evimizin kitab rəflərində istər azərbaycanca, istər rusca çoxlu hüquq və tibbi ədəbiyyatla yanaşı, zəngin bədii ədəbiyyat var idi. Xatırlayıram ki, böyük şkafda o zaman buraxılan SSRİ ensiklopediyaları və «Oqonyok» jurnalının əlavəsi olan müxtəlif yazarların çoxcildli əsərləri saxlanılırdı. Lev Tolstoyun, Saltıkov-Şedrinin, Qonçarovun, Mark Tvenin, Mayn Ridin, Jül Vernin rusca əsərləri, M.S.Ordubadinin, Sabirin azərbaycanca kitabları vardı. Bu kitablarla uşaqlıq illərində tanış olmaq imkanım olub. Amma yanılmıramsa, ilk oxuduğum kitablardan biri L.Kassilin «Konduit və Şvambraniya» kitabı idi. Onu da xatırlayıram ki, birinci sinfi bitirəndən sonra A.Stepanovun, deyəsən, 1947-ci ildə buraxılan «Port-Artur» romanı əlimə düşdü və onu oxudum.
Mən Nəsimi rayonunun 1 saylı məktəbində təhsil almışam. XX əsrin 50-60-cı illərinin ikinci yarısından söhbət gedir. Çox güclü təhsil ocağı idi. Müəllimlərimin əksəriyyəti isə tədris etdiyi fənnə qarşı şagirdlərdə oxumaq həvəsi və ləzzəti oyatmağa qadir olan insanlar idi. Bugünkü biliyə meylimin köklərindən biri də onların zəhmətinin bəhrəsidir. Uzun illər keçsə də, yarım əsr ötsə də, məktəb xatirələrim mənim bir qənaətimi təsdiqləyir ki, zamanı uzunluğuna görə yox, dərinliyinə görə, həyatda rastlaşdığımız insanların zəkasının dərinliyini isə onun kölgəsinin uzunluğu ilə ölçməliyik. Bakının 23, 6 və 160 saylı məktəbləri ilə yanaşı, məktəbimiz o zamankı ən tanınmış məktəblərdən biri idi. Özü də İttifaq miqyasında. Həmin məktəblərdən hər il ən azı bir məzun Rusiyanın, Moskvanın ən məşhur ali məktəblərinə daxil olurdu. Mən də o siyahıdanam. Yalnız «əla» qiymətlərlə oxuyurdum, olimpiadalar qalibi idim və ən sevdiyim fənlər riyaziyyat, fizika, tarix və ədəbiyyat idi. Yeri gəlmişkən, deyim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyərkən məktəb müəllimlərimi test tapşırıqlarını hazırlamağa dəvət etmişdim və böyük məmnunluq hissi ilə belə qənaətə gəldim ki, təxminən 30 il keçməsinə baxmayaraq, onlar əvvəlki formalarını itirməyiblər.
- Məktəbdə ədəbiyyatdan neçə alıbsınız?
- 8-ci sinifdən başlayaraq inşa yazırdıq. Mən adətən sərbəst mövzu seçirdim və sinfin xudmani, təcrid olunmuş hissəsində tək əyləşmək üçün icazə alırdım. Ədəbiyyat müəlliməsi iki növ qiymətləndirmə aparırdı - biri məzmuna görə, digəri səhvlərin olub-olmaması ilə bağlı. Təvazökarlıqdan uzaq olsa da, mən adətən, hər ikisindən “beş” almışam. Ən yaxşı inşalar sinifdə oxunub müzakirə edilirdi. İnşalar üçün xüsusi dəftərimiz var idi. Tədris ilinin sonunda ən yaxşı şagird əsəri Bakı Xalq Təhsili Şöbəsinin sərgisi üçün seçilirdi. Ona görə həmin inşa dəftərləri özümdə qalmadı. Bunu mütləq qeyd etməliyəm: biliyin istiqamətlərindən asılı olmayaraq, bilik sahibi olan insanlar ədəbiyyatsız keçinə bilməzlər. Eynşteynin məşhur etirafı var: “Dostoyevskinin mənə bəxş etdiyini heç bir fizik edə bilməyib”. Bunun səbəbini isə mən onda görürəm ki, bədii ədəbiyyat insanın vicdanını oyaq saxlayır və mənəviyyatını zənginləşdirir. Vicdana əsaslanmayan bilik ruhun dağılması, vicdanla birgə olan bilik ruhun yüksəlişidir.
- Məktəbdə rus dilində təhsil alırdınız?
- Mən təhsilimin bütün mərhələlərində rus dilində oxumuşam, ancaq ailəmizdə ünsiyyət vasitəsi kimi daha çox doğma dilimiz işlədildiyindən, Azərbaycan dilində də eyni dərəcədə yazıb-oxumağı bacarmışam.
- Kiçik hekayələr, şeir yazan vaxtlarınız olub?
- Düşünürəm ki, əksəriyyətimiz cavan yaşlarımızda bu mərhələni keçmişik.
- Oxuduğunuz kitablar haqqında qısa da olsa, danışdınız. İstərdim kitabxananızdan, sevdiyiniz yazıçılardan, şairlərdən geniş danışaq... 
- Evdə də, işdə də, bağımda da kitablar çoxdur. Elə iş otağımdakı kitablara baxmaq imkanınız var. Kitabların sayı minlərlədir. Ömrümü kitablarla keçirmişəm və çox güman, bu vərdişdən əl çəkən deyiləm. Sevimli müəllifim isə dahi Nizami Gəncəvidir. O, nəinki poetik zərgər dəqiqliyinə malik söz ustası, eyni zamanda filosof və elmşünasdır. Nizami zəmanəsinin astronomiya, astrologiya, coğrafiya, kosmoqrafiya, riyaziyyat, kimya, tibb sahələrində elmi biliklər məcmusuna malik olub. Bir misal çəkmək istərdim. Nizami “Sirlər xəzinəsi”nin “Peyğəmbərin meracı” fəslində meracı, göyə ucalmanı Bibliyada Yusifin quyuya enməsi ilə müqayisə edir. Bu eniş-ucalmaq əlamətdar hadisədir, ona görə ki, qəhrəmanın yolu ilə ulduzları müşahidə etmək, eyni zamanda dahi şairin zəngin təbii-elmi və dini bilikləri haqqında öyrənmək imkanı verir. Bu səma marşrutunda əvvəlcə söhbət sahibsiz kəhər haqqında gedir. Bu, Peqas bürcüdür, sonra bütövlükdə Zodiak təsvir olunur, özü də onda yalnız bir bürc iştirak etmir. Səbəb ondadır ki, Qoç (21 mart - 20 aprel) Məhəmməd Peyğəmbərin özüdür, necə ki, Apokalipsisdə - Qiyamət günündə bu ulduz Məsihdir (Xristos - İsa Peyğəmbərdir). Bu bürcün belə yüksək rolu - onda yaz bərabərliyi nöqtəsinin yerləşməsindədir. “Qoç” - “Alfa”dır, onun yanındakı isə “Omeqa” - “Buğa”dır, yəni “Alfa” və “Omeqa”. Peyğəmbərin meracı qaydası belədir və finalda bilavasitə quyunun yerini göstərən “Dolça” bürcüdür (21 yanvar - 19 fevral). Çox güman, Dolçanın bir bürc kimi forması quyu göyərçininə oxşardır və məşhur rəvayətə görə, bu göyərçin Qoçu qurban qismində Kit və Eridan çaylarını xarakterizə edən su bürclərinə salmalı idi. Nə üçün hadisə məhz burada baş verir? Məsələ burasındadır ki, Balıqlar bürcündən (20 fevral – 20 mart) Qoç bürcünə keçərkən günün uzunluğu artmağa başlayır, nəhayət martın üçüncü dekadasında gecədən uzun olur. Rəvayətə görə, bu, qurban verilmiş Qoçun hesabına baş verir, həmin bürc isə 40 gündən sonra (40 rəqəminə fikir verin) yenidən çıxmalıdır. Bir sözlə, Peyğəmbər Məhəmmədin meracı Peyğəmbər İsanın dəfni ilə yaz vaxtına düşür. Nəhayət, Dolça bürcündə su qabının boğazı, yəni meraca - göylərə aparan quyuya enişi yerləşir.
Nizaminin dili, poetik sözü isə hər bir obrazdan maksimum imkanları istifadə edir, çoxmənalılıq yaradır, hətta elə sətirlər var ki, onlarla mənada izah edilir. Peşəkar fəaliyyətimə yaxın olan bir misal çəkəcəyəm. “Leyli və Məcnun” poemasında şair şikayətlənir ki, başqa şairlər onun əsərlərini oğurlayır və plagiatçıya çevrilirlər, yaxud onu çox yöndəmsiz şəkildə təqlid edirlər. Şair qeyd edir ki, onlar “cansız boyunbağı açırlar”. Bunun mənasını anlamaq asan deyil, tərcümə zamanı isə ümumiyyətlə, mənasızlıq alınır. Lakin “boyunbağı” elə bil ki, “kor-koranə” təqlid etməyi bildirən bənzətmə - kökdən törəmiş bir söz kimi çıxış edir. Nizami bu sözə belə bir məna qoyub: “təqlid edən fikirləşir ki, o dahi əsər yazır, əslində isə bu, yalnız cızma-qara təqliddir”. Daha doğrusu, yeganə bir sözlə Nizami öz fikrini ifadə edir.
Yaxud riyaziyyatla əlaqəli başqa bir misalda şair deyir ki, o, öz şerləri ilə “lal kökü” də danışmağa məcbur edir. Bəllidir ki, “lal kök” mənfi vahidlərdən ibarət kvadrat kökdür. Daha doğrusu, mənfi rəqəmlərdən ibarət. Belə köklər alınmır və riyaziyyatda “xəyali köklər” adlanır. Nizamiyə görə, “lal kök” - rəngi solmuş, qəlbi ölmüş, heç bir məhəbbət və şəfqət verməyə qadir olmayan insandır. Elə bu qaydada da “lal kökdən” heç bir nəticə əldə etmək olmaz.
- Nizaminin fars şairi kimi təqdim olunmağına münasibətiniz maraqlı olardı...
- Belə yazılar qərəzli, ağ yalandır. Nizami öz dövrünün poeziya dili olan fars dilində yazıb yaradıb. Lakin o, farsdilli poeziyanın Azərbaycan məktəbinin ən dahi nümayəndəsi olan həqiqi Azərbaycan şairidir. Bu barədə Bertels də, Krımski də, Marr da və hətta M.Şaqinyan da yazıb, bir çox şərqşünaslar Nizaminin türklərə və “türki” dilinə xüsusi münasibətini qeyd ediblər. Bir neçə misal çəkək: Şirvanşah I Axsitan 1188-ci ildə Nizamiyə göndərdiyi məktubda Azərbaycan Atabəylərinin (türklər) sifarişi əsasında yaradılmış, Səlcuq Sultanı II Toğrula həsr olunan “Xosrov və Şirin” poemasından fərqli olaraq, Nizamidən xahiş etmişdi ki, türki dilində yox, mütləq fars, yaxud ərəb dilində poema yaratsın. Poemanın özündən aydın olur ki, şair bu sifarişi qəbul etməkdən imtina edib, amma 14 yaşlı sevimli oğlu Məhəmməd onu inandırmağa müvəffəq olub. Böyük rus və sovet şərqşünası, akademik İ.Y.Kraçkovski Nizaminin sifarişlə bağlı müvafiq beytini
“Türk olmağı bacarırsansa, sayıq ola bilsən
Qüdrətini artırmış olarsan”
kimi təhlil edir. Bu sətirlərdə Nizami çəkinmədən incə bir rişxəndlə I Axsitana özün də bacarırsansa, “türk olmaq üçün” müraciət edir.
“Yeddi gözəl” poemasından digər bir misalda Nizami mənşəyi haqqında heç bir şübhə yeri qoymur.
Ağıl, nə deyirəm anlayar məni,
Nələr axtarıram, o duyar məni.
Mənim şikayətim yoxluqdan deyil,
Ondandır, ondandır, bunu sən də bil.
Almaz türklüyümü Həbəş ölkəsi,
Olmuş xoş dovğadan məhrum cümləsi.
Bu beyt bütün nəşrlərdə öz əksini tapıb, orijinallığı heç bir şübhə doğurmur. Sonuncu beytin mənası isə Nizaminin türklüyünün Həbəşistana bənzər bu ölkədə qəbul edilməməsi və bu səbəbdən onun xoş dovğasının dadılmaması - əsərlərinin oxunmamasıdır.
- İndi xarici müəlliflərdən danışaq...
- Sevimli xarici müəllifim şübhəsiz ki, Sartrdır. Yazıçı, dramaturq və filosof. İmkan olanda onun əsərlərini təkrarən vərəqləyirəm. Xüsusən onun «Ürək bulanması» romanını və «Milçəklər» pyesini. Bunlarda məni valeh edən orijinal forma ilə dərin məzmunun vəhdətidir. Məsələn, «Ürək bulanması»nı götürək. Əslində bu, tarixçinin gündəliyidir və Sartr əsərini publisistika, sonra bədii üsluba davam etdirir, nəhayət, fəlsəfə ilə tamamlayır. Deməli, qəhrəmanın ürək bulanması mənasız varlığın dərk edilməsinin törəməsidir, onun «lazımsız» olmasındadır. Ancaq romanın bütün gedişi boyu köhnə valın musiqisi dinlənilir. Musiqi qəhrəmana ətraf dünyanın ağırlığını dəf etməyə imkan verir, çünki ümumi varlıq anlayışından ucadadır. Çünki yaradıcılıq müstəqildir, azaddır. Bu isə insanın azadlığıdır.
Mən Dürrenmantın komediyalarını da çox sevirəm. Sevdiyim pyeslərdən biri metaforik və parodiya üslubunda yazılan «Mələk Babilistana gəlir» əsəridir. Əsərin böyük mənası var: ağılsız layihələr canlı həyatla toqquşur və bu kontrast Babilistan qülləsinin tikintisi ilə tamamlanır: hamı onun tikintisinin əleyhinə çıxdığı zaman, onun tikintisi davam edir. Bununla da qüllə mənasız, lakin taleyin qaçılmazlığını simvoluna çevrilir.
Rus yazarlarına gəldikdə, İvan Buninə və Vladimir Nabokova üstünlük verirəm. Şairlərdən ən sevimlisi Andrey Voznesenskidir. Bununla yanaşı, türk mənşəli Fet və Tutçevin də lirikası ürəyimdəndir.
- Müasir ədəbi prosesi izləyirsinizmi? Son illərdə çap olunan romanlardan hansıları oxumusunuz?
- Çətin sualdır, ancaq tamamilə sizinlə şərikəm ki, oxumağı kəsənlər, gec-tez düşünməyi də dayandırırlar. Mənim son illərdə oxuduğum ədəbiyyatdan əksəriyyəti fəaliyyətimlə bağlıdır. Bu kitabları oxumaq yox, onlarla işləmək lazımdır, özü də dönə-dönə qayıdaraq. Məsələn, masamdakı F. fon Xayekin «Pravo, zakonodatelstvo i svoboda» kitabıdır. Baxmayaraq ki, bu böyük müəllifin öncə çıxan antologiyası ilə mən azı 15 ildir ki, tanışam, bu kitaba marağım səngimir. Son kitablardan digəri Tomas Şellinqin «Strateqiya konflikta» adlı məşhur əsəridir. Zaman-zaman yenidən vərəqlədiyim Mirəli Seyidovun «Azərbaycan xalqının soy-kökünü düşünərək» adlı kitabıdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, tariximizə aid bir sıra yeni əsərlərdə, xüsusən tarixi, etnik və toponimik anlayışların etimologiyasında bu alimin dərin və vətənpərvər nəticələrinə istinad görmürük.
Nəqliyyatda, yol gedərkən hazırda oxuduğum yeni nəşr edilən dördcildli «Beatles» kitabıdır. Tanınmış musiqi tarixçisi Alan Kleysonun yazdığı bu publisistik-xronikal əsərin hər bir cildi məşhur musiqiçilər kvartetinin birinə həsr olunub.
- Övladlarınızın mütaliə ilə arası necədir?
- Yaxşıdır, oxumağı sevirlər, hələ məktəb illərində kitabxanamızın əksər əsərlərini oxumuşdular. Öz gücləri hesabına ali təhsil alıblar. Kitablara münasibətləri bu gün də dəyişməz qalıb. Hətta övladlarım ailə qurarkən kitabxanamızın böyük hissəsini onların arasında bölüşdürmüşük. Onların savadlı, cəmiyyətə faydalı insan olmasında həyat yoldaşımın böyük zəhməti danılmazdır. Deyirlər ki, kürəkənin yaxşıdırsa, oğul qazanarsan, uğursuz olduqda qızını da itirərsən. Mənim övladlarım və onların həyat yoldaşları ilə fəxr etməyə əsasım var.
- Teatra necə, vaxt tapıb gedə bilirsinizmi?
- Bu, növbəti çətin sualdır. Ancaq az da olsa, teatra getməyə vaxt tapıram. Son dəfə Azərbaycan Dövlət Dram Teatrında Qılman İlkinin 100 illiyinə həsr olunmuş tədbirdə, ondan öncə Azər Paşa Nemətin gözəl quruluşunda «Şah Qacar» tamaşasında olmuşam. Bu ilin avqust ayında məzuniyyət vaxtı həyat yoldaşımla Vyananın İmperial Palasında Hofburq orkestrinin beynəlxalq konsertində olmaq nəsib oldu. Burada ifa olunanlar İ.Ştrausun və V.Motsartın ən tanınmış əsərləri idi.
- İdmanla aranız necədir? Yaş öz işini görür, yoxsa idman zalına getmək, yaxud səhərlər yuxudan tez qalxıb evdə idman etmək həvəsiniz tükənməyib?
- İdman zalına getmirəm, ancaq bədən tərbiyəsinin müəyyən elementləri, məsələn, səhər gimnastikası ilə 10-15 dəqiqə məşğul oluram. Uzun illər təxminən səhər saat 6.30-da Dənizkənarı Bulvara çıxıb 7-8 km idman addımı ilə gəzməyə imkan tapırdım, hətta futbol da oynayırdım. Amma son iki ildə təəssüf ki, bu adəti unutmuşam. Səbəbini yaşla bağlamıram və bilirəm ki, səhər gəzintilərini bərpa edəcəyəm. Artan çəkim və daxili diskomfort bir məcburiyyət kimi seçim çətinliklərindən azad edir. O ki qaldı yaşa, bir şey həqiqətdir ki, həyat dağa bənzər, yavaş-yavaş qalxırsan, sürətlə isə aşağı düşürsən.
- Dünya və Azərbaycan musiqisindən kimləri dinləyirsiniz?! Musiqi zövqünüzü bizimlə bölüşməyinizi istərdim...
- Mən muğamı da, cazı da, xalq mahnılarımızı da, soul-blyuzları da, klassik musiqini də, hətta müəyyən pop-musiqisini də sevirəm. Bunların sintezindən ibarət olan caz-muğamı, muğam əsasında klassik musiqiyə böyük maraq göstərirəm. Doğma bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin əsərlərinə, xüsusən muğama əsaslanan simfonik musiqiyə həvəslə qulaq asıram. Xalq musiqisinə əsaslanan müəllif əsərlərini, məsələn, Ramiz Mirişlinin mahnılarını sevirəm. Bununla yanaşı, Vaqif Mustafazadənin və onun davamçılarının yaradıcılığını maraqla izləyirəm. Xarici klassik bəstəkarlardan sevimlim Bramsdır, onun simli orkestr üçün konsertləridir. Motsart, List, Şubert, Mendelson, Qriq, Sen-Sans da bu sıralardandır. Operalardan Ü.Hacıbəylinin «Koroğlu»suna, Verdinin «Riqoletto», «Aida» və «Traviata»sına, Rossininin «Sevilya bərbər»inə, müasir klassik musiqidən Gerşvin, Stravinski, Şoberq və Berqə qulaq asıram. Cavanlıq illərimdə pərəstiş etdiyim “Beatles”, “Animals”, “Cream”, “Deep-Purple” qruplarını dinləyirəm, Bob James, Eric Claptonun ifalarını xoşlayıram. Bütün bunları, üstəlik, Motsartın «Fiqaronun evlənməsi»ni, Bramsın «Macar rəqsi»ni, Qriqin «Dağ kralının mağarası» və s. kompozisiyaları nəqliyyatımda eşidə bilərsiniz.
- Bildiyimə görə, Sizin böyük musiqi fonotekanız var…
- Doğrudur. Tələbəlik illərindən başlayaraq, vinil valların həvəskarıyam və bu günə qədər musiqiyə əsasən onlar vasitəsilə qulaq asıram. Hazırda isə vinil disklərinin istehsalı bərpa olunub və imkanım olan kimi xaricdə, ya da Bakıda yeniləri ilə bəhrələnirəm. Üstəlik, antikvar musiqi mağazalarında işlək vəziyyətdə olan disklərdən də yan keçmirəm. Səbəbi də odur ki, elektromaqnit səs yazısı rəqəmli yazıdan fərqli olaraq, səsi öldürmür, ona süni əlavələr daxil etmir və daha təbiidir. Fonotekamda 800-ə qədər klassik və xalq musiqimizin yazıları, mindən artıq caz və rok diskləri var.
- Kamran müəllim, tələbəlik illərindən ötrü darıxdığınız olubmu? Yoxsa o illərin maddi qayğıları, kirayə həyatının çətinliyi nə qədər gec-gec yada düşsə, o qədər yaxşıdır?
- Tələbəlik illərindən ötrü darıxmayan adam yəqin ki, az olar. Nə maddi qayğılar, nə də müxtəlif çətinliklər tələbə həyatının şirinliyini və gözəlliyini azalda bilməz. Əslində həyatımızın heç bir səhifəsini qoparıb ata bilmərik…
- Tələbə yoldaşlarınızdan vəzifədə olanlar varmı?
- Tələbə yoldaşlarımdan vəzifədə olanlar da, olmayanlar da var və onların hər biri mənim üçün əzizdir, hər biri tələbə yoldaşımdır.
- Dövlət məmurlarından - nazirlərdən, komitə sədrlərindən kiminlə dostluq edirsiniz?
- Dövlət məmurlarından bir neçəsi ilə dostluq münasibətlərimiz qurulub. Maraqlarımız və nisbi yaş uyğunluğu vacib amildir. Əslində, Aristotelin dediyi kimi, hamının dostu heç kəsin dostu deyil. Ancaq bir vacib əlamətə diqqətinizi yetirirəm: biz bir komanda üzvləriyik və qarşılıqlı hörmət, yoldaşlıq münasibətləri aramızda təbiidir.
- Olubmu ki, qəfildən maşını saxlatdırıb kitab mağazasına girəsiniz və gözünüz pirat kitabları axtarsın?
- İşimlə əlaqədar belə hallar çox olur. Ümumiyyətlə, kitab mağazalarına göz yetirməyi, xüsusən də ixtisasım və Azərbaycan tarixinə aid mənbə kitabları axtarmağı sevirəm. O ki qaldı diqqəti pirat nüsxələrinə yetirməyimə, bu problem əqli mülkiyyət sahəsində aparılan islahatlar çərçivəsində də öz həllini tapmaqdadır. Yeni ildən başlayaraq satışda nəzarət markası olmayan kitab, CD, DVD, kompüter proqramları nüsxəsi pirat nüsxəsi kimi sayılacaq. Bu işi layiqincə yerinə yetirmək üçün Müəllif Hüquqları Agentliyində bütün hazırlıq işləri aparılıb.
- Kamran müəllim, bu yaxınlarda Vaqif Səmədoğlu Fikrət Qocaya dedi ki, vaxtilə şeirlərimizə yazılan mahnıların qonorarı ilə əməlli-başlı dolanırdıq, indi də bizim mahnılarımızı oxuyurlar, amma qonorarını vermirlər. Yeri gəlmişkən, xalq şairi Fikrət Qoca da APA-ya müsahibəsində bu məsələyə toxunmuşdu ki, şeirlərimə yazılan 500-ə yaxın mahnı var. Hansı toya gedirəmsə, görürəm, üç-dörd mahnımı oxuyurlar, axşama qədər radiolarda mahnılarım oxunur, bunların müəllif haqqı barədə isə heç kim düşünmür...
- Mən bu narahatlığı bölüşürəm, dönə-dönə bu məsələyə diqqəti çəkirəm. Əgər müəllif əsəri istifadə olunursa, istifadəçilər müəllif qonorarını da ödəməlidirlər. Qonorarı ya bilavasitə müəllifin özünə, ya da müəlliflərin yaratdığı ictimai birliklərə çatdırmalıdırlar. Dünya bu qaydalarla işləyir.
Hazırda Azərbaycanda müəllif qonorarının yığılması ilə müəlliflərin özlərinin yaratdıqları ictimai birliklər məşğul olurlar. Biz dəfələrlə onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında yardımçı olmuşuq. Amma həmin birliklərdən bizə verilən məlumata əsasən, qonorar ödəyiciləri, o cümlədən TV və radio təşkilatları bundan qaçırlar. Görünür, bu sahəyə bir az da diqqət artırmalıyıq. Bununla bağlı qonorar yığımı ilə məşğul olan ictimai birliklər haqqında qanun layihəsi hazırlanıb. Bir daha qeyd etməliyəm ki, Sovet dövrünün qanunvericiliyinə əsasən, müəllifin əmlak hüquqları dövlətdə idi və onların sərəncamçılığını müvafiq dövlət orqanı - Agentlik həyata keçirirdi. Çünki qonorarın tarif üzrə yığılmasını bu Agentlik aparırdı. Yeni müəllif-hüquq qanunvericiliyi isə bütün dünyada olduğu kimi, bu hüquqların müəllifdə olmasını təsdiqləyir. Bu səbəbdən qonorar yığımı ilə dövlət orqanı deyil, müəlliflərin yaratdığı ictimai birliklər məşğuldurlar.
- Siz elmi fəaliyyətlə məşğulsunuz, məşğul olduğunuz sahə üzrə elmi məqalələr, kitablar çap etdirmisiniz. Elmi fəaliyyətdə hansı yeniliklər var?
- Mən sədr vəzifəsinə elmdən, ali məktəbdən gələn insanam. Yüzlərlə elmi əsərlərin müəllifiyəm və təbii olaraq, vaxtım olduqda elmi məşğuliyyətim davam edir. Hazırda iş sahəmə uyğun olan modelləşməni, sistemli analizi və əqli mülkiyyət sahəsini özündə əks etdirən «Müəlliflik hüququ və İnternet: maraqların toqquşması və kompromisin axtarışı» adlı kitabın üzərində çalışıram. Bununla yanaşı, «Erməni tarixi uydurmaları tarixinə giriş (suallar və cavablarda)», «Qafqaz Albaniyası və Kiçik Asiya Xattları» və «Xunsar-Günzar (Qız qalası) - Günəş-Asərə həsr olunmuş ümumqafqaz fenomeni» əsərlərini bitirib çapa hazırlamışam. Bu araşdırmalar son bir neçə ildə beynəlxalq simpoziumlarda etdiyim prezentasiyalar əsasında hazırlanıb.
- Kamran müəllim, erməni plagiatı ilə bağlı kitabınız “qonşu oğurluğu”nun qarşısının alınmasında hansı rolu oynayıb?
- Xalqımızın folklor nümunələrinin və qeyri-maddi mədəni irsinin qorunması üzrə işlərin təşkili və erməni plagiatçılığının ifşa edilməsi mənim fəaliyyətimdə həmişə önəmli məsələlərdən olub. Bu məqsədlə yazılmış “Erməni yadelli nağılları” kitabı da ermənilərin uydurma və absurd fikirlərinin ifşasına həsr olunub.
- “Erməni yadelli nağılları”nı oxumuşam və güman edirəm, fikrimi müsahibə xoş gəlmək üçün tərif kimi qəbul etməzsiniz: mübaliğə kimi səslənməsin, bu kitabla bir institutun işini görmüsünüz... 
- Oxuduğunuza və qiymətinizə görə təşəkkür edirəm. Bu kitab yaxın beş il ərzində Azərbaycan dilində olmaqla yanaşı, rus, ingilis, rumın və fransız dillərində kütləvi tirajla nəşr olunub, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə müxtəlif ölkələrdə yayılıb, eyni zamanda dünyanın tanınmış kitabxanalarına göndərilib. Onun elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib. Əslində bu kitab 200 illik erməni əqli oğurluqlarının antologiyasıdır. “Erməni (yad)el(li) nağılları” kitabında Azərbaycan xalqına məxsus dastanların, nağılların, lətifələrin, əfsanələrin, bayatıların, atalar sözləri və zərbi-məsəllərin və folklor janrına aid digər musiqi və söz nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və erməniləşdirilməsi faktlarını araşdıraraq, tarixi və elmi dəlillər əsasında ermənilərin bu absurd əməllərini ifşa etməyə çalışmışam. Özü də əsasən erməni tanınmış şəxslərinin etirafları əsasında. Kitabın ilk nəşrindən xeyli vaxt keçməsinə baxmayaraq, adətən hər şeyə lazım gəldi-gəlmədi reaksiya verən ermənilər gətirdiyim faktlar qarşısında heç bir arqument tapmadıqlarından, yalnız məni söyməklə təsəlli tapırlar. Demək istərdim ki, söhbət yalnız mənim yazdığım kitabdan getməməlidir. Elmi dəlillər əsasında “Azərbaycan mədəni ənənələrini özününküləşdirən erməni ənənəsi”ni ifşa edən hər bir kitab vacibdir. Lakin bundan daha vacibi mədəni irsimizin təbliği və dünyaya yayılmasıdır. Bu işin ən gözəl nümunəsi UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətidir.
- Başqa hansı sualı eşitmək istərdiniz? Sonda demək istədikləriniz... 
- Hər birimiz taleyimizin dəmirçisiyiksə, hamımız öz əməllərimizin övladlarıyıq. Həyatımızda məqsəd vəzifədən asılı olmayaraq, müqəddəs yer tutan Vətənimizə, doğma yurdumuza xidmət göstərməkdir. Keçmişimiz də, gələcəyimiz də Vətəndədir. Azərbaycanlıların Vətənin adını yüksəldən gözəl nümunələri vardır. Ümummilli liderimizin gələcəyimizə olan səxavəti özünü bütövlükdə yaşadığı zamana həsr etməsində idi. Bu tarixi şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman verir, onun uzaqgörən fikir və düşüncələrinin bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir. Prezidentimiz İlham Əliyevin yaradıcılıqla keçirilən varislik xətti, təfəkkür, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi Vətənimizin yüksəlişinin zəmanətidir. Bəli, biz Vətəni onun dahiliyinə görə deyil, bizim Vətənimiz olduğuna görə sevirik. Bununla belə, Azərbaycanın yüksəlməsi naminə əlimizdən gələni əsirgəməməliyik. Odur ki, mən hamıya, xüsusən gənclərimizə «hər zaman vicdanın qulu, iradənin sahibi» olmağı arzulayıram.

 


 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?