Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Müəllif Hüquqları Agentliyində Fransa Səfirliyinin nümayəndələri ilə görüş olmuşdur


Cari ilin aprelin 14-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Fransanın Rusiyadakı Səfirliyinin regional iqtisadi şöbəsinin əqli mülkiyyət üzrə regional müşaviri, Azərbaycan üçün məsul xanım Marion Qüt və Fransanın Azərbaycandakı Səfirliyinin iqtisadi attaşesi İris Buaye ilə görüş keçirilmişdir. Görüşdə Fransa ilə əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Agentliyin sədri cənab Kamran İmanov qonaqları salamlayaraq, Azərbaycanın əqli mülkiyyət sistemi və son dövrlərdə ölkəmizdə müəllif hüquqlarının qorunması, piratçılığa qarşı mübarizə və əqli mülkiyyətin iqtisadi əhəmiyyətinin artırılması istiqamətlərində görülmüş işlər, həmçinin hüquqların təminatında maarifləndirmə işinin əhəmiyyəti nəzərə alınmaqla son vaxtlar Agentlik tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən hakimlər, gömrük və hüquq mühafizə orqanlarının əməkdaşları, kollektiv idarəetmə təşkilatlarının nümayəndələri, hüquq sahibləri, elm adamları, tələbələr və digər qrup insanlar üçün əqli mülkiyyət üzrə müxtəlif təlimlər barədə məlumat vermişdir.
Agentliyin sədri qeyd etmişdir ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” yaradılmışdır. Mərkəz 2012-ci ildə ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə qoşulmuşdur.
Xanım M.Qüt xoş qəbula görə təşəkkür edərək, əvvəllər Fransa Sənaye Mülkiyyəti Milli İnstitutunda çalışdığını, 2014-cü ilin sentyabrından Fransanın Rusiyadakı səfirliyində fəaliyyətə başladığını və regionda (MDB və Gürcüstan) əqli mülkiyyət hüquqlarının qorunması və piratçılığa qarşı mübarizə məsələlərinə dair əməkdaşlıq üzrə məsul olduğunu qeyd etmişdir. Qonaq Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sahəsində əldə olunan nailiyyətlər, o cümlədən CD/DVD bazarında piratçılığın qarşısının alınması ilə də maraqlanmışdır. 
Cənab K.İmanov Agentlik tərəfindən hüquq-mühafizə orqanları ilə birlikdə əqli mülkiyyət məhsulları bazarında mütəmadi olaraq monitorinqlərin aparıldığını, aşkarlanan pirat nüsxələrin qanunvericiliklə müəyyən olunmuş qaydada mülki dövriyyədən çıxarıldığını və ölkəmizdə son illər aparılan məqsədyönlü tədbirlər nəticəsində piratçılığın səviyyəsinin müxtəlif seqmentlər üzrə 12-31 faiz aşağı düşdüyünü qonaqların nəzərinə çatdırmışdır. 
Agentliyin sədri yaxın aylarda əqli mülkiyyət tərkibli məhsulların, o cümlədən kitabların, fonoqramların və audiovizual əsərlərin nüsxələrinin üzərinə xüsusi nəzarət markalarının vurulmasına başlanılacağını və nəzarət markasız nüsxələrin dövriyyədən çıxarılaraq onları istehsal edən və yayanlara qarşı sərt sanksiyaların tətbiq olunacağını qeyd etmişdir.
Görüş zamanı qonaqların əqli mülkiyyət sahəsi ilə bağlı digər sualları da cavablandırılmışdır. 
Görüşün sonunda qonaqlar həmçinin Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin maddi-texniki bazası, smart-sinif və onun iş prinsipi ilə yerində tanış olmuşlar.


15.04.2015









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?