Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Afaq Məsud, Kamran İmanov, Fikrət Qoca TÜRKSOY-un medalını aldılar


21.04.15 
/Modern.az/ 
Lacin.info

Bu gün “JV Marriott Absheron” ötelində 23 aprel – Ümumdünya Kitab və Müəlliflər Hüququ Gününə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov erməni mifomaniyası haqda danışaraq, bədnam qonşularımızın beynəlxalq rəyi çaşdırmaq niyyətindən söz açıb. “Bu gün erməni siyasəti tarixi saxtakarlaşdırmağa cəhd edir, diasporları bu yöndə fəaliyyət göstərirlər. Qondarma “erməni soyqırımı” iddiasının geniş vüsət almasının, tarixi saxtalaşdırılması cəhdlərinin qarşısının alınması bu gün hər birimizin strateji missiyası olmalıdır”.

Daha sonra YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva müəlliflik hüquqları sahəsində YUNESKO-nun gördüyü əhəmiyyətli işlərdən söz açıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu gün bir sıra dünya ölkələrinin heç bir tarixi araşdırma aparılmadan, tarixşünaslıq elminin mənbələrinə söykənmədən, qondarma “erməni soyqırımı”nı dəstəkləməsindən danışaraq, bu bədnam siyasətlə mübarizənin vacibliyini vurğulayıb.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov da çıxış edərək, ölkəmizin, Qarabağ həqiqətlərinin təbliğatı istiqamətində hər kəsi daha sıx birləşməyə, daha əsaslı işlər görməyə səsləyiblər. Konfransda TÜRKSOY-un katibi Düsen Kaseinov türkdilli ölkələrin münasibətləri, Azərbaycan Respublikası və Qarabağ həqiqətləri haqqında geniş çıxış edərək, türkdilli ölkələrarası əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirin sonunda ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif ediliblər.

Tədbir iştirakçılarına “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən Oljas Süleymenovun “Az-Ya” kitabı hədiyyə edilib.

Qeyd edək ki, ölkəmizdə “23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1995-ci ildən, “26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” isə 2001-ci ildən etibarən hər il qeyd olunur.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?