Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Əqli mülkiyyət iqtisadi inkişafın mühüm alətinə çevrilib” – Komitə sədri


24 Aprel - 12:07
http://teleqraf.com/news/52670

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 26 aprel beynəlxalq əqli mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, konfransı giriş sözü ilə açan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə son illərdə xüsusi ilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Komitə sədrinin sözlərinə görə, artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir. 

Sədrin sözlərinə görə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib iqtisadi əhəmiyyəti şübhəsizdir. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsinə və informasiya cəmiyyətinin inkişafı üçün əqli mülkiyyət potensialından geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır.

Komitə sədri bu sahədə yeni yanaşmaların meydana çıxdığını, biliklərə əsaslanan iqtisadiyyatın əsas məzmununun biznes mühitində elmi yeniliklərin istifadəsi olduğunu, yüksək texnologiyaların kommersiyalaşması, ixtiraçıların biznes mühitində yaxından iştirakını müasir dövrün çağırışlarından sayıldığını bildirib. 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və beləliklə, yüksək əlavə dəyər yaradan sahələri təşviq etməklə ölkələrin iqtisadiyyatının qlobal və regional səviyyədə rəqabətə davamlılığının artırılması imkanlarından danışıb: “Belə bir zamanda elmi-tədqiqat fəaliyyəti göstərən təşkilatların və institutların göstərdikləri fəaliyyətin nəticələrini öncədən görmək və sənayedə reallaşdırmaq imkanlarını proqnozlaşdırmaq tələb olunur. Bu xüsusiyyət ixtiraçılar üçün ona görə lazımdır ki, əldə etdikləri hüquqdan, əqli mülkiyyət obyektindən istifadə edərək hər hansısa mal, məhsul istehsalı, iş və xidmətlərin göstərilməsi və nəticədə mənfəət əldə etmək üçün kommersiya təşkilatlarında maraq oyansın”. 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əqli mülkiyyət hüquqlarının sağlam rəqabəti və ticarətin inkişafını şərtləndirən əsas amil olduğunu qeyd edib. 

Konfransda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikası Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdir müavini Emil Məmmədov məruzə ilə çıxış ediblər. 

Bildirilib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi hər il ölkəmizdə ixtiraçılıq sahəsində nailiyyətlərə görə respublika müsabiqəsi keçirilir. Ötən il “Sənaye ili” çərçivəsində ilk dəfə olaraq I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi təşkil edilib. 

Sevil









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?