Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılıb


http://azertag.az/xeber/820507


Bakı, 24 dekabr, Pərvanə İmanova, Tərgül Agayeva, AzərTAc

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının İnformasiya Resursları Mərkəzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılıb.

AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin əhəmiyyətindən danışaraq innovasiyaya aid sərginin Azərbaycanda ilk dəfə keçirildiyini qeyd edib, ölkəmizin həyatında innovasiyanın rolunu xüsusi vurğulayıb.

A.Əlizadə bildirib ki, hazırda müxtəlif istiqamətlərdə innovasiya fundamental elmlə yanaşı inkişaf edir.

Akademik sərginin elm və təhsilin bizneslə əlaqəsinin genişlənməsinə, inkişafına təsir göstərəcəyini diqqətə çatdırıb. Müasir dövrdə elmin nailiyyətlərinin istehsalatda təbliğinə xüsusi diqqət göstərildiyini deyən AMEA-nın prezidenti qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun keçirildiyini söyləyib.

Komitə sədri ölkəmizdə yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artığını, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da sürətli inkişafına xidmət etdiyini xüsusi vurğulayıb.

Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov ölkəmizdə I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisinin təşkilini mühüm hadisə kimi qiymətləndirib.

MHA-nın sədri qeyd edib ki, informasiya cəmiyyətində dünyada nəzərə çarpan dəyişikliklər vardır. Uzun illər kölgədə qalan əqli mülkiyyət fenomeni özünü daha qabarıq göstərməyə başlayıb.

K.İmanov deyib: “Bugünkü əqli mülkiyyətin rolu onunla təsdiqlənir ki, 1986-cı ildən 2012-ci ilədək dünya miqyasında qeydiyyatdan keçmiş əqli mülkiyyətlə bağlı sifarişlər hazırda iki dəfə artıb. Bugünkü sərgidə innovasiyaların roluna və əqli mülkiyyətə bu sistemdə həvəsləndirici element kimi yanaşılması əhəmiyyətlidir”.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın innovasiyasız, yeni texnologiyasız inkişafının mümkünsüzlüyünü söyləyib. Bildirib ki, ölkəmizdə 2014-cü ilin “Sənaye ili” elan edilməsi dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sənayesi iqtisadiyyatın müasir, yüksək texnologiya ilə təchiz olunmuş sahəsidir. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-neft sənayesi sürətlə inkişaf edir.

İki gün davam edəcək sərgidə AMEA-nın institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi və Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universiteti öz sərgi pavilyonları ilə təmsil olunurlar.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?