Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Bakıda “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlçatımlığının müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO


01 Dekabr 2014 12:06


Bakı. Cavid Zeynallı - APA.

Bu gün Bakıda “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlçatımlığının müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

APA-nın məlumatına görə, konfrans Azərbaycan Müəllif Hüquqları Agentliyinin təşəbbüsü və təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirdə millət vəkilləri, müxtəlif nazirlikləri təmsil edən rəsmi şəxslər, ictimai xadimlər iştirak edib.

Konfransda çıxış edən Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, tədbirin məqsədi “Mərakeş müqaviləsi”nin təsdiqlənməsi və müxtəlif dövlətlərin bu müqaviləyə cəlb edilməsi ilə bağlıdır: “Biz bu gün ilk dəfə olaraq müəlliflərin hüququna müəllif mövqeyindən deyil, istifadəçilərin, ictimaiyyətin, xüsusən də görmə qüsuru olan insanların mövqeyindən baxırıq. “Mərakeş müqaviləsi” bu kateqoriyalardan olan insanlar üçün müəyyən istisnalar verir. Azərbaycanın müəllif hüququ qanunvericiliyi kor və görmə qabiliyyəti zəif olan insanlara imkan verir ki, onlar müəlliflik hüququnu pozmadan əsərlərdən öz xeyirlərinə sərbəst istifadə etsinlər. Amma bildirmək istərdim ki, “Mərakeş müqaviləsi” bu sahədə bir addım da irəli gedib. Bununla bağlı biz Azərbaycan qanunvericiliyinə dəyişikliklər hazırlamışıq və müqavilənin ratifikasiyası ilə bağlı təklifləri hökumətə göndərmişik”.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif hüququ bölməsinin əməkdaşı Geidy Lung qeyd edib ki, təmsil etdiyi təşkilatın regionda Azərbaycanla əməkdaşlığı böyük əhəmiyyət daşıyır: “Azərbaycan qədim tarixə, müxtəlif mədəniyyətlərə malik, tolerantlığı ciddi şəkildə qoruyub saxlayan ölkədir. İnanıram ki, bu konfrans gələcək işlər üçün bizə böyük kömək edəcək. Bizim ümumi platformamız mövcuddur ki, müxtəlif hüquqlar sahəsində qarşılıqlı əməkdaşlıq edək. Bu konfransın təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, nazirlik görmə məhdudiyyəti olan insanların hüquqlarının qorunmasında son illər bir sıra işlər həyata keçirib: “Qeyd etmək istəyirəm ki, bu tədbirlər bu gün də davam etməkdədir. Azərbaycanda müxtəlif kateqoriyadan olan əlillərin sosial müdafiəsini həyata keçirmək üçün hüquqi addımlar atılıb, gözdən əlillər üçün bir sıra işlər həyata keçirilib. Məsələn, I qrup əlillərin pensiyası digər qruplarla müqayisədə daha artıqdır. 2008-ci ildən gözdən əlillər üçün mənzillər tikilib və onların evlə təmin olunması bu gün də davam edir”.

Konfransda mədəniyyət v turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri Siyavuş Novruzov, Elmira Axundova və başqaları mövzu haqqında fikirlərini bildiriblər.

Konfrans sabah da davam edəcək.

 


 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?