Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Beynəlxalq əməkdaşlıq və kooperasiya


ÜƏMT Azərbaycan Respublikasının dövlət orqanları ilə fəal əməkdaşlıq edir. Məsələn, 1998-ci ildə Müəllif Hüquqları Agentliyi ÜƏMT-lə birlikdə Azərbaycanda ÜƏMT-in yeni müqavilələri (İnternet müqavilələri) ilə bağlı məsələlər üzrə, habelə TRİPS sazişi üzrə milli seminarlar keçirmişdir. 2000-ci ilin mayında agentliklə ÜƏMT Cənubi Qafqazda piratçılığa qarşı mübarizə məsələlərinə həsr olunmuş ilk regional seminar-simpozium keçirmişdir; həmin seminar-simpoziumda Gürcüstanın və Mərkəzi Asiya respublikalarının müəlliflik hüququ təşkilatlarının, həmçinin bu ölkələrin hüquq-mühafizə və gömrük strukturlarının nümayəndələri iştirak etmişlər.
Yeni minilliyin ilk ilində «Gələcəyi bu gün yaradaq» devizi altında ÜƏMT tərəfindən elan edilən 26 aprel – Beynəlxalq İntellektual Mülkiyyət Gününün, habelə üç il dalbadal 23 aprel – Kitab və Müəllif Hüququ Gününün bayram edilməsi ölkədə böyük rezonans doğurmuşdur.
Agentlik Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə intellektual mülkiyyət üzrə tələbələrin respublika müsabiqəsini təşkil etmiş, onun nəticələrinə əsasən 8 ən yaxşı tələbə işi beynəlxalq müsabiqədə iştirak etmək üçün ÜƏMT-ə göndərilmişdir.
ÜƏMT-lə agentlik arasında əməkdaşlığı möhkəmləndirmək çərçivəsində agentliyin kompüter və təşkilati texnika ilə tam təchiz edilməsi, mütəxəssislərin təcrübə keçməsi və yenidən hazırlanması üzrə geniş tədbirlər planı hazırlanmışdır. Hazırda ÜƏMT-in baş direktoru cənab Kamal İdris 2001-2002-ci il üçün bu əməkdaşlıq proqramını təsdiq etmişdir ki, bu da Azərbaycana, onun rəhbərinin müdrik daxili və xarici siyasətinə böyük diqqətin təzahürüdür. ÜƏMT-in Avropa və Asiyanın ayrı-ayrı ölkələrilə (keçid iqtisadiyyatını yaşayan ölkələr) əməkdaşlığı nəzərdə tutan 07 Xüsusi Proqramı bütövlükdə bəyənilməyə və dəstəklənməyə layiqdir; həmin proqram çərçivəsində ÜƏMT, bu ölkələrdə intellektual mülkiyyət sisteminin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə köməklik göstərir.
ÜƏMT-in Azərbaycan dövlətinin siyasətinə diqqətinin başqa bir təzahürü onun, dünyanın WIPOnet beynəlxalq müştərək kompüter şəbəkəsində iştirak edən ilk beş ölkəsi sırasına Azərbaycanı da daxil etməsi olmuşdur. Bu haqda qərar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi sayəsində qəbul edilmişdir. Həmin şəbəkə intellektual mülkiyyət sahəsində informasiya mübadiləsinin daha da sürətlə həyata keçirilməsi məqsədinə xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi dünyada bu şəbəkəyə qoşulan ilk müəlliflik hüququ idarəsidir, həmçinin ÜƏMT-in maliyyə vəsaiti hesabına burada xüsusi informasiya kompleksi qurulur və xüsusi rabitə kanallarının icarəsi təmin edilir.
Azərbaycan Respublikası Avropa Birliyinin «TACİS – İntellektual mülkiyyət» Proqramı üzrə əməkdaşlıq etdiyi dörd MDB dövlətindən biridir; həmin proqram çərçivəsində Strinq Komitəsinin və Müəlliflik Hüququ üzrə Piratçılıq Əleyhinə Komissiyanın bir neçə iclası keçirilmiş, həmçinin agentlik kompüter texnikası ilə təchiz olunmuş və yerli «Müəllif» hesablama şəbəkəsi yaradılmışdır. «TACİS – İntellektual mülkiyyət» Proqramı ilə birgə Mədəniyyət, Ədliyyə və İdman, Gənclər və Turizm nazirliklərinin audiovizual əsərlərin qorunması, müəllif hüquqlarının müdafiəsi məsələlərinə, gənclər və Müəllif hüquqları problemlərinə dair üç beynəlxalq və milli seminar-simpozium keçirilmiş, müxtəlif kateqoriyadan olan hüquq sahibləri üçün ondan çox görüş təşkil edilmişdir.
ÜƏMT-in və «TACİS – İntellektual mülkiyyət» Proqramının dəstəyilə agentliyin əməkdaşları ÜƏMT Akademiyasının sessiyalarında iştirak etmiş, Avropa ölkələrində təcrübə keçmiş, habelə hakimlərin, polislərin və gömrük işçilərinin yenidən hazırlanması həyata keçirilmişdir.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsinin ÜƏMT-in 2000-ci ilin dekabrında keçirilən ən yüksək forumunda – Diplomatik Konfransında iştirak etməsi və sədr müavini seçilməsi, habelə Azərbaycanın 2001-2003-cü illər üçün ÜƏMT-in əlaqələndirici ölkələr sırasına daxil edilməsi və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi nümayəndəsinin Bern İttifaqının sədr müavini seçilməsi Azərbaycanın nüfuzunun artdığını, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin daxili və xarici siyasətinin kursunun dəstəkləndiyini sübut edir. Diplomatik Konfransın keçirildiyi günlərdə ÜƏMT-in Baş direktoru cənab Kamal İdris Azərbaycan nümayəndəsini qəbul edərkən, gənc Azərbaycan dövlətinin uğurlarını xüsusilə vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin görkəmli rolunu qeyd etmişdir.

K.İmanov, 2005









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?