Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Müəllif Hüquqları Agentliyində görüş keçirilmişdir


Cari il dekabrın 15-də Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Jeroen Villemsi qəbul etmişdir.
Görüşdə Agentliyin təklifləri əsasında hazırlanmış “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədi ilə Müəllif Hüquqları Agentliyinin institusional potensialının gücləndirilməsi” Tvinninq layihəsinin fişi müzakirə edilmişdir. K.İmanov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması və idarə olunması sahəsində görülən genişmiqyaslı işlər haqqında ətraflı məlumat vermiş, həmçinin Müəllif Hüquqları Agentliyində yaradılmış rəqəmli hüquqları idarəetmə sistemi və unikal elektron məlumat bazası barədə danışaraq, bu işlərin görülməsində Avropa İttifaqının bir neçə ölkəsinin iştirakını xüsusi vurğulamışdır.
J.Villems Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində görülən işləri və bu sahədə tvinninq layihəsi çərçivəsində Agentliyin son illər həyata keçirdiyi tədbirləri diqqətlə izlədiklərini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın çox müsbət bir hal olduğunu vurğulamışdır. 
Sonra Avropa Komissiyasının layihə fişinə dair son təklif və rəyləri müzakirə olunmuş, fişin mətni ilə bağlı suallar cavablandırılmış və yekun variantın tezliklə hazırlanacağı barədə anons verilmişdir. 
Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyatlar bölməsinin proqram meneceri Miguel Magro, “Azərbaycanda institusional quruculuq əməliyyatlarına dəstək” (SIBA) layihəsinin rəhbəri Dominique Charpentier və həmin layihənin eksperti Əfqan Feyziyev də iştirak etmişlər.
Görüşün sonunda Jeroen Villems səmimi qəbula görə Kamran İmanova təşəkkür etmiş, K.İmanov isə bu cür layihələrin həyata keçirilməsinin Aİ ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.

 

15.12.2015

 









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?