Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Perspektivlər və problemlər


Azərbaycanda intellektual mülkiyyət, xüsusilə də müəlliflik hüququnun inkişaf perspektivlərini aşağıdakı istiqamətlər prizmasından nəzərdən keçirmək daha məqsədəuyğundur:

  • müasir tendensiyalar və Azərbaycanın yeni beynəlxalq sazişlərdə və dövlətlərarası kooperasiyalarda iştirakının genişləndirilməsi nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi;
  • bu sahədə dövlət siyasətinin və müəllif hüquqlarının idarə olunmasını həyata keçirən milli orqanın bundan sonra da modernləşdirilməsi və onun səlahiyyətlərinin inkişaf etdirilməsi;
  • pozulmuş hüquqların təmin edilməsində hüququn tətbiqi praktikasının gücləndirilməsi.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bütün dünyada olduğu kimi Azərbaycanda da rəqəmli texnologiya və İnternet adi praktikaya çevrilməyə başlamışdır. Bununla əlaqədar olaraq, agentlikdə hüquqların rəqəmli şəbəkələrdə idarə olunması perspektivləri üzrə iş aparılmışdır. Rəqəmli şəbəkələrdə müəlliflərin hüquqlarının qorunması ilə əlaqədar Azərbaycanın müəlliflik hüququ qanunvericiliyinə «fonoqram», «hamının nəzərinə çatdırmaq hüququ» və «yayım hüququ» anlayışları ilə bağlı dəqiqləşdirmələr və agentliyin hazırladığı digər müvafiq təkliflər əlavə edilir. ÜƏMT-in yeni beynəlxalq müqavilələrində – «Müəlliflik hüququ haqqında Müqavilə» və «İfalar və fonoqramlar haqqında Müqavilə»də Azərbaycan Respublikasının iştirakı məsələsinə səlahiyyətli orqanlarda baxılması ilə əlaqədar hazırlıq işləri aparılır.
Mühüm vəzifələrdən biri milli qanunvericiliyin, yerinə yetirilmiş olan müqayisəli təhlil əsasında Avropa direktivlərinə uyğunlaşdırılmasıdır.
Azərbaycanda, əlaqəli hüquqların qorunmasına dair Roma Konvensiyasına üzv olmaq istiqamətində hazırlıq işləri aparılmışdır, çünki milli qanunvericilik bu beynəlxalq sazişin tələblərinə uyğun gəlir. Azərbaycanın Ümumdünya Gömrük təşkilatına üzv olmağa hazırlaşması və TRİPS müqaviləsi tələblərinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə sərhəddə piratçılığa və saxtakarlığa qarşı ehtiyat tədbirlərini sərtləşdirən bəzi dəyişikliklər edilməsi nəzərdə tutulur.
Azərbaycanda müəlliflik hüququ sisteminin inkişaf etdirilməsi planına əhalinin və hüquq sahiblərinin məlumatlandırılması məqsədilə yaxın vaxtlarda «İntellektual mülkiyyət» jurnalının nəşri, broşürlərin, bukletlərin və xüsusi nəşrlərin hazırlanması daxildir. Bununla əlaqədar, rəqəmli mikromətbəə və xüsusi təşkilati texnika əldə edilməsi məsələlərində ÜİMT-in agentliyə göstərdiyi yardım hər cür tərifə və təşəkkürə layiqdir.
ÜƏMT-in rəqəmli WIPOnet şəbəkəsinin yaradılması sahəsində gördüyü nəhəng işlər və agentliyin dünyanın ilk beş intellektual mülkiyyət idarəsi sırasında onda iştirakı bu şəbəkəyə xidmət göstərən mütəxəssislərin yenidən hazırlamasını tələb edir. Bununla əlaqədar ÜƏMT-in gələcək üçün planlaşdırılan belə bir işi də rəğbətlə qarşılanır.
Hüquqların kollektiv idarə olunması şəbəkələrinin inkişaf etdirilməsi və modernləşdirilməsi də aktual vəzifələrdən biridir.
Hazırda piratçılığa qarşı mübarizə hüququnun tətbiqi praktikası çox mühüm rol oynayar. Vəziyyəti mürəkkəbləşdirən odur ki, yaranmaqda olan industriya (məsələn rəqəmli fonoqram istehsalı və s.) səbəbindən yerli istehsalçılar, praktiki olaraq, texniki müdafiə vasitələrindən məhrumdurlar. Dövlət qanunauyğun qaydada buraxılan intellektual məhsula identifikasiya sistemi tətbiq etməklə, onlara kömək göstərmək istəyir və Müəllif Hüquqları Agentliyi belə bir layihə hazırlamışdır.
ÜƏMT-in təcrübə mübadiləsi mövzusunda təşkil etdiyi beynəlxalq seminarların keçirilməsi məsələləri də aktual olaraq qalır. Bununla əlaqədar Azərbaycan öz milli agentliyini Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün, həm simpoziumlar keçirilməsində, həm də şəbəkə informasiya mübadiləsində baza kimi istifadə olunması təşəbbüsü ilə çıxış edir.
ÜƏMT-in YUNESKO ilə birlikdə ənənəvi biliklərin və folklorun qorunması məsələləri sahəsində böyük işlər gördüyü məlumdur. Biz millətə məxsus olan bu intellektual mülkiyyət hüququnun qorunması sahəsində yeni beynəlxalq alətin yaradılmasına yönəldilmiş həmin fəaliyyəti hər vasitə ilə dəstəkləyirik. Bu məsələ bizim üçün son dərəcə aktualdır, çünki Azərbaycanın bir çox nəğmə janrlı əsərləri, folklor və dekorativ xalça sənəti nümunələri, çox təəssüflər olsun ki, bəzi qonşularımız tərəfindən vicdansızcasına mənimsənilərək öz əsl milli mənsubiyyətindən məhrum edilirlər.

K.İmanov, 2005









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?