Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı yayılan uydurma yazılar barədə Müəllif Hüquqları Agentliyinin şərhi


Son zamanlar erməni kütləvi informasiya vasitələrində uydurma Artsaxda (Azərbaycan Respublikasının Yuxarı Qarabağda işğal olunmuş ərazilərində) guya hərbi təcavüz nəticəsində itirilmiş Qarabağ atlarının yetişdirilməsi ənənələri barədə artan xəbərlər və yazılan məqalələr ilkindən təhrif olunmuş məlumatlar və nağıllar əsasında qurulmuş erməniçiliyin çoxdan məlum olan cəfəngiyatının davamıdır. O cümlədən, “At qədim ermənilərə Allah tərəfindən göndərilmişdir, (ermənilərə aidiyyəti olmayan) Nairi (Urartu) panteonunun tanrılarından biri – müharibə tanrısı Teyşeb at belində təsvir olunmuşdur”, yaxud “öz atına olan sevgisinə görə gözləri çıxardılmış Tiqran-çar haqqında” yalanlar da bu qəbildəndir.
Ermənilərin guya onlara məxsus ayrarat at cinsinin digər ölkələrə ixracı, yaxud bu cinsdən yeni cinslərin yetişdirməsi, o cümlədən VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən ərəb atlarından və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadokiyada yetişdirilən yeni majak cinsinin əmələ gəlməsi”, sonradan bu cinsdən XIII əsrdə monqol-tatar basqını zamanı “hərbi işlərdə istifadə olunan qardıman atları”nın yaranması və sair bu kimi uydurmaları diqqət mərkəzinə layiq olmayan yalanlardır. 
Bu cür uydurmaların başında: “ermənilər Qarabağ atlarını ona görə İranda yetişdirirdilər ki, bu cinsi Osmanlı türklərinin hakimiyyəti altında təkmilləşdirmək imkanları yox idi” yalanı dayanır. 
Bununla bərabər, tarixi faktlar və sənədlər, o cümlədən Azərbaycan ərazisində tapılan və ermənilər tərəfindən oğurlanan çoxsaylı daş at və daş qoç heykəlləri tamamilə başqa bir mənzərəni aşkar edir. Bu heykəllər Azərbaycan xalqı tərəfindən “Oğuz qəbirləri” adlandırılan qəbirlər üzərində daha çox rast gəlinən qəbirüstü heykəllərdir. Oğuzların qədim qəbirləri üzərində daş at və qoçun qoyulması onların dəfn mərasimləri ilə bağlı olub və at obrazına böyük sitayişin sübutudur. 

Azərbaycan ərazilərində tapılmış qəbirüstü abidələrdə tez-tez əli qılınclı atlı və ya ov səhnəsi təsvir olunmuşdur. Daha erkən dövrlərə, məhz orta və son tunc dövrlərinə aid köhnə qəbiristanlıqlarda at skeletləri, ayrıca basdırılmış atlar və atlara aid çoxsaylı bəzək əşyaları (yəhər-qayış, tunc yüyən ağızlığı) tapılmışdır. Misal üçün, Gültəpədə (Naxçıvan) aparılan qazıntının ikinci və üçüncü təbəqələrində at sümükləri aşkar edilmiş, özü də üçüncü təbəqədə tapılanlar məhz əhliləşdirilmiş atın sümükləri olmuşdur. At skeleti və at qoşqu ləvazimatları Azərbaycanın başqa qəbiristanlıqlarında, xüsusən də Qarabağda, Xanlar yaxınlığında tapılmışdır. Qazıntılar zamanı o vaxtın adəti kimi at totemi Naxçıvan, Qarabağ, Mingəçevir, Gəncə və s. yerlərdə aşkar edilmişdir. Mutan düzənliyində aparılan qazıntılar zamanı tapılmış qədim dövrlərə aid olması ehtimal edilən at cəsədlərinin qalıqları da təsdiq edir ki, Azərbaycan atların əhliləşdirildiyi regionlardan biri olmuş, əcdadlarımız dünya atçılığının əsasını qoyanlar sırasında olmuşlar. Bütün bunlar b.e.ə. II minilliyə aid edilir.
Bu da təsadüfi deyildir, çünki atlar o yerdə yetişdirilir ki, orada onlara qarşı xüsusi münasibət olur və bu həm arxeoloji maddi dəlillərdə, eləcə də etnik yaddaşda və genlərdə saxlanılır.
Qobustanın qayaüstü təsvirləri ilə yanaşı, folklorumuz və yazı nümunələrimiz də bunları sübut edir. “Dədə-Qorqud” eposunda at igidin-pəhləvanın birinci sərvətidir, “Koroğlu” dastanında sahibinin hədsiz dərəcədə sevdiyi məşhur Qırat obrazını da xatırlamaq yerinə düşər.
Digər Azərbaycan dastanlarında at kultu od və dənizlə müqəddəsləşdirilən mifik köklərə gedib çıxır. Buna aid atalar sözləri və məsəllər vardır: “atı yerişindən, qəhrəmanı duruşundan tanıyarlar”, “igid odur, atdan düşə atlana, igid odur hər zəhmətə qatlana” və s. Azərbaycanlıların etnik əcdadları olan oğuzlar at belində doğulmuş, ömrü boyu at belində olmuş və at belində də ölmüşlər. Bir sözlə, at Azərbaycanın sərvətlərindən biri, Azərbaycan məişətinin yaxın keçmişindən ayrılmayan bir anlayışdır.
Azərbaycan atlarını ərazimizin dövlət quruluşuna müvafiq olaraq nisey, midiya kimi adlandırmışlar, sonralar - Orta əsrlərdə Qarabağ atları kimi şöhrət qazanmışlar. Onlar qədim dövrlərdən döyüş şöhrətli olmuşlar.
Məşhur alim İ. Dyakonovun yazdığı kimi, atçılıq və yüngül ikitəkərli döyüş arabası Urmiyaətrafı rayonlarda III minilliyin axırlarından gec olmayaraq yayılmağa başlamışdır. Xəzərdən və Urmiyaətrafı bölgədən qərbə doğru Nisey düzənliyinin Azərbaycanın tarixi ərazisinə birbaşa aidiyyəti vardır. Hər il hökmdarların tövlələrinə 20 mindən az olmayaraq seçmə at göndərilirdi. Məhz bu atlar b.e.ə. VI-V əsrlərdə Midiya qoşununun əsas zərbə qüvvəsini (cəng arabaları və süvarilər) təşkil etmiş, Assuriya hakimiyyətini məhv etməkdə, Urartu və Mannanı özünə tabe etməyə nail olmaqda Midiya çarlığına imkan vermişdir. 
Katerino Zenonun yazdığına görə, Orta əsrlərdə Azərbaycan hökmdarı Uzun Həsən öz qoşununda 300 min, lazım gəldikdə isə daha çox süvari çıxara bilirmiş. Təsadüfi deyildir ki, Azərbaycan səfəviləri yerli atların dövlət hüdudlarından kənara çıxarılmasına qadağa qoymuşdular.
XX əsrə qədər Qafqazın ən gözəl və nəcabətli at cinsi ərəb və axaltəkin qarışığı olan Qarabağ atları sayılırdı. Qarabağ cinsinə burada-vətənində Köhlən adı vermişdilər.
Bu atları bəylər və knyazlar minir, onlara bütün Cənubi Qafqaz, Kiçik Asiya və Rusiyada qiymət verirdilər. Həmçinin bu atlar tez-tez “İran atı” adı altında hədiyyə edilir və hərbi qənimət kimi istifadə olunurdu.
Bu cins dünyada ən qədim cinslərdən biridir. Bu cinsdən olan atlar orta boylu, gözəl başlı, qızılı rəngə çalan, sarı-qırmızı rəngli və yaxşı inkişaf etmiş əzələli atlardır. Yüz illər boyunca Qarabağ xanlarının tövlələrinin fəxri olmuş bu at cinsi müstəsna dözümlülüyünə və sahibinə sədaqətinə görə fərqlənmiş, dağ yollarında əvəzolunmaz olmuşdur.
Rus çarı I Nikolayın atı da həmin cinsdən idi. 1956-cı ildə Sovet hökuməti ingilis kraliçasına bu cinsdən olan “Zaman” ləqəbli atı hədiyyə etmişdir. “Xan” ləqəbli gözəl qızılı sarı-qırmızı rəngli ayğır 1867-ci ildə Paris Beynəlxalq Sərgisində nümayiş etdirilmiş və gümüş medal qazanmışdır.
Qarabağ atları yalnız qızılı, sarı - qırmızı rəngli olduğuna görə onları tez-tez “sarlar” adlandırırdılar. Qızılı qonur rəngli quyruğu və yalı ilə fərqlənən nadir narıncı rəngli atlara da rast gəlmək mümkündür.
Xalis qanlı ingilis cinsinin Avropada oynadığı rolu Qarabağ at cinsi bütün Qafqazda oynamışdır. Qarabağ atları digər Azərbaycan cinsinə, xüsusən “dilboz” atlarına başlanğıc vermişlər, onlar Qarabağ atlarının alınmasında istifadə edilirdi, lakin “Köhlən”in qanı daha çox Don cinsində hiss olunur. Bu cinsin keyfiyyəti haqqında bir faktı xatırlatmaq lazımdır: 1823-cü ildə ingilislər Qarabağ xanı Mehdiqulu xandan 60 madyan almışlar. 1866, 1869, 1897-ci illərdə Qarabağ atları beynəlxalq sərgilərdə layiqincə təmsil olunmuş, qızıl və gümüş medallara layiq görülmüşdür.
1869-cu ildə keçirilmiş Ümumrusiya sərgisində Qarabağ ayğırları yüksək mükafatlar almış, “Meymun” ləqəbli at gümüş, “Toxmaq” isə bürünc medala layiq görülmüşdür. Fotoşəklini ermənilərin mənimsədiyi “Əlyetməz” adlı at isə Azərbaycanın görkəmli şairəsi Xurşud Banu Natəvan xanıma məxsus olmuşdur. Həmin ayğır Natəvan xanımın həyat yoldaşı Həsənbəy Usmiyevin atçılıq zavodundan çıxmışdır. “Əlyetməz” nəinki xüsusi tərifnamə ilə mükafatlandırılmış, həm də o, Rusiya at zavodlarının damazlıq atı təyin olunmuşdu. Bu yaxınlarda ermənilər özlərinin “atçılıq ənənələrini təsdiqləyən poçt markası”nı buraxmışlar, markanın üzərində isə təbii ki, at fotoşəkili ... Qarabağ ayğırı “Əlyetməz”in şəklini vermişlər. Buna əmin olmaq üçün ayğırın çar dövründə çəkilmiş fotosunu Ermənistanın bugünkü markasının üzərindəki təsvirlə müqayisə etmək kifayətdir. 1867-ci ilin Ümumrusiya sərgisində mükafat qazandığına görə o dövrün fotoşəkilləri içərisində “Əlyetməz”in də şəkli saxlanılır və onun şəklinin altında belə bir yazı vardır: “Xanım Usmiyevanın at zavodundan olan Əlyetməz ayğırı”.
Azərbaycanda atçılığın qədim ənənələri bu gün də inkişaf etdirilir. Burada iki at zavodu və iki atçılıq təsərrüfatı vardır. Bununla belə, qeyd etmək lazımdır ki, Ağdamın Ermənistan tərəfindən işğalı Azərbaycanda atçılığın inkişafına mənfi təsir etmışdir, bunun nəticəsində atların sayı kəskin şəkildə - üç dəfəyə yaxın azalmışdır. Qarabağ atları Bərdə rayonunun Lənbəran kəndi ərazisinə köçürülmüşdür, lakin buranın təbii şəraiti - suyu, bitki örtüyü və torpağın özü – onların tarixi məskunlaşma arealını əvəz edə bilməz. 
Statistikaya görə, hazırda Azərbaycanda 65 min at vardır. Onlardan 20%-i Qarabağ, 15%-ə qədəri isə Dilboz cinsinə aiddir, qalanları qarışıq və ya formalaşma mərhələsində olan atlardır. Əlbəttə, Qarabağın “Köhlən” atları Azərbaycanın at ilxılarının bəzəyidir. Ermənilərin oğurladığı və şəklini poçt markalarında yerləşdirdiyi “Əlyetməz” də belə “köhlən”lərdən biri idi.
Bu, “qədim erməni atçılıq ənənələri” və “Qarabağ ayğırları ermənilər tərəfindən İranda yetişdirilirdi” uydurmalarının fonunda Azərbaycanın Qarabağ atları barədə qısa məlumatlardır. 


16.07.2015









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?