Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü seçilib


Bakı, 14 oktyabr 2015, AZƏRTAC

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 55-ci toplantısı keçirilir. Tədbirdə sədr Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti də iştirak edib.
Müəllif Hüquqları Agentliyindən AZƏRTAC-a bildirilib ki, toplantının ilk günü ÜƏMT-nin baş direktoru Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumat verib.
Son illər əqli mülkiyyətə marağın həddən çox artdığını bildirən natiq bunun ilk növbədə əqli mülkiyyətin, o cümlədən biliklərin, texnologiyaların və yaradıcılıq əməyinin nəticəsi olan məhsulların müasir iqtisadiyyatın nüvəsini təşkil etməsi, mədəniyyətin hərəkətverici qüvvəsi olması və informasiya cəmiyyətini dəstəkləməsi ilə əlaqədar olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Regional qrup koordinatorlarının, həmçinin üzv-dövlətlərin nümayəndələrinin çıxışlarında da əqli mülkiyyətin müasir inkişafdakı roluna xüsusi diqqət yetirilib.
Səfər çərçivəsində ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə görüş keçirilib. Görüşdə Müəllif Hüquqları Agentliyinin nümayəndələri ilə yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçiləri iştirak ediblər. F.Qarri ötən il ölkəmizə etdiyi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə unudulmaz görüşünü xatırladaraq, bunların ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb. Eyni zamanda Azərbaycanın dinamik inkişafını və Bakının gözəlliyini xüsusi qeyd edərək, ölkəmizdə əqli mülkiyyət sahəsində görülmüş işlərə və əldə olunmuş nəticələrə yüksək dəyər verib.
Görüşə görə Frensis Qarriyə təşəkkürünü bildirən Kamran İmanov ötən il Azərbaycanla ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunu xatırladıb və Agentliyin müəllif hüququ (rəqəmli hüquqlar) üzrə yeni informasiya texnologiyaları nəzərə alınmaqla həyata keçirdiyi müasir işlərdən danışıb. F.Qarrinin bu yaxınlarda səsləndirdiyi “müəllif hüququnun məqsədi hər hansı və bütövlükdə əsərlərin yaradılması və yayılması ilə bağlı olan texnologiyalarla əməkdaşlıqda korporativ maraqların təşviqinə deyil, mədəni dinamizmin dəstəklənməsinə xidmət edir” fikrini yada salaraq, qeyd edib ki, bununla bağlı Azərbaycanda rəqəmli hüquqların idarə edilməsi strukturu yaradılıb və bu, bir neçə vacib komponentlərin birləşməsindən ibarətdir: hüquq (özü də yeni internet platformaları nəzərə alan), infrastruktur, mədəniyyətdə baş verən dinamik dəyişikliklər, o cümlədən internet mədəniyyəti nəzərə alınmaqla, həmçinin ən yaxşı biznes modellər. Nəzəri araşdırmalara əsaslanan bu işlər hazırda implementasiya mərhələsindədir və bununla əlaqədar ÜƏMT-nin Qlobal məlumat bazası və Azərbaycan əsərlərinin rəqəmsal məlumat bazasının əlaqələndirilməsi çox səmərəli olardı. İnternetin transsərhəd və çoxyurisdiksiyalı olduğunu nəzərə alaraq, sözügedən bazaların uyğunlaşdırılması vacib məsələlərdən biridir.
Bu çərçivədə ÜƏMT Akademiyası və Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Mərkəzdə müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması, yenidən təcrübə keçməsi, həmçinin hüquq sahibləri və istifadəçilərin hüquqi biliklərinin artırılması üçün hər cür şərait yaradıldığı nəzərə çatdırılıb. Müzakirələr zamanı, eyni zamanda ÜƏMT-nin həyata keçirdiyi proqramlar və təşəbbüslərə dəstək ifadə edilib.
F.Qarri qeyd olunanları çox yüksək qiymətləndirib və ÜƏMT-nin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq göstərişlər verib.
Sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin vəzifəli şəxsləri ilə keçirilən işçi görüşlərdə də müəllif-hüquq sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub və ölkəmiz üçün prioritet olan məsələlər önə çəkilib. Bununla yanaşı, təşkilatın Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentində F.Qarrinin ötən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılıb və Müəllif Hüquqları Agentliyi və ÜƏMT tərəfindən 2016-cı ildə birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan konfransların təxmini keçirilmə müddətləri müəyyən olunub.
ÜƏMT-nin rəhbər orqanlarına builki seçkilər zamanı Azərbaycan Respublikası qurumun fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin və Proqram və Büdcə Komitəsinin 2 il müddətinə üzvü seçilib.
Bununla yanaşı, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçilib. Bu müqavilə yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan beynəlxalq sazişdir və hazırda 100-dən artıq dövlət ona qoşulub. Azərbaycan Respublikası 2006-cı ildən həmin Müqavilənin Tərəfidir.
Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində ÜƏMT üzv-dövlətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?