Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Müasir müəlliflik hüququnun rolu haqqında


Hər bir ölkə özünün təkrarolunmaz simasına görə öz xalqına borclu olduğu kimi, müəlliflik hüququ da özünün bu günkü vəziyyətinə görə mövcud əsərlərə borcludur. Volterin kitablar haqqında söylədiyi qiymətli sözlər tamamilə haqlı olaraq bütün əsərlərə şamil edilə bilər: «Onlar bizim ocaqlarımızdakı od kimidirlər: biz onları kimdənsə götürür, ocağımızı qalayır, sonra başqalarına ötürürük. Nəticədə onlar hamının malı olur».
Millətin ən başlıca sərvəti olan intellekt öz mənbəyi kimi həmişə yaradıcılığa əsaslanmışdır. Yaradıcılıq məhsulları – elmi, bədii və incəsənət əsərləri bütün tarix boyunca bəşər mədəniyyətini hərəkətə gətirən lokomativ rolunu oynamışdır, onların qorunub saxlanılması isə mədəni təkrar istehsala səbəb olmuşdur. Yaradıcı şəxslərin hüquqlarını qoruyan və müdafiə edən qanunvericilik aktları da milli irsin, mədəniyyət ənənələrinin və ölkənin özünəməxsusluğunun mühafizə olunmasının zəruri şərti kimi meydana çıxmışdır. Güclü və müstəqil mədəniyyət industriyasının yaradılması belə qanunların mövcudluğundan asılıdır.
XX əsrin sonlarında bilik və mədəniyyətin funksiyalarında baş verən prinsipal dəyişikliklər və rəqəmli XXI əsrin imkanları intellektual fəaliyyət nəticələrindən istifadənin miqyasının kəskin surətdə genişlənməsinə gətirib çıxardı. İnsan ağlının yaradıcılıq məhsulları iqtisadi dövriyyənin ən mühüm növlərindən birinə çevrildi.
Müasir dünyada heç bir sərhəd yaradıcılıq əsərlərinin yayılması üçün maneə törədə bilmir: bu səbəbdən müəllif hüququ elə bir sahəyə çevrilmişdir ki, onun mərkəzi nöqtəsi dünyanın hər yerindədir, çevrəsi isə ümumiyyətlə yoxdur. Bütün bunlar mədəni nemətlərin beynəlxalq ticarətinin inkişafında son dərəcə vacibdir və belə qarşılıqlı fəaliyyətin təhlükəsizliyini nəzərdə tutur.
Bununla da, cəmiyyətin qorunub saxlanılması və inkişafı üçün mədəniyyətin qorunması və stimullaşdırılmasının vacibliyinin dövlət tərəfindən dərk edilməsinin hüquqi ifadəsi olan müasir müəlliflik hüququ intellektual fəaliyyətin təkcə mədəni-intellektual deyil, həm də iqtisadi nəticələrinin reallığını diqqətə alır. Əgər yaradıcılığın dəstəklənməsi və stimullaşdırılması şəxsiyyət azadlığı və insan hüquqlarından doğursa, onda bu hüquq və azadlıqların, yaradıcılığın obyektiv ifadə olunmuş nəticələrinin mühafizəsi və qorunub saxlanılması ilə inteqrasiyası onların iqtisadi dövriyyədə fəal iştirak edən bazar məhsulları olduğunu qəbul etmək deməkdir. Müəlliflik hüququnun ikili təbiəti illər ötdükcə özünü daha aydın büruzə verir, şəxsi və əmlak hüquqlarının sıxı surətdə bir-birinə qarışması, bizim fikrimizcə, yaradıcının şəxsiyyətilə sıx bağlı olan müstəqil müəlliflik hüququ institutunun yaranmasına səbəb olmuşdur.
Bununla yanaşı, müəlliflik hüququ haqqında qanunvericiliyin üç əsrlik tarixi, müəlliflə cəmiyyətin maraqları arasında ağıllı balans – sərbəst ideya və biliklər axınında cəmiyyətin tələbatları ilə öz yaradıcı əməyinin ədalətli şəkildə mükafatlandırılmasını arzulayan müəllif marağı arasında kompromis axtarışından ibarət olmuşdur. Müəlliflik hüququ sahəsində toplanmış beynəlxalq təcrübədən istifadə olunması, milli ənənə və xüsusiyyətlərin və nəhayət bütün tərəflərin maraqlarının nəzərə alınması mühüm rol oynayır: son nəticədə bu sahədə çıxarılan hər bir qərar kiminsə mənafeyinə toxunur, çünki kiminsə hüququ eyni zamanda kiminsə vəzifəsidir. Bütün bu səbəblər Azərbaycanın müasir müəlliflik hüququnun, yuxarıda sadalanan kompromislərin və mövcud ənənələrin məcmusu kimi formalaşmasına gətirib çıxarmışdır.

K.İmanov, 2005









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?