Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Piratçılıqla mübarizə davam edir: Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır


31 İYUL 2015, 15:46 (GMT+05:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Müəllif Hüquqları Agentliyi təhsil müəssisələri və dövlət strukturlarının lisenziyalı proqram təminatı ilə təmin edilməsi üzrə tədbirlərin tezləşdirilməsi ilə bağlı Təhsil, eləcə də Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə müraciət edib. Bunu Trend-ə Müəllif Hüquqları Agentliyindən deyiblər.
Agentlik “Microsoft” şirkətinin rəsmi nümayəndələri ilə keçirdiyi görüşlərdə isə dövlət strukturlarının və təhsil müəssisələrinin lisenziyalı proqram məhsulları ilə təminatı məsələlərini müzakirə edib.
Agentlikdən qeyd ediblər ki, piratçılığın səviyyəsinin aşağı salınmasına istiqamətlənmiş tədbirlər çərçivəsində sentyabrdan nəzarət markalarının (holoqram) tətbiqi planlaşdırılır: “Markalar əqli mülkiyyət obyektlərinə, proqram təminatı məhsullarına yapışdırılacaq”. Agentliyin digər dövlət qurumları ilə birgə ölkədə piratçılığın səviyyəsinin aşağı salınmasına qarşı gördüyü tədbirlər nəticəsində piratçılığın səviyyəsi 90-dan 85 faizədək azalıb.
Müəllif Hüquqları Agentliyindən bildiriblər ki, piratçılıqla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi çərçivəsində daha əvvəl “İnzibati Xətalar Məcəlləsi”nə və “Azərbaycan Cinayət Məcəlləsi”nə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədilə satışı və ya yayılma məqsədilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə 150 manat miqdarında cərimə tətbiq edilir.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda ziyan vurmaqla törədildikdə 7 000 manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Piratçılığın səviyyəsinin azaldılması istiqamətində ölkədə işlər davam edir.
“Microsoft Azerbaijan” şirkətinin nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov isə bildirib ki, şirkət müəllif hüquqlarının qorunması sahəsində Müəllif Hüquqları Agentliyi ilə fəal əməkdaşlıq edir: “Əməkdaşlığın istiqamətlərindən biri ölkənin ali məktəblərində istifadə edilən proqram təminatının leqallaşdırılması məsələsində Agentliyə kömək etməkdir. Bundan başqa, Agentlik, “Business Software Alliance” təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyinin iştirakı ilə saxta məhsulların satışı faktlarının aşkarlanması üçün mağazalarda reydlər keçirilib, hüquqi tənzimlənmə sahəsində maarifləndirici işlər görülüb”.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?