Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Şərh: Qarabağ atları ilə bağlı uydurma yazılar "nağıllar əsasında" qurulmuş erməni cəfəngiyyatının davamıdır


16 İYUL 2015, 17:25 (GMT+05:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Müəllif Hüquqları Agentliyi Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurma yazıları şərh edib.
Trend-in Agentliyin saytına istinadən verdiyi məlumata görə, şərhdə qeyd olunur ki, son zamanlar erməni kütləvi informasiya vasitələrində uydurma Artsaxda (Azərbaycan Respublikasının Yuxarı Qarabağda işğal olunmuş ərazilərində) Qarabağ atlarının yetişdirilməsi ənənələri barədə artan xəbər və məqalələr təhrif olunmuş əsərciklərdir və “nağıllar əsasında” qurulmuş erməniçiliyin daha əvvəllərdən məlum olan cəfəngiyyatının davamıdır. O cümlədən, “At qədim ermənilərə Allah tərəfindən göndərilmişdir, (ermənilərə aidiyyəti olmayan) Nairi (Urartu) panteonunun tanrılarından biri – müharibə tanrısı Teyşeb at belində təsvir olunmuşdur”, yaxud “öz atına sevgiyə görə gözləri çıxardılmış Tiqran-çar haqqında” yalanlar da bu qəbildəndir.
Qeyd olunur ki, erməni “ayrarat at cinsi”nin digər ölkələrə ixracı barədə uydurmalar, yaxud “ayrarat” cinsindən yeni cinslərin yetişdirilməsi, o cümlədən VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən, ərəb atlarından və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadokiyada yetişdirilən yeni majak cinsi əmələ gəlməsi”, XIII əsrdə monqol-tatar basqınından isə “hərbi işlərdə istifadə olunan qardıman atları”nın peyda olması və s. heç də az diqqətə layiq uydurmalar deyil. Bu cür uydurmaların “tacı” “Qarabağ atlarını ermənilər İranda yetişdirirdi”, ona görə ki, Osmanlı türklərin hakimiyyəti altında “ermənilərin (öz virtual atlarının) cinsini təkmilləşdirmək imkanları yox idi” uydurmasıdır.
Agentlik bildirir ki, bununla bərabər, tarixi faktlar və sənədlər tamamilə başqa şeydən bəhs edir. O cümlədən, Azərbaycan ərazisində tapılan və inadla ermənilər tərəfindən oğurlanan çoxsaylı “Daş at” heykəlləri. Bu, “Daş qoç” heykəlləri ilə bərabər Azərbaycan xalqı tərəfindən “Oğuz qəbirləri” adlandırılan qəbirlər üzərində daha çox rast gəlinən qəbirüstü heykəlləridir. Oğuzların qədim qəbirləri üzərində daş at və qoçun qoyulması onların dəfn mərasimləri ilə bağlı olub və at obrazına böyük sitayişin sübutudur. Azərbaycan ərazilərində tapılmış qəbirüstü abidələrdə tez-tez əli qılınclı atlı və ya ov səhnəsi təsvir olunub. Daha erkən dövrlərə, məhz orta və son tunc dövrlərinə aid köhnə qəbiristanlıqlarda at skeletləri, ayrıca basdırılmış atlar və atlara aid çoxsaylı bəzək əşyaları (yəhər-qayış, tunc yüyən ağızlığı) tapılıb. Misal üçün, Gültəpədə (Naxçıvan) aparılan qazıntının ikinci və üçüncü təbəqələrində at sümükləri aşkar edilib, özü də üçüncü təbəqədə tapılan əhliləşdirilmiş atın sümükləri olub. At skeleti və at qoşqu ləvazimatları Azərbaycanın başqa qəbiristanlıqlarında, xüsusən də Qarabağda, Xanlar yaxınlığında tapılıb. Qazıntılar zamanı o vaxtın adəti kimi at totemi Naxçıvanda, Qarabağda, Mingəçevirdə, Gəncədə və s. yerlərdə aşkar edilib. Mutan düzənliyində aparılan qazıntılar zamanı tapılmış qədim dövrlərə aid olması güman edilən at cəsədlərininqalıqları da təsdiq edir ki, Azərbaycan atları əhliləşdirən regionlardan biri olub, bizim əcdadlarımız dünya atçılığının əsasını qoyanlar sırasında olublar. Bütün bunlar b.e.ə. II minilliyə aid edilir. Bu da təsadüfi deyildir, çünki atlar o yerdə yetişdirilir ki, onlara qarşı xüsusi münasibət olur və bu, nəinki arxeologiyanın maddi dəlillərində, eləcə də etnik yaddaşda və genlərdə saxlanılır.
Qobustanın qayaüstü təsvirləri ilə yanaşı, folklorumuz və yazımız da bunları sübut edir. “Dədə Qorqud” eposunda at igidin-pəhləvanın birinci sərvətidir, “Koroğlu” dastanında sahibinin hədsiz dərəcədə sevdiyi məşhur Qırat obrazını xatırlayaq. Digər Azərbaycan dastanlarında at kultu od və dənizlə müqəddəsləşdirilən mifik köklərə gedib çıxır. Buna aid atalar sözləri və məsəlləri var: “Atı yerişindən, qəhrəmanı duruşundan tanıyarlar”, “İgid odur, atdan düşə atlana, igid odur hər zəhmətə qatlana” və s. Azərbaycanlıların etnik əcdadları oğuzlar at belində doğulmuş, ömrü boyu at belində olmuş və at belindədə ölmüşlər. Bir sözlə, at Azərbaycanın sərvətlərindən biridir, Azərbaycan məişətinin yaxın keçmişindən ayrılmayan bir anlayışdır.
Azərbaycanda atçılığın qədim ənənələri bu gün də inkişaf etdirilir. Burada iki at zavodu və iki atçılıq təsərrüfatı var. Ancaq qeyd etmək lazımdır ki, Ağdamın Ermənistan tərəfindən işğalı Azərbaycanda atçılığın inkişafına mənfi təsir edib, bu isə atların sayının kəskin - üç dəfəyə yaxın azalmasına gətirib. Qarabağ atları Bərdə rayonu Lənbəran kəndi ərazisinə köçürülüb, buranın təbii şəraiti isə - suyu, bitkisi və torpağın özü – onların tarixi məskunlaşma arealını əvəz edə bilməz.
Statistikaya görə, hazırda Azərbaycanda 65 min at var. Onlardan 20%-i Qarabağ və 15%-ə qədəri dilboz cinsinə aiddir, qalanları isə qarışıq və ya formalaşma mərhələsindədir. Əlbəttə, Qarabağın
“köhlən” atları Azərbaycanın at ilxılarının bəzəyidir. Ermənilərin oğurlayıb şəklini poçt markalarında yerləşdirdikləri “Əlyetməz” də belə “köhlən”lərdən idi.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?