Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Elm, dərslik və musiqi sahəsində plagiatçılıq geniş yayılıb” – MÜSAHİBƏ


21.07.2015

http://a24.az/muellif-huquqlari-agentliyi-plagiat-fakti-askarlayib/

Gəray Dadaşov: “Son vaxtlar Müəllif Hüquqları Agentliyi tərəfindən 51 plagiat faktı araşdırılıb”

Müəllif Hüquqları Agentliyi Əsərlərin qeydiyyatı vəhüquq şöbəsinin müdir müavini Gəray Dadaşovun “a24.az”a müsahibəsi

–2015-ci ilin 6 ayı ərzində Müəllif Hüquqları Agentliyi tərəfindən nə qədər əsər və digər əqli mülkiyyət obyekti qeydiyyatdan keçib?

-Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Ölkəmizdə əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı ilin 12 mart tarixindən başlanılmışdır. 1996-cı ildən indiyədək Agentlikdə 10 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilmişdir.
2015-ci ilin altı ayı ərzində 336 əsər Agentlikdə qeydiyyatdan keçirilib. Onlardan 220 elmi əsər və dərs vəsaiti, 56 ədəbi əsər, 23 musiqi əsəri, 19 toplu (tərtibat), 2-i əlaqəli hüquqların, 16-sı isə digər müəlliflik hüququnun obyektləridir.
Qeydiyyat proseduru olduqca sadədir. Müəllif (hüquq sahibi) əsərin (ifanın) bir nüsxəsini, şəxsiyyətini təsdiq edən sənədi və “Kapital Bank”ın filiallarının birində cəmi 5 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməklə öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər. Bununla yanaşı 2012-ci ildə Agentlikdə elektron qeydiyyat sistemi də yaradılıb. Məqsəd müəlliflərə və digər hüquq sahiblərinə əlavə vaxt itirmədən və nəqliyyat xərcləri sərf etmədən istədiyi məkandan (evindən və ya iş yerindən) elektron poçt vasitəsi ilə birbaşa Agentliklə əlaqə saxlamaq və əqli mülkiyyət hüququ ilə qorunan obyektini rəsmi qeydiyyatdan keçirmək üçün şəraitin yaradılmasıdır.
Əsərini qeydiyyatdan keçirmək üçün müəllif və ya hüquq sahibi Agentliyin rəsmi saytının (www.copag.gov.az) “Elektron xidmətlər” bölməsinə müraciət etməlidir. Elektron qeydiyyatla bağlı proseduralar həmin bölmədə ətraflı izah olunub.
Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir və mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
“Əsərin əsl müəllifi vaxtında onu qeydiyyatdan keçirmədiyi üçün əsərin başqası tərəfindən mənimsənilməsini sübut etmək çətin olur”.

–Bu ilin birinci yarısında piratçılığa qarşı mübarizə ilə bağlı hansı tədbir görülüb və nəticə nədən ibarətdir? Agentliyin məlumatlarında dərs və ya dərs vəsaitləri, elmi əsərlərlə bağlı plagiatçılığın olduğu yer alırdı. Plagiatçılıq, ədəbi oğurluq, müəlliflik hüquqlarının pozulması ilə əlaqədar Agentliyə şikayətlər olurmu? 

–Piratçılıqla mübarizənin daha da gücləndirilməsi məqsədi ilə 2012-ci ildə layihəsi Agentlik tərəfindən hazırlanmış “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilib. Qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlanıb. Belə ki, pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması məqsədilə əsərlərin, fonoqramların, kompyuter proqramlarının və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaqdır.
Ümumiyyətlə, pozulmuş müəlliflik hüquqlarının bərpası, plagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müəlliflərə və digər hüquq sahiblərinə köməklik edilməsi üçün Agentlikdə müvafiq şərait yaradılıb, o cümlədən burada ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”, “960” nömrəli Qaynar xətt və elektron xidmətlər fəaliyyət göstərir. Məlumat üçün qeyd edirik ki, təkcə 2014-cü ildə 1200-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin Agentliyə müraciət və sorğuları operativ şəkildə cavablandırılıb, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilib.
Qanunvericiliyə əsasən, hər bir əsərin sahibi müəlliflər və ya hüquqları əldə etmiş digər şəxslərdir. Hüquqların pozulması faktı barədə onlar məhkəmə iddiası qaldıra bilərlər.
Son 5 ildə Agentliyin nümayəndələri müxtəlif məhkəmə instansiyalarının iclaslarıında iştirak edib,30-dan artıq iddia ərizəsi tərtib olunub və ya tərtib olunmasında kömək göstərilib, müəllif-hüquq məsələləri ilə bağlı dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 45 ekspert rəyi hazırlanıb.
Sualınızın ikinci hissəsi ilə bağlı bildiririk ki, Agentliyə pozulmuş müəlliflik hüquqlarının bərpası və plagiat faktları barədə müraciətlər tez-tez daxil olur. Xüsusən elm, dərslik və musiqi sahəsində plagiatçılıq halları daha geniş yayılıb.
Son vaxtlar Agentlik tərəfindən 51 plagiat faktı araşdırılıb ki, onların da 8-i 2015-ci ilin ilk 6 ayına təsadüf edir. Bu faktların hər biri müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından dərhal araşdırılaraq, Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülüb, Agentliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə rəsmiləşdirilərək, baxılmaq üçün aidiyyəti orqanlara göndərilib.
Əsərin əsl müəllifi vaxtında onu qeydiyyatdan keçirmədiyi üçün əsərin başqası tərəfindən mənimsənilməsini sübut etmək çətin olur. Bu cür hallardan qorunmaq üçün müəlliflərə və digər hüquq sahiblərinə tövsiyə edərdik ki, birinci addım kimi ona məxsus olan əsəri və ya ifanı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirsin.
“Müəlliflik hüququnu pozanlar 55 min manatadək kompensasiya ödəməlidir”.

-Piratçılıqla bağlı inzibati cəza nədən ibarətdir?

-“Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən məhkəmə müəlliflik hüququ ilə bağlı mübahisələrə baxarkən iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi və ya hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən qeyri-qanuni nüsxələrin müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.
Müəllifin və ya hüquq sahibinin kompensasiya ilə yanaşı ona məxsus olan əsərdən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də hüquq pozuntusuna yol verən şəxsdən tələb etmək hüququ vardır.
Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır.
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 qərarı qəbul olunub, bir sıra normativ-hüquqi aktlara dəyişikliklər edilib.
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, (Məcəllənin 229-1-ci maddəsi) nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılmasına görə hər bir nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə 150 manat miqdarında cərimə tətbiq ediləcəkdir.
Eyni zamanda bildiririk ki, nəzarət markaları yapışdırılmayan nüsxələrin istehsalı və satışı inzibati məsuliyyətlə yanaşı cinayət məsuliyyəti də yaradır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 205-2-ci maddəsinə uyğun olaraq, hüquq pozuntusuna yol vermiş şəxs 3 000 (üç min) manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılacaqdır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda ziyan vurmaqla törədildikdə 7 000 (yeddi min) manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi nəzərdə tutulur. Saxta nəzarət markalarının hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə ediləcəkdir.

Atif Sarıxanlı









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?