Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

“Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları”


07.04.2016 15:20

http://sia.az


Bu gün Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, ali təhsil müəsisələrinin rektorları və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə son günlər Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov giriş sözü ilə çıxış edərək bildirib ki, gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə bağlı olması naminə plagiatçılıqla mübarizə güclənməlidir: “Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq, sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir.Plagiat heç biryeni bilik yaratmır, əksinə, kiminsə əqli nəticəsini özününküləşdirir, mülkiyyətini mənimsəyir. Plagiatı yalnız müəllif-hüquq pozuntusu, kiminsə intellektual məhsuluna, zəka yaradıcılığına, əqli fəaliyyətinə hörmətsiz və təcavüzkar yanaşma kimi qiymətləndirmək tam olmazdı. Plagiatın elm və təhsil təsisatlarına endirdiyi zərbə bilik sisteminin əsaslarını sarsıdır, ona inamı qırır, şübhə və ədalətsizliyi yayır. Bununla da cəmiyyətə və dövlətə heç bir müqayisəsi olmayan ziyan vurulur”.
Kamran İmanov onu da vurğulayıb ki, hazırda plagiatın aşkarlanmasında İnformasiya Texnologiyalarının rolu danılmazdır: “Müxtəlif növ kompüter antiplagiat proqramları və internet-servisləri bir sıra müasir model və alqoritmlər əsasında plagiatı aşkarlamağa imkan yaradır. Azərbaycanın bir neçə ali təhsil müəssisəsi artıq bu proqram sistemlərinin icarəçi qismində istifadəçiləridir və bu sistemlərin geniş istifadəsi Agentlik tərəfindən hər zaman dəstəklənir. Bununla belə, ölkədə milli antiplagiat sisteminin yaradılmasın da ehtiyac var. Müəllif Hüquqları Agentliyi müəllif-hüquq qanunvericiliyi nöqteyi- nəzərindən sistem üçün ümumi prinsipləri, alqoritmləri və tələbləri hazırlayıb. Eyni zamanda, proqram təminatının texniki şərtləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri də artıq hazırdır. Mövcud dünya təcrübəsi də nəzərə alınmaqla Elmlər Akademiyasının müvafiq strukturları ilə birgə bunların əsasında mərkəzləşmiş biliklər bazası və antiplagiat informasiya axtarışı sistemi yaradılması işinə start verilməsinə xüsusi diqqət yetirilməsi vacibdir”.
Təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır: “Bu nöqteyi nəzərdən təhsil sistemində fəaliyyət göstərən alimlərimiz, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır. Bu çağırışlara cavab verməyin yolları Azərbaycan dövlətinin təhsil strategiyasında öz əksini tapıb. Strategiyada nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatçılığın qarşısının alınması xüsusi çəkiyə malikdir. Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran əsas məqsəd və vəzifədir. 21 əsrdə ,elm və təhsilin yüksək xətlə inkişaf etdiyi zamanda plagiatdan istifadə qətiyyən qəbuledilməzdir. Bu həm hüquqi nöqteyi nəzərdən, həm də mənəvi nöqteyi nəzərdən düzgün hesab edilmir. Xüsusilə təhsil sahəsində. Biz hər zaman vurğulayırıq ki, təhsil sistemində vacib amillərdən biri də yeni biliklərə yiyələnmək və bu bilikləri gənc nəslə ötürməkdir. Palgiatın qarşısını almaqdan ötrü beynəlxalq təcrübəyə əsaslanaraq bu gün bir çox işlər həyata keçirilir. Müəllif Hüquqları Agentliyi tərəfindən hüquqi çərçivə artıq tərtib edilib”.

Mikayıl Cabbarov bu sahədə bir amili də öndə tutaraq vurğulayıb ki, plagiata qarşı mübarizədə təhsil sisteminin işçiləri olaraq hər birimizin fəal iştirakı vacibdir: “Rəhbər şəxslər, yaradıcı insanlar, alimlər kənara dayanmamalı, birgə işlər həyata keçirməlidir. Bütün iş yalnız dövlətin üzərinə qoymaq olmaz. Təhsil sistemində yaradılan hər bir işin müəllifi birmənalı şəkildə işində plagiata yol vermədiyi ilə bağlı üzərinə öhdəlik götürməlidir”. 
Daha sonra plagiatın yaranma səbəbləri, aparılan mübarizə tədbirləri, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirilib, mövcud vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?