Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

AMEA prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” konfransında çıxışı


24.04.2015, 15:42

http://www.science.az/az/index.php?id=8593

AMEA-nın prezidenti, akademik Akif Əlizadə “26 aprel-Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə təşkil olunmuş “Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” konfransında “Azərbaycan alimlərinin müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin qorunması problemləri” mövzusunda məruzə etmişdir. Məruzənin mətnini təqdim edirik.
Bu gün biz burada bütün dünyanın intellektual elitası üçün əlamətdar olan hadisə - Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar toplaşmışıq.
Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırış məqsədi güdülür.
Qeyd edim ki, 2014-cü ilin dekabr ayının 19-da keçirilən Azərbaycan Alimlərinin I Qurultayında ölkə elminin müasir vəziyyəti, problemləri müzakirə edildi, qarşıda duran vəzifələr müəyyən edildi. Bizim əsas problemlərimizdən biri də alimlərimizin müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin qorunması ilə bağlıdır. Ona görə də qurultayda AMEA-nın qarşısına qoyulan prioritet vəzifələrdən biri də məhz alimlərimizin bu hüquqlarının yüksək səviyyədə qorunmasına nail olmaqdır.
AMEA-nın Rəyasət Heyətinin iclaslarında bu problem dəfələrlə müzakirə olunub, etiraf etmək lazımdır ki, bir çox suallar hələ də cavabsız qalıb. Ona görə də Rəyasət Heyəti qərar qəbul etmişdir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi ilə birlikdə toplantı keçirək, bu problemləri bir yerdə müzakirə edək.
Bildiyiniz kimi, hazırda bütün dünyada qlobal informasiya cəmiyyəti quruculuğu prosesi gedir. Qloballaşmanin əsas təzahürlərindən biri də budur ki, informasiya və bilik mübadiləsi asanlaşır və sürətlənir. Vaxtilə dünyanın bir qitəsində baş verən elmi-texniki yeniliklərin digər bir qitəsinə gedib çıxması üçün onillikləri, bəzən yüzillikləri gözləmək lazım gəlirdi. Bu gün isə dünyanın bir nöqtəsində baş verən elmi-texniki yenilik bir göz qırpımında bütün dünyaya yayılır. Bu da, bütün dünyada qlobal, sürətli inkişafın əsasını təşkil edir.
Eyni zamanda, qlobal informasiya cəmiyyətində informasiya və bilik əsas strateji məhsula, maddi sərvətlərin formalaşmasının əsas mənbəyinə çevrilir. Yeni iqtisadiyyatda innovasiyaların, yaradıcı əməyin, intellektual mülkiyyətin, informasiya məhsullarının rolu sürətlə artır. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun tərkibində informasiya və biliklər hesabına formalaşan iqtisadiyyatın payı mühüm yer tutur. Belə bir şəraitdə müəllif hüquqları və intellektual mülkiyyətin qorunması məsələsi də xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti də müasir dünyanın çağırışlarına uyğun olaraq, ölkədə informasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasında maraqlı olan, bu sahədə əməli işlər görən, mühüm nailiyyətlər əldə edən ölkələr sırasındadır.
Ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da bu siyasəti özündə əks etdirir. Konsepsiyada elmi inkişaf etdirmək, insan kapitalını artırmaq, biliklər iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin geniºləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda innovativ tərəqqinin əsası olan elmin inkişafı istiqamətində də ardıcıl, dövlət siyasəti həyata keçirilir, bu sahədə geniş islahatlar aparılır. Bu məqsədlə qəbul edilən “Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müdəaları uğurla reallaşdırılır. Bu strategiyanın həyata keçirilməsi ölkəmizdə elmin inkişafına, innovativ fəaliyyətin genişləndirilməsinə, alimlərimizin əməyinin stimullaşdırılmasına, qanuni mənafelərinin yüksək səviyyədə qorunmasına xidmət edir.
Milli Strategiyaya uyğun olaraq AMEA-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə geniş, hərtərəfli islahatlar həyata keçirilir. Fundamental və tətbiqi tədqiqatların prioritetləri müəyyənləşdirilir. Onları ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına yönəltmək, elmi məhsulların kommersiyalaşdırılması, dünya bazarına çıxarılması AMEA-nın qarşısında duran əsas vəzifələrdən biridir. Qeyd etmək lazımdır ki, bu zaman qarşıya çıxan əsas problemlərdən biri alimlərin müəlliflik hüququ və intellektual mülkiyyətinin qorunması məsələsidir.
Alimlərimiz ölkədaxili qrantlarla yanaşı, beynəlxalq və digər ölkələrin qrant layihələrində iştirak edirlər. Etiraf etmək lazımdır ki, əksər hallarda onların bu işlərinin nəticələrinə görə müəllif hüquqları və intellektual mülkiyyətlərinin qorunması təmin olunmur.
Alim və tədqiqatçılarımızın müəllif hüquqlarının və intellektual mülkiyyətlərinin lazımınca qorunmadığı şəraitdə onlar öz fəaliyyətlərində maddi stimuldan əhəmiyyətli dərəcədə məhrum olurlar. Bununla yanaşı, ölkəmizin iqtisadi təhlükəsizliyinə də müəyyən təhdidlər yaranır.
Hazırda elmi fəaliyyət sahəsində əsas problemlərdən biri də plagiatlıqla, piratçılıqla və elmi etika məsələləri ilə bağlıdır. İnternetin meydana gəlməsi, mətnlərin rəqəmsallaşması, nüsxələrin çoxaldılmasının asanlaşması bu problemi daha da kəskinləşdirmişdir. Buna qarşısının alınması üçün mənəvi-etik, hüquqi və texnoloji tədbirlər görülməlidir.
Biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməliyik. Belə bir şəraitdə Azərbaycan alimlərinin hüquqlarını, həmçinin Azərbaycan elminin nüfuzunu qorumaq üçün plagiatlıq məsələsinə son dərəcə həssaslıqla yanaşmaq lazımdır.
Daha bir mühüm problem elmi fəaliyyətin kommersiyalaşdırılması, patentləşdirmə məsələləri ilə bağlıdır. Etiraf edim ki, biz alimlərimizin kommersiyalaşdırma, istehsal və xidmət sahələrində uğurlu tətbiqi perspektivləri olan elmi nəticələrini, ixtiralarını, kəşflərini lazımi səviyyədə təqdim edə bilmirik. Sovetlər vaxtında elmi müəssisələrdə patent şöbələri aktiv fəaliyyət göstərirdi, ixtiralar üçün patent dəstəyi verilirdi. Sonralar tədricən bu strukturların fəaliyyəti öz effektivliyini itirdi və hazırda demək olar ki, müasir tələblərə cavab vermir. İndi bu sahədə boşluq yaranmışdır.
Biz elmi nəticələrimizi intellektual məhsullara çevirməklə, nəinki daxili bazarda, həm də dünya bazarına çıxmaqla mənfəət əldə edə bilərik. Bununla da, elmə marağın daha da artırılmasına, alimlərimizin rifahının daha da yüksəldilməsinə nail olarıq.
Alimlərimizin müəllif hüquqlarının və intellektual mülkiyyətinin qorunması ilə bağlı əsas vəzifələrdən biri Ümumdünya Əqli Mülkiyyət Təçkilatının və digər beynəlxalq qurumların tövsiyələrini, xarici təcrübəni nəzərə almaqla, müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Qeyd edim ki, Azərbaycanda bu sahədə mühüm işlər görülmüş, müxtəlif konseptual sənədlər, normativ-hüquqi aktlar qəbul edilmişdir.
Həmçinin hazirda “Elm haqqında” Qanun layihəsi də Milli Məclisdə müzakirə olunur. Bildiyiniz kimi, bu bir çərçivə qanunudur. Növbəti mərhələdə biz ölkədə biliklər iqtisadiyyatının, innovativ mühitin formalaşması üçün bir sıra spesifik qanunların, digər normativ-hüquqi sənədlərin qəbul olunub, tətbiq edilməsinə nail olmalıyıq. O cümlədən, biliklər iqtisadiyyatının hüquqi əsaslarından biri olan “İntellektual mülkiyyət haqqında” Qanunun qəbul edilməsi üçün maraqlı qurumlar birgə fəaliyyət göstərməlidirlər.
Bu sahədə başlıca problemlərdən biri də kadr hazırlığı, yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi ilə bağlıdır. Biz həmçinin elmi kadr hazırlığında informasiya və biliklər cəmiyyətinin tələblərini nəzərə almalı, alim və mütəxəssislərimizdə müvafiq mədəniyyətin, təfəkkürün formalaşdırılması üçün mühüm işlər görməliyik. Etiraf etmək lazımdır ki, alimlərimiz patent və müəllif hüquqları sahəsində zəruri biliklərə malik deyillər. Çünki bu biliklərə sahib olmaq üçün fəaliyyətdə olan elə bir mexanizm də yoxdur, yəni orta, ali və doktorantura təhsili pillələrində müvafiqü biliklər tədris olunmur.
Amma müasir dövrdə, biliklərin əsas gəlir mənbəyinə, strateji resursa çevrildiyi bir zamanda bu prosesinn hər bir iştirakçısı innovativ təfəkkürə, müəllif hüququ və intellektual mülkiyyətin qorunması ilə bağlı müəyyən biliklərə malik olmalıdır.
İlk növbədə, hüquq təhsili sistemində müəllif hüquqlarının və alimlərimizin intellektual mülkiyyət hüquqlarının yüksək səviyyədə qorunması üçün müasir tələblərə cavab verən peşəkar kadrlar yetişdirilməlidir. Bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməli və onun tətbiqi üçün səylərimizi səfərbər etməliyik.
Həmçinin təhsilin bütün pillələrində gələcək mütəxəssislər üçün müvafiq biliklərin verilməsi və təfəkkürün formalaşdırılması üçün tədris proqramları hazırlanıb həyata keçirilməlidir.
Yeri gəlmişkən qeyd edim ki, biz bu günlərdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşdük və əhəmiyyətli müzakirələr apardıq. Bu Akademiya dünya ölkələrində müəllif hüquqları və intellektual mülkiyyət sahəsində biliklərin tədrisi üzrə müxtəlif formatlı təlim kursları təşkil edirlər. Onlar bizimlə görüşdə də müxtəlif təlim modelləri təklif etdilər. Hesab edirəm ki, biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müəllif Hüquqları Agentliyi ilə birlikdə belə kursları ölkəmizdə də təşkil edə bilərik.
Müzakirə edəcəyimiz bu problemlər, əsasən, sosial-iqtisadi maraqlara yönəlsə də, unutmaq lazım deyil ki, bu məsələlər həm də milli-mənəvi dəyərlərin qorunması məsələsidir. Virtual dünyanın hüquqi tənzimləmə mexanizmlərinin olmaması səbəbindən İnternet mühitində elmi əsərlərin plagiatlığa və piratçılığa qarşı immuniteti çox zəifdir.
Bildiyiniz kimi, bədnam qonşularımız torpaqlarımızı zəbt etməklə yanaşı, xalqımıza mənsub olan dəyərləri də mənimsəyirlər, dünya ictimaiyyətinə dezinformasiya yayırlar, sözün əsl mənasında, ölkəmizə qarşı qanlı müharibə ilə yanaşı, həm də informasiya müharibəsi aparırlar. Bizlər, xüsusən də, alimlərimiz bu intellektual müharibədə daha da fəal olmalıyıq. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz artıq müdafiə, gözləmə mövqeyində dayanmalı deyil, hücuma hazır olmalıyıq. Bunun üçün biz sanballı elmi əsərlər yaradaraq, onları dünya miqyasında nəşr edib yaymalı, bununla da, plagiat və pirat xəstələrinin cavabını verməli, onları ifşa etməliyik.
Mən çıxışımın sonunda bu günkü tədbirın təşkilinə dəstək verdiklərinə görə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininin sədri cənab Ramiz Həsənova, Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanova öz dərin təşəkkürümü bildirirəm. Bu dövlət qurumları üzərlərinə düşən yüksək məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Ölkəmizdə müəllif hüquqlarının və intellektual mülkiyyətin qorunması sahəsində onların fəaliyyəti ən yüksək qiymətə layiqdir. Ümidvaram ki, Azərbaycan dövlətinin tərəqqisi, elmimizin inkişafı naminə AMEA ilə bu dövlət qurumları arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcəkdir.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?